Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileylərini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Nizami Gəncəvi özündən sonra zəngin ədəbi irs qoymuşdur. Onun əsərləri oxucular tərəfindən sevilərək oxunur. Hər sözü bir xəzinə olan böyük Azərbaycan şairi, şərq ədəbiyyatında "Sözün Allahı " deyə adlandırılıbdır. Çünki, Nizami özündən əvvəl və sonra hər sözü birinici deyən mütəfəkkir idi. Özü də bunu belə ifadə etmişdir.
"Nizami hər sözü demiş birinci,
Dünyada qoymamış qalsın bir inci."
Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər Xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi Gözəl", "İskəndərnamə") ilə dünya ədəbiyyatına yeni bir poetik səs, nəfəs gətirmişdir. Onun bu əsərləri birlikdə "Xəmsə" adlandırılıbdır. Nizami dühasının böyüklüyü ondadır ki, mütəfəkkir şair xalqla hökmdar, fərdlə cəmiyyət arasındakı münasibətləri və bu münasibətlərin kölgəli cəhətlərini qorxmadan, cəsarətlə açıb göstərə bilmiş, onların səhvlərini, cinayətlərini üzlərinə deməkdən çəkinməmiş, ibrətləndirmək, qorxutmaq, öyrətmək, xəbərdarlıq etmək yolu ilə onları ədalətə, insanlığa, sülhə istiqamətləndirmişdir.
Nizami dünyaya, etik, estetik, bədii və fəlsəfi düşüncələri inkişaf etdirən töhfələr vermişdi. O, adət və ənənələr üzərində qələbə çalan, fədakar və öz mənafeyini güdməyən məhəbbəti yüksəldərək insan qəlbinin təmiz və yüksək cəhətlərini aliləşdirmək üçün cəsarətli idi.
Norveçli bir müəllim Ragnhild Thori "Mən ilk dəfə onun böyük məhəbbət dramı olan "Leyli və Məcnun" əsəri ilə tanış olanda şairin XII əsrdə doğulduğunu unutmuş və düşünmüşdüm ki, o bu ideyanı Şekspirin "Romeo və Cülyetta" əsərindən götürmüşdür. Lakin, bu əksinə idi." R. Thori yerli müəllim ilə birlikdə N. Gəncəvinin "Leyli və Məcnun" əsərini ingilis dilində nəşr ediblər. Daha sonra bu əsərin səhnə variantı işlənib hazırlanıb. Bu kitab ingilis , Azərbaycan, rus dillərində dünyaya təqdim olunub.
Nizami Gəncəvi gözəlliyə, əsilzadəliyə, müdrikliyə və ailə sədaqətinə həsr olunan əbədi himn yaratmışdır. O öz poemalarında müstəqilliyi, insan haqları və sevgi azadlığını nümayiş etdirən qadınların köləlikdən azad olunması ideyasını irəli sürmüşdür. O, göstərirdi ki, hər bir insan təkamül üçün böyük potensiala malik olan özünəməxsus bir dünyadır. Nizaminin əsərləri Dante, Petrarka, Şekspir, Puşkin və digərlərini ruhlandırmışdır.
Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya mədəniyyətinin qızıl fondunun ən parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur.
Böyük şairimizin "Leyli və Məcnun", "Yeddi Gözəl", "İskəndərnamə" kimi ölməz poemaları ABŞ Konqres kitabxanasında, "Sirlər Xəzinəsi", "Leyli və Məcnun" Britaniya Milli kitabxanasında, "Xosrov və Şirin ", "Leyli və Məcnun" Rusiya Milli kitabxanasında, "Xosrov və Şirin" poeması Almaniya Milli kitabxanasında, İsveç Milli kitabxanasında, Fransa Milli kitabxanasında, "İskəndərnamə" Yaponiya Milli kitabxanasında və bir çox dünya kitabxanalarında oxucuların sevimli kitabına çevrilmişdir. Fransız şərqşünası Bartelemi D' Erblo: "Bizim əsərlərdə (fransız ədəbiyyatında) öz əksini tapan bir neçə macəra Nizaminin "Yeddi Gözəl", "Xosrov və Şirin" əsərlərindən götürülmüşdür." demişdir.
Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır.
2013 –cü ildə Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi yaradılmışdır.
Kitabxanaların əsas məqsədi oxucuların milli zəmində və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasıdır. Böyüməkdə olan gənc nəslin əqli və ictimai inkişafında zahiri deyil, daxili gözəlliyini, mədəniyyətə, vətənə sevgi, əməyə, zəhmətə qadir olmağı, elmin bütün sahələrindən baş çıxarmağı bacara biləcək bir nəsil yetişdirmək, tərbiyə etməkdən ibarətdir.
Nizami Gəncəvi bizim milli- mənəvi dəyərimizdir. Hər yaş qrupunda olan oxucu dahi şairin şeirlərini, əsərlərini bilməlidir. Bununla bağlı məktəbimizdə :
" Şəhanə tərbiyə, hünər , nəzakət
Ağıla nur verir, ürəyə qüvvət.
Hər əqlə sığınan hünər, bilikdən
Bir məna çıxarır, mənanı bilən "
adlı Nizami Gəncəvi tədbiri keçirildi. Həmin tədbirdə şagirdlərimiz şairin ölməz əsərlərindən səhnəciklər təqdim edib, şeirlər söylədilər. Məqsədimiz gənc nəsil, məktəb yaşlı oxucularda mütaliəyə olan marağın artmasıdır. Biz də çalışırıq ki, şagirdlərimizin hər biri bu böyük dühanın əsərlərini sevə- sevə oxusun və öz həmyaşıdlarına da məsləhət görsünlər.Nizami Gəncəvi şeiri əlçatmaz yüksəkliyə qaldırmışdır.Hamılıqla bu yüksəkliyi qoruyub saxlamaq borcumuzdur.
Misilsiz söz sənəti yaradan dahi şairin böyük şəxsiyyət olduğunu bir daha bu misralardan görmək olur.
Özün tək diri bil məni cahanda,
Mən də canlanaram, sən canlananda.
Nigar Hacıyeva