PDF Oxu

Siyasət

  • 1 061

Azərbaycan türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynayır

image

Dövlət başçısı İlham Əliyev 21 may 2025-ci il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunmuş və bu görüşün ölkəmiz üçün əlamətdar olduğunu bildirmişdir.

Təsadüfi deyil ki, hələ ötən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü bu il Budapeşt şəhərində təşkil edilmişdir. Ümumiyyətlə, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır, eləcə də müstəqil siyasət aparan və beynəlxalq nüfuza malik olan bir ölkədir.
Bu il Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək Azərbaycan təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. 2025-ci il həm də Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulmuşdur.
Hər il təşkil edilən bu Zirvə görüşləri əbəs yerə keçirilmir. Belə ki, bu görüşlər Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı daha da güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir
Ölkəmiz əksər qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşdur. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan Xəzər dənizi vasitəsilə türk dövlətləri üçün mühüm tranzit xidmətləri göstərir. Bundan başqa Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və 9-cu hava limanının da yaxın zamanlarda istifadəyə veriləcəyi planlaşdırılır. Bu hava limanından 3-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə yerləşir.
Prezident İlham Əliyev çıxışı zamanı, həmçinin bildirmişdir ki, ötən ilin noyabr ayında 200-ə yaxın ölkənin anonim səsverməsi yolu ilə dünya əhəmiyyətli beynəlxalq tədbirlərdən olan COP29 tədbirinə Azərbaycan ev sahibliyi etmişdir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadından irəli gəlirdi. Tədbirin təşkili üçün qısa müddətin olmasına baxmayaraq, COP29 Azərbaycanda olduqca yüksək səviyyədə və qüsursuz təşkil edildi, Azərbaycan bu böyük məsuliyyətin öhdəsindən layiqincə gəldi. Azərbaycan həm də COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu və Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Ölkəmizin əsas uğurlarından biri bu Konfrans nəticəsində inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmanın əldə edilməsidir. Həmçinin Azərbaycan 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail oldu, eləcə də İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.
Təkcə sadalanan nailiyyətlər deyil, həm də COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması da ölkəmizin və dövlət başçımızın uğurlu siyasi addımlarındandır. Bütün bu uğurlu addımların nəticəsi olaraq, Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatına bu sahədə böyük töhfə verən əsas tərəfdaşdır.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Digər xəbərlər