PDF Oxu

Siyasət

  • 439

Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir

image

Məlum olduğu kimi, Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində körpü rolunu oynayır. Bu ölkə rəsmi Bakının Brüsselə uzanan yolunda etibarlı tərəfdaş, dəstəkləyici səs və anlayışlı müttəfiq kimi çıxış edir. Enerji sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında Macarıstanın fəal iştirakı bizim enerji təhlükəsizliyi gündəliyimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Eyni zamanda təhlükəsizlik sahəsində də əməkdaşlıq dinamik inkişaf edir. Qlobal təhdidlər və regional çağırışlar fonunda Azərbaycanın və Macarıstanın ortaq maraqlara əsaslanan əməkdaşlığı sülhə və sabitliyə xidmət edir. Bu əməkdaşlıqda ikitərəfli təşəbbüslər qədər çoxtərəfli platformalarda qarşılıqlı dəstək də mühüm yer tutur. Xüsusi vurğulanmalıdır ki, Azərbaycanla Macarıstan arasında münasibətlərin bünövrəsində tarixə, mədəniyyətə və humanist dəyərlərə hörmət dayanır. Bu münasibətlər bu gün xalqlar arasında artan qarşılıqlı simpatiya və hörmətlə möhkəmlənir. Şübhəsiz, Macarıstanın Azərbaycanın müstəqil siyasətinə verdiyi dəstək, ölkəmizə göstərdiyi dost münasibət və tərəfdaşlıq niyyəti gələcəkdə daha genişmiqyaslı layihələrin başlanğıc nöqtəsi olacaq. Yeri gəlmişkən, dövlətlərarası əlaqələrin inkişafında liderlərin şəxsi münasibətləri bəzən diplomatik protokolların da fövqündə dayanır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad bu gün iki ölkənin strateji tərəfdaşlığının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu dostluq təkcə sözlərlə deyil, real səfərlər və konkret nəticələrlə təsdiqlənir. Son illər Azərbaycan və Macarıstan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq ruhunun canlı təzahürüdür. Prezident İlham Əliyevin 2023-cü ilin yanvar ayında Macarıstana etdiyi rəsmi səfər münasibətlərin strateji müstəviyə keçidini təsdiqlədi. Həmin ilin avqust ayında baş tutan işgüzar səfər isə bu münasibətlərin artıq gündəlik əməkdaşlıq formatına keçdiyini göstərdi. Macarıstanın Baş naziri Viktor Orban da Azərbaycanın strateji əhəmiyyətini və Prezident İlham Əliyevlə qurduğu şəffaf siyasi dialoqu yüksək dəyərləndirdi. Onun 2023-cü ilin noyabrında, eləcə də 2024-cü ilin iyul və noyabr aylarında Azərbaycana etdiyi işgüzar səfərlər bunu bir daha nümayiş etdirdi. Bu görüşlər təkcə əməkdaşlıq sənədlərinin imzalanması ilə yadda qalmadı, həm də iki liderin bölgə və dünya siyasəti ilə bağlı ortaq baxışlarını ortaya qoydu. Bir məqamı qeyd etmək yerinə düşər ki, Bakıda keçirilən COP29 zamanı Azərbaycan ilə "xüsusi münasibətlər" nəzərə alınaraq Macarıstan ölkə prezidenti səviyyəsində deyil, istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub. Azərbaycan ilə Macarıstan arasında liderlərin təmasları artıq bir ənənəyə çevrilib. Bu ənənə iki ölkə arasında münasibətlərin gələcəyinə etibarlı zəmin yaradır, qarşılıqlı anlaşma və əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirir. Liderlərin iradəsi və şəxsi dostluğu sayəsində Azərbaycan-Macarıstan münasibətləri təkcə bu günün deyil, sabahın da uğur formulu kimi dəyərləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirildi. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdilər. Macarıstanın Baş naziri Viktor Orban öz çıxışında Azərbaycanla əlaqələri olduqca yüksək qiymətləndirərək əsl birlik mesajı verdi. Macarıstan lideri qeyd etdi ki, dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur. Məhz cənab İlham Əliyev də dost və qardaş ölkə ilə əlaqələri yüksək qiymətləndirərək bildirdi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Ümumiyyətlə, Azərbaycan ilə Macarıstan arasında münasibətlərin köklü şəkildə möhkəmlənməsində mühüm dönüş nöqtələrindən biri 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə olub. Bu sənəd iki dövlət arasında qarşılıqlı hörmətə, siyasi iradəyə və ortaq maraqlara əsaslanan yeni münasibət xəritəsinin əsasını qoyub. Tərəfdaşlıq rəsmi sənəddən diplomatik reallığa çevrilib, əməkdaşlıq isə konkret layihələrlə müşayiət olunmağa başlayıb. Aradan keçən illər bu əlaqələrin nə qədər dayanıqlı və inkişafedici olduğunu sübut edir. Bununla yanaşı, 2023-cü ilin yanvar ayında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə isə bu münasibətlərin daha yüksək mərhələyə qalxdığını təsdiqlədi. Bu sənəd iki ölkənin gələcəyə dair ortaq baxışlarını, enerji, iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və innovasiya kimi sahələrdə əməkdaşlığın yeni üfüqlərini əhatə edən kompleks bir yol xəritəsidir. Bəyannamə yalnız ikitərəfli münasibətləri gücləndirməklə kifayətlənmir, eyni zamanda regional və beynəlxalq miqyasda əməkdaşlıq imkanlarını genişləndirməyə yönələn vizyoner yanaşmanı ehtiva edir.

İki ölkə arasında xüsusilə enerji sahəsində müsbət dinamika mövcuddur. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatlarla çıxış zamanı bildirdi ki, biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq: "Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür". Bununla yanaşı, "Cənub Qaz Dəhlizi" (CQD) layihəsi çərçivəsində Macarıstanın olduqca müsbət təşəbbüsləri təqdirəlayiqdir. Bununla yanaşı, Macarıstanın tanınmış "MOL" şirkətlər qrupunun "Azəri-Çıraq-Günəşli" yatağında 9.57 faiz və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində 8.9 faiz paya sahib olması Azərbaycanın zəngin təbii ehtiyatlarına inamın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Bu addımlar iqtisadi maraqları, həm də Avrasiyanın enerji xəritəsində Bakı ilə Budapeştin çiyin-çiyinə dayandığını sübut edir. Möhkəm əlaqələrə əyani misal olaraq 2023-cü il yanvarın 30-da Budapeştdə imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu xüsusi vurğulamaq lazımdır. Bu sənəd iki dövlətin enerji sahəsində daha irimiqyaslı layihələrə imza atmaq niyyətini rəsmi şəkildə təsdiqlədi. Ümumiyyətlə, Avropada Azərbaycan qazına olan əsas tələbin əyani nümunələrindən biri kimi ölkəmizin təşəbbüsü ilə formalaşan və regional enerji inteqrasiyasında əhəmiyyətli rol oynayan "Həmrəylik Halqası" çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada SOCAR ilə Bolqarıstanın "Bulgartransgaz", Rumıniyanın "Transgaz", Macarıstanın FGSZ və Slovakiyanın "Eustream" şirkətləri arasında imzalanan Anlaşma Memorandumu Cənub Qaz Dəhlizinin davamı olan yeni enerji dəhlizlərinin xəritəsini cızdı. Bu sənəd Azərbaycanın enerji ixrac strategiyasının artıq regional çərçivəni aşaraq pan-Avropa səviyyəsinə yüksəldiyini göstərir. Yeni dövrün və zamanın tələbinə uyğun olaraq da enerji sahəsində baş verən yeniliklərə paralel Macarıstan hökumətinin "yaşıl enerji" sahəsində təşəbbüslərə verdiyi dəstək isə xüsusi qeyd olunmalıdır. 2022-ci ildə imzalanan və 2023-cü ildə icrasına start verilən "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" bu sahədə yeni üfüqlər açır.

İqtisadi sahədə də iki ölkə arasında önəmli əlaqələr mövcuddur. Belə ki, 2024-cü ilin sonuna olan statistik rəqəmlər bu sahədəki inkişafın parlaq sübutudur. Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsində tam 29 faiz artım qeydə alınıb. Bu, Azərbaycan məhsullarının Avropa bazarında daha geniş yer tutduğunun və Macarıstanla ticarət körpüsünün möhkəmlənməsinin rəmzidir. Əməkdaşlıq təkcə ticarətlə də məhdudlaşmır. 2023-cü ildə Macarıstandan Azərbaycana yönələn birbaşa xarici investisiyalar 1 milyard 18 milyon ABŞ dollarına çatıb. Bu, Macarıstanın Azərbaycan iqtisadiyyatına olan dərin marağını, eyni zamanda ölkəmizin sabitliyinə, dayanıqlı inkişafına və investisiya mühitinin cəlbediciliyinə verilən yüksək qiymətdir. Azərbaycanlı investorlar da həmçinin Macarıstanda aktiv iştirakçıdır. Onlar bu ölkənin kənd təsərrüfatı, nəqliyyat və digər vacib sektorlarına yatırımlar etməklə iqtisadi tərəfdaşlığı daha da gücləndirirlər. Bu qarşılıqlı sərmayələr iki ölkənin iqtisadiyyatlarını bir-birinə daha sıx şəkildə bağlayır, strateji dostluğun konkret nəticələrini meydana çıxarır.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Digər xəbərlər