"Azərbaycanın Mərkəzi Asiya siyasəti son illərdə həm məzmun, həm dinamika, həm də strateji baxımdan yeni mərhələyə daxil olub və bu mərhələnin əsas prioritetləri sabit, realist və davamlı əməkdaşlıq xəttini formalaşdırır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, Azərbaycanın birinci prioriteti nəqliyyat-kommunikasiya dəhlizlərinin şaxələndirilməsi və Orta Dəhlizin bərqərar edilməsidir ki, bu xətt Bakı üçün həm geoiqtisadi qazanc, həm də geosiyasi mövqe üstünlüyü yaradır:"İkinci prioritet enerji təhlükəsizliyi sahəsində uzunmüddətli tərəfdaşlıqdır, çünki Mərkəzi Asiya ölkələri Azərbaycanın enerji infrastrukturu və ixrac imkanlarını tamamlayan strateji oyunçulardır. Üçüncü prioritet siyasi dialoqun institusional səviyyədə gücləndirilməsidir; Bakı region ölkələri ilə münasibətlərini qısamüddətli jestlər üzərində deyil, sabit formatlar üzərində qurur. Dördüncü istiqamət isə humanitar və təhsil əlaqələrinin genişləndirilməsidir ki, bu da gələcək siyasi-sosial sinxronluğu təmin edir.Bu prioritetlər regionda əməkdaşlığı daha dərin və dayanıqlı müstəviyə keçirir, çünki Azərbaycan həm qarşılıqlı etimadı artırır, həm də Mərkəzi Asiya dövlətlərinə praktiki fayda verən real layihələr təklif edir. Bakı “mən mərkəzdəyəm” iddiası ilə deyil, “gəlin birlikdə qazanaq” yanaşması ilə çıxış edir ki, bu da Mərkəzi Asiya paytaxtlarında qəbul olunan siyasi üslubdur.Azərbaycanın regional formatlarda tamhüquqlu iştirakı təhlükəsizlik arxitekturasına da mühüm təsir göstərə bilər. İlk növbədə Bakı regionda balans yaradan aktora çevrilir və bu balans həm Rusiya, həm Çin, həm də Qərbin təsir dairələri arasında daha sabit koordinasiya imkanı yaradır. İkinci təsir Azərbaycanın antiterror, sərhəd təhlükəsizliyi və tranzit infrastrukturunun qorunması üzrə təcrübəsinin Mərkəzi Asiya ölkələri üçün real dəyərə çevrilməsidir. Üçüncü təsir regional risklərin kollektiv şəkildə idarə olunmasıdır; Azərbaycan münaqişələrin diplomatik həllini prioritetləşdirən xətti ilə burada yeni siyasi mədəniyyət formalaşdırır. Nəticə etibarilə Azərbaycanın Mərkəzi Asiya platformalarında daha fəal iştirakı həm əməkdaşlığı dərinləşdirir, həm təhlükəsizlik mexanizmlərini möhkəmləndirir, həm də regionun öz daxili gücünə arxalanma imkanlarını artırır".
Müəllif: Arzu Qurbanlı