PDF Oxu

Siyasət

  • 382

Qanunvericilikdə mətbuatın rolu TƏHLİL

image

Hər il olduğu kimi, bu il də “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunacaq. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın imzalanması Prezident İlham Əliyevin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğının, jurnalistlərə hörmətinin, böyük dəyərinin nəticəsidir. Bu hal jurnalistlərin peşə fəaliyyətini daha səmərəli, keyfiyyətli və əzmlə həyata keçirməsinə stimul yaradır.

Təbii ki, hər bir azad, demokratik dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Beynəlxalq media ekspertləri tərəfindən o fikir vurğulanır ki, müasir dünyada azad medianın fəaliyyəti hər bir ölkənin səviyyəsini göstərir. Digər tərəfdən mətbuat ölkələrdə cəmiyyətlərin inkişafına, insanların ümumi dünyagörüşünün formalaşmasına təsir göstərir, qayğılarının işıqlandırılmasında, mövcud problemlərin qabardılaraq aradan qaldırılmasında mühüm rola malikdir.

Xəbərin hazırlanması qanunamüvafiq olmalıdır

Alqışlanan və dəyərləndirilən hal ondan ibarətdir ki, azad, demokratik dünyanın bir parçası olan Azərbaycanda müstəqil mətbuat formalaşıb. Səbəbi də dövlət tərəfindən medianın inkişafına hər tərəfli dəstəyin göstərilməsidir. Müxtəlif vaxtlarda jurnalistlərin sosial - məişət problemlərinin həlli, redaksiyaların maddi-texniki bazasının güclənməsi istiqamətində Prezident sərəncamları imzalanıb, müvafiq qanunlar qəbul edilib. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə görə, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

Bütün bunlar jurnalistlərin daha sərbəst və rahat şəkildə peşə fəaliyyətlərini davam etdirmələrinə imkanlar yaradıb. Düzdür, yaradılan şəraitdən bəzi şəxslər, qruplar istifadə etməyə çalışırlar. Əksər hallarda dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin təsiri altında olan media orqanları milli və dövlətçilik maraqlarına zidd olan, peşə fəaliyyətinin tələblərinə uyğun olmayan informasiyalar paylaşır, şərhlər və təhlillər yazırlar. Bu kimi yazılarla tanış olduqda, aydın şəkildə hiss olunur ki, məqalələr sifarişli yazılıb. Çünki xəbərin verilməsi, şərhlərin ifadə edilməsi birbaşa siyasi dairələrin dəfələrlə səsləndirdikləri və ya internet TV-lərdə açıqladıqları fikirlərlə uyğunluq təşkil edir. Dövlətimizin böyüklüyü və xeyirxahlığı bu məqamda da özünü göstərir. Yəni siyasiləşmiş jurnalistlərin yazdıqlarına, səsləndirdikləri şər və böhtanlara görə hansısa hüquqi addımlar atmır. Halbuki qanunvericiliklə dövlətin ali məqsədi həm də ondan ibarətdir ki, cəmiyyətdə çaşqınlığın yaradılmasının qarşısını almaqdır. Acınacaqlı hal ondan ibarətdir ki, peşələrinə xəyanət edən “jurnalist”lər var ki, onlar öyrəncəli olduqları sifarişli informasiya yayımını ümummilli proseslər zamanı da davam etdirirlər. Biz bu kimi xoşagəlməz halları, istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də Qarabağda aparılan antiterror əməliyyatları zamanı da müşahidə etdik.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına riayət olunmalıdır

Yalan məlumatların yayılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa ziddir və cinayət məsuliyyəti yaradır. 2022-ci il sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII Qurultayında bütün yeniliklərin və dəyişikliklərin təsdiq olunaraq qüvvəyə minən Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına görə, qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. Prinsipin 2.2 bəndinə görə, informasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Foto-simvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir.

Günümüzün reallığında elə təlimat alan jurnalistlər var ki, onlar yalan məlumatlarına həqiqət donu geyindirməyə çalışır, bəzən isə müəyyən şəxsləri, dövlət orqanlarını hələməkdən belə çəkinmirlər. Bu isə yenə də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları prinsipinə ziddir. Həmin Qaydaların 2.5. bəndinə görə jurnalist məlumatların və ya təsvirlərin əldə edilməsi məqsədi ilə hədələməyə, güc tətbiqinə və ya təhdidə yol verməməlidir.

44 günlük Vətən Müharibəsi zamanı və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları dövründə insanlıq əleyhinə cinayətlər törətmiş terrorçuların həbs edilməsinə görə bəzi siyasiləşmiş, xaricdən verilən təlimat əsasında fəaliyyətlərini quran jurnalistlər təxribat xarakterli yalan məlumatlar yaymaqla məşğul idilər. Bu isə Azərbaycan Respublikasının qanunvericiliyinin, eləcə də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının kobud şəkildə pozulmasıdır. Jurnalistlərinin Etik Davranış Qaydalarının 3.12. prinsipinə görə, jurnalist və redaksiya terror hadisəsini şişirdən, terrorçuların məqsədinə xidmət edə biləcək qorxu effekti yaradan, terroru təblig edən və terror hərəkətinə bəraət qazandıran reportajlar verməməlidir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd etmişdir ki, bəzi hallarda sosial şəbəkə istifadəçiləri tərəfindən qanun və ədalət prinsipinə söykənən bu cür tədbirlərə kölgə salmaq, Azərbaycan əsgərlərinin həyatı təhdidlə üzləşdiyi halda həmin təhdidlərə cavab olaraq hərbi əməliyyatların keçirilməsinə qarşı çıxmaq, yalan məlumat yaymaq, saxta və ya köhnə görüntülər paylaşmaq, heç bir əsas olmadan onları aktuallaşdırmaq cəhdləri müşahidə olunur. Təəssüflə qeyd edilməlidir ki, xoş niyyət daşımayan həmin cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələnir”.

İnformasiya əldə etmək ifadə azadlığının əsas hissəsini təşkil edir

Azərbaycan Respublikasının qanunvericiliyə görə, informasiya əldə etmək ifadə azadlığının əsas hissəsini təşkil edir. Fərdlərin ictimai bilgi sahibi olan qurumlardakı informasiyalara çatım haqqı var. BMT İHK dövlətlərin ictimai məzmunlu bilgiləri proaktiv (öz-özünə) açıqlamalı olmasını, bununla bağlı bilgilərə çatımı asanlaşdıran qanunvericilik yaratmalı olmasını xüsusi qeyd edir. İnformasiya əldə etmək hüququnun təmin edilməsi bütün ictimai funksiya daşıyan qurum və fərdləri əhatə edir. Bilgilərə çatım da məhdudiyyətlərə məruz qala bilər, ancaq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakta uyğun gəlməlidir. İfadə azadlığı hüququ ilə bağlı yuxarıda bəhs edilən təminatlar mediaya, jurnalistlərə münasibətdə təmin edilir. Beynəlxalq insan haqları qurumları, öz sənədlərində “qanunun aliliyinə söykənən dövlətlərdə medianın önəmli rolu”nu və demokratik cəmiyyətlərdə medianın açar rolunu dəfələrlə qeyd ediblər. Məsələn, BMT İHK qeyd edir ki, “İctimai və siyasi məsələlərlə bağlı informasiya və ideyaların vətəndaşlar arasında sərbəst yayılması həyati önəm daşıyır. Bu durumda ictimai məsələlərlə bağlı hər hansı senzura və ya məhdudiyyətlər olmadan məsələləri şərh edə bilən, ictimaiyyəti məlumatlandıran azad media vaz keçilməzdir. Həm də ictimaiyyətin medianın xəbərlərini əldə etmək haqqı var”.

İfadə azadlığı Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi ilə qorunur. Həmin maddəyə görə “hər bir şəxs fikir və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir; bu hüquqa maneəsiz olaraq əqidəyə malik olmaq və dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyaları istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir”. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsi bu hüququ daha geniş ifadə edir. Qeyd edilən sənədlər bütün dövlətlərin üzərinə bu hüququ qarantiya altına almaq öhdəliyi qoyur. Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığı hüququnu daha əvvəldə qeyd etdiyimiz sənədlərdə olduğu kimi qoruma altına alır və Avropa Şurası məkanına daxil olan ölkələr bu qarantiyaları təmin etmək öhdəliyi daşıyırlar. İfadə azadlığı hüququ təməl hüquq olsa da, mütləq deyil. Dövlətlər bu hüquqa legitim əsaslarla məhdudiyyətlər gətirə bilərlər. İctimai sağlamlıq da həmin legitim əsaslardan biri ola bilər. Ancaq BMT-nin yazının əvvəlində qeyd edilən 2 sənədi şərh etməklə vəzifələndirilmiş İnsan Haqları Komitəsi (BMT İHK) qeyd edir ki, bu məhdudiyyətlər istisna hallarda, 3 mərhələli testdən keçirilməklə tətbiq oluna bilər. Təbiq edilən məhdudiyyətlər mütləq bu xüsusiyyətlərə sahib olmalıdır: 1) Qanunda nəzərdə tutulmalıdır. Burda qanun deyərkən, parlamentin qəbul etdiyi akt nəzərdə tutulur; 2) Qanuni bir məqsədə çatmağı hədəfləməlidir. Məhdudiyyətin məqsədi başqa şəxslərin hüquqlarına hörmət, milli təhlükəsizlik, ictimai düzən, sağlamalıq və ya əxlaqı qorumaq olmalıdır; 3) Gərəkli və adekvat olmalıdır.

İnformasiyanın yayılması təxribatlara və cəmiyyətlərdə çaşqınlıq yaradılmasına yönəlməməlidir

Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdaş olduğu beynəlxalq qanunlara görə hər bir vətəndaş informasiya almaq və onu yaymaq azadlıqlarına malikdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, “hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir”. Lakin informasiyanın yayılması təxribatlara və cəmiyyətlərdə çaşqınlıq yaradılmasına yönəlməməlidir. Yuxarıda qeyd etdiyim kimi, bəzi siyasiləşmiş, xüsusilə də dağıdıcı müxalifət partiyalarından təlimat alan və xarici maraqlı dairələr tərəfindən maliyyələşən saytlar və intenet tv-lər kor-koranə addımlar atır və fəaliyyətlərini daha çox onlara təqdim edilən tezislər üzərində qururlar. Belələri sırasında “AbzasMedia”, “Fakt Yoxla”, “lll Respublika Platforması”, “Toplum” TV, “Meydan”TV kimi media qurumlarını misal olaraq göstərmək olar. Sözügedən media orqanları sifarişlər əsasında ölkəmizin əldə etdiyi uğurları, qələbələri gözdən salmağa çalışıblar. Qarşılığında xarici ölkələrin müəyyən dairələrindən qrantlar alıblar. Təbii ki, Azərbaycan qanunvericiliyinə görə qanundankənar məqsədlərinin icrası üçün pul almaq cinayət hesab olunur. Bu səbəbdən də haqlı olaraq Azərbaycan hüquq-mühafizə orqanları sözügedən media qurumlarını ifşa etdi və onların bəzi əməkdaşlarının həbsinə nail oldu. “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda “Meydan” TV-nin əmıəkdaşları Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova (Tapdıq) cinayət məsuliyyətinə cəlb edilib. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Aysel Umudova, Aytac Əhmədova, Aynur Elgünəş, Natiq Cavadlı, Ülvi Tahirov, Ramin Deko və Xəyalə Ağayeva barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əsaslı olaraq qanuna zidd fəaliyyətləri hüquq-mühafizə orqanları tərəfindən sübuta yetirldiyindən “AbzasMedia”, “Fakt Yoxla”, “lll Respublika Platforması” və “Toplum” TV-nin bəzi əməkdaşları da həbs olunublar. Bu da haqlı olaraq cəmiyyətdə müsbət qarşılanır. Çünki qanunazidd fəaliyyət yol tutmaq cəmiyyətə və dövlətə meydan oxumaq deməkdir. Belələrinə qarşı hüquqi addımların atılması ədalətin bərpa edilməsidir.

İLHAM ƏLİYEV

Digər xəbərlər