Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatlarla çıxışı zamanı hər iki liderin qarşılıqlı səfərlərinin , aralarında olan təmasların müntəzəm xarakter daşıdığını və Azərbaycan-Macarıstan əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.
Azərbaycan və Macarıstanın dost, strateji tərəfdaş ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, danışıqlar vəməhdud tərkibdə keçirilmiş görüş zamanı bir çox məsələlər üzrə mövqeyimizin üst-üstə düşdüyünü gördük. Prezident İlham Əliyev iki ölkə arasında bir çox oxşarlıqların möcudluğunu, macar xalqının öz tarixi köklərinə çox bağlı olduğunu söyləyib.
Prezident İlham Əliyev bəyanatında Azərbaycanın dörd il yarım əvvəl müharibə aparan ölkə olduğunu, öz ərazisində müharibə apardığını, Ermənistanın 30 illik işğalına son qoyduğunu vurğulayıb. Ölkə başçısı əlavə edib ki, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Azərbaycan ordusunun hər gün irəliyə getdiyini, bir addım geri atmadığını, ordumuzda bir dənə də olsun fərari olmadığını, Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olduğunu diqqətə çatdırıb.
Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldığını bildirib və qeyd edib ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.
Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan sülh prosesinə də toxunub. Dövlətimzin başçısı sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarının da, sülh müqaviləsinin mətninin müəllifinin də Azərbaycan olduğunu , məhz bu mətnin bu gün Ermənistan tərəfindən müəyyən düzəlişlərlə qəbul edildiyini bildirib.
Sülh müqaviləsinin bağlanmasına münasibət bildirən cənab Prezident , burada iki əsas şərt olduğunu söyləyib. “Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”- deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev bəyanatında iki ölkənin energetika sahəsində uğurlu əməkdaşlıq etdiyini , Macarıstan şirkətlərinin Azərbaycanın əsas iki neft və qaz layihəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibi olduqlarını, gələn ilin əvvəlində növbəti kontraktın imzalanacağını bildirib.
Dövlətimizin başçısı Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini, onlardan 10-u Avropa , 8-i isə Avropa İttifaqı üzvü olan ölkələr olduğunu diqqətə çatdırıb. Avropa Komissiyasının Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıdığını vurğulayıb.
“Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır”-deyən Prezident İlham Əliyev Azərbaycanın növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyini bildirib.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri