"Mərkəzi Asiya platformasında səsləndirilən fikirlər bir daha göstərdi ki, Zəngəzur dəhlizi təkcə regional nəqliyyat layihəsi deyil, geniş geosiyasi məna kəsb edən strateji xəttdir. Zəngəzur dəhlizi Türk dünyasının inteqrasiyasını, Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarını və bütövlükdə regionun iqtisadi təhlükəsizliyini təmin edən mühüm prosesdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.Onun sözlərinə görə, möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində Zəngəzur dəhlizi bu gün regional gündəliyin aparıcı məsələlərindən birinə çevrilib. Avqustun 8 - də keçirilən Vaşinqton görüşündən sonra artıq layihənin beynəlxalq miqyası öz təsdiqini tapdı. Yəni, müsbət tendensiyalar ticarət imkanlarını genişləndirməklə bərabər yeni investisiya mühitinin formalaşmasını şərtləndirir.Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni mərhələyə keçidini təmin edir, Türk Dövlətləri Təşkilatı məkanında iqtisadi-siyasi birliyin möhkəmlənməsinə xidmət edir.Bu dəhlizin reallaşması nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsinə, enerji və ticarət axınlarının sürətlənməsinə, Azərbaycanın tranzit mərkəzi rolunun güclənməsinə,Türk dünyasını birləşdirən vahid strateji xəttin formalaşmasına, regionda sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək.Möhtərəm cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu dəhliz tarixin diktə etdiyi zərurətdir və regionda yeni geosiyasi reallığın əsas sütunlarından biridir. Azərbaycan bu proseslərin mərkəzində dayanaraq həm öz milli maraqlarını qoruyur, həm də bütün region üçün yeni əməkdaşlıq mühiti formalaşdırır. Zəngəzur dəhlizi Azərbaycanın strateji gücünün, iqtisadi imkanlarının və siyasi liderliyinin bariz təcəssümüdür".
Müəllif: Günel Fərzəliyeva