Prezident İlham Əliyev: "Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq"
Türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz mövcud münasibətlərin əsasını təşkil edir. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha güclənib və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Yeni bir dövrə qədəm qoyan Azərbaycan beynəlxalq təşkilatlarla, eləcə də, Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlığa malikdir. Bildiyimiz kimi, ötən ilin iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar Astanada TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilmişdir. "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə baş tutmuşdu. Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının yekunları üzrə qəbul edilən Qarabağ Bəyannaməsi türk dövlətləri arasında gələcək əməkdaşlığın yol xəritəsi oldu.
Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyəti danılmazdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüş Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürüdür.
Bəyannamədə qeyd olunduğu kimi, Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edir.
Cari ilin 21 may tarixində isə Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. "Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.
Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Naxçıvan Sazişinə əsasən, müəyyən edilmiş əsas fəaliyyət məqsədləri və vəzifələri, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi və s. məsələlərə önəm verilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti dövründə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edib. Əlbəttə ki, Türk Şurasının yaradılmasına dair qərarın, Naxçıvanda keçirilən Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün rəmzi əhəmiyyət daşıyır. Naxçıvan sazişi ilə türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradılmışdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul olunan tarixi qərarlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar oldu.
"XƏZƏR DƏNİZİNDƏ 50-DƏN ÇOX TİCARƏT GƏMİSİ OLAN AZƏRBAYCAN TÜRK DÖVLƏTLƏRİ ÜÇÜN ÖNƏMLİ TRANZİT XİDMƏTLƏRİ GÖSTƏRİR"
Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi tarixi əhəmiyyət baxımından diqqəti çəkəndir. Son illər Azərbaycanın Türk dünyası ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir, əməkdaşlığı isə genişlənərək demək olar ki, bütün sahələri əhatələyir. Belə bir tədbirin keçirilməsi Türk dövlətləri arasında əlaqələrin intensiv xarakter aldığını və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdiriyinin daha bir göstəricisidir. XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsi istiqamətində ardıcıl işlər görülür. Bu görüşün təşkili türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.
TDT - in siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. "Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir", - deyə Azərbaycan Prezidenti çıxışında bildirib.
Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılıq daha da inkişaf etdirilib. "Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır", - deyən Prezident bildirib ki, Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk: "Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq".
Dövlət başçımız çıxışında onu da bildirib ki, Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir: "Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir. Hörmətli həmkarlar, bildiyiniz kimi, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq.Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir.
Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi".
COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalandığını da diqqətə çəkən Azərbaycan Prezidenti bildirib ki, bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.
TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.
Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir məkana çevirir. Tamamilə yeni bir dövr yaşanılır və bu torpaqların əzəli sakinlərinin işğaldan azad edilmiş torpaqlara mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Bildiyimiz kimi, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər.
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI TƏRƏFİNDƏN İMZALANAN BƏYANNAMƏ
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir. Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.
Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər "Türk Dünyası Xartiyası"nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.
BİRGƏ SƏYLƏRİ DAVAM ETDİRMƏYƏ SADİQLİK
Qırğız Respublikasının sədrliyinin və Macarıstanın TDT-yə üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə olan əzminin yüksək qiymətləndirildiyi Bəyannamədə müşahidəçi ölkə Macarıstan tərəfindən ilk dəfə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünə verilən böyük dəyər xüsusi vurğulanır.
Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayırlar. Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilir.
Bəyannamədə təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər. Bu kontekstdə Suriyanın ərazi bütövlüyü və birliyi əsasında təhlükəsizliyin və sabitliyin bərqərar olması, ona qarşı sanksiyaların aradan qaldırılması istiqamətində Türkiyənin konstruktiv rolu yüksək qiymətləndirilir.
Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur.
Region boyu yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyi qeyd edilir, yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə layihələrin həyata keçirilməsində irəliləyiş, Təşkilatın üzv dövlətlərinin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi alqışlanır.
Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur, o cümlədən Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və ECOSOC-un 2028-2030-cu illər üçün üzvlüyünə namizədliyi dəstəklənir.
Üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacib elementi kimi gənclərlə bağlı məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və strukturlaşdırılması əsas məsələlr sırasındadır.
Vurğulayaq ki, Bəyannamə Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanıb. Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Azərbaycan Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına böyük və davamlı töhfə verərək, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderlik nümayiş etdirib.
Zümrüd BAYRAMOVA