PDF Oxu

Siyasət

  • 1 282

Milli Qurtuluş Günü - müasir dövlətçilik tariximizin şanlı salnaməsi ŞƏRH

image

Tarixdə elə taleyüklü məqamlar olur ki, xalqın və dövlətin gələcəyini müəyyən edir, sabitlik və tərəqqi yolunda əsaslı dönüş yaradır. Azərbaycan üçün belə mühüm mərhələlərdən biri 1993-cü ilin iyun ayında baş verdi. O illərdə ölkə ağır siyasi böhranla üz-üzə qalmış, vətəndaş qarşıdurmaları, separatçılıq meyilləri, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü cəmiyyətdə dərin təşviş və ümidsizlik yaratmışdı. Dövlət institutları zəifləmiş, idarəetmədə xaos və özbaşınalıq hökm sürürdü. Belə bir həssas və təhlükəli şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin xilasına yönəlmiş qətiyyətli addım idi. 1993-cü il iyunun 15-də Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkədə yeni dövr başlandı. 15 İyun - Milli Qurtuluş Günü məhz bu xilaskarlıq missiyasının, milli həmrəylik və güclü iradənin rəmzinə çevrildi.

Ümummilli Lider Heydər Əliyev Qarabağ münaqişəsində atəşkəsin əldə olunmasını həm ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də regionda sülh və sabitliyin bərqərar olması baxımından mühüm strateji addım kimi dəyərləndirdi. 1994-cü il mayın 12-də Ermənistanla imzalanan atəşkəs sazişi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu sənəd təkcə döyüşlərin dayandırılmasına deyil, həm də ordu quruculuğuna və iqtisadi sabitliyin bərpasına şərait yaratdı.

Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının taleyini kökündən dəyişən sənəd oldu. Heydər Əliyev bu razılaşma ilə Azərbaycanı regional enerji mərkəzinə çevirməklə yanaşı, ölkənin siyasi və iqtisadi müstəqilliyinə real təminat yaratdı. Neftdən əldə olunan gəlirlər yalnız büdcəni doldurmaq üçün vasitə deyil, eyni zamanda infrastrukturun yenilənməsi, ordu quruculuğu və sosial layihələrin maliyyələşdirilməsi üçün əsas resurs mənbəyinə çevrildi. Bundan əlavə, həmin müqavilə Azərbaycanın beynəlxalq əməkdaşlıq platformasına inteqrasiyasını sürətləndirdi, ölkənin qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi qəbul olunmasına səbəb oldu.

Müstəqilliyin ilk illərində Azərbaycan Ordusunun döyüş hazırlığı zəif, təşkilati strukturu isə pərakəndə vəziyyətdə idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müasir tələblərə cavab verən, nizami və çevik silahlı qüvvələrin formalaşdırılmasına sistemli şəkildə başlanıldı. Ordunun strukturlaşdırılması, vahid komandanlıq sisteminin yaradılması və kadrların peşə hazırlığının artırılması ilə silahlı qüvvələrin döyüş qabiliyyəti əsaslı şəkildə gücləndirildi. Xaricdə təhsil alan zabitlərin sayının artırılması və hərbi texnika ilə təminatın yaxşılaşdırılması bu prosesi sürətləndirdi. Ordu artıq yalnız müdafiə funksiyasını deyil, eyni zamanda dövlətçiliyin əsas dayaqlarından birini təşkil edirdi. Bu təməllər sonradan tarixi Zəfərlə başa çatan Vətən müharibəsində həlledici rol oynadı.

Ulu Öndərin gərgin səyləri sayəsində 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin idarəçiliyində yeni hüquqi-siyasi mərhələnin əsasını qoydu. Bu sənəd demokratik dövlət quruculuğunun hüquqi bazasını təşkil etməklə yanaşı, insan hüquq və azadlıqlarını, siyasi plüralizmi, bazar iqtisadiyyatına əsaslanan idarəetmə modelini təsbit etdi.

Konstitusiyanın qəbulu həm də dövlət hakimiyyətinin bölünməsi prinsipini təsdiqlədi, icra, qanunverici və məhkəmə hakimiyyəti arasında qarşılıqlı balans və nəzarət mexanizmləri formalaşdırıldı. Bu amillər dövlət institutlarının daha effektiv işləməsinə və hüquqi sabitliyin möhkəmləndirilməsinə imkan verdi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşdırılan nəqliyyat dəhlizləri Azərbaycanın geostrateji mövqeyini gücləndirməklə yanaşı, regionda yeni iqtisadi və logistik reallıqların formalaşmasına təkan verdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkə mühüm tranzit mərkəzinə çevrildi və bu istiqamətdə həyata keçirilən layihələr həm milli, həm də beynəlxalq əhəmiyyət daşıyırdı. Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri kimi təşəbbüslər məhz Ümummilli Liderin müəyyən etdiyi strateji xəttin davamı olaraq reallaşdı.

Görkəmli dövlət xadimi Heydər Əliyev sosial siyasəti dövlət sabitliyinin qorunması və cəmiyyətdə ictimai həmrəyliyin təmin olunmasının əsas vasitələrindən biri kimi qiymətləndirirdi. Ölkədə mövcud olan ağır sosial-iqtisadi şəraitin aradan qaldırılması məqsədilə sistemli və ardıcıl tədbirlər həyata keçirildi. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün onlarla yeni yaşayış məntəqəsi salındı, bu kateqoriyaya aid vətəndaşlara dövlət büdcəsindən xüsusi sosial yardımlar ayrıldı. Əməkhaqqı və pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar aparıldı, minimum əməkhaqqı mərhələli şəkildə artırıldı. Sosial müdafiə mexanizmlərinin gücləndirilməsi nəticəsində cəmiyyətin dövlətə inamı artdı, sosial sabitlik və ümumi rifah səviyyəsi yüksəldi.

Heydər Əliyev təhsili milli tərəqqinin əsas şərti kimi dəyərləndirir, elm və maarifin inkişafını strateji məsələ hesab edirdi. “Təhsil millətin gələcəyidir” fikrini rəhbər tutaraq Ümummilli Lider bu sahədə dərin islahatlara start verdi. Yeni təhsil müəssisələrinin açılması, dərsliklərin yenilənməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi və xaricdə təhsil imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasında idi. Eyni zamanda, ali məktəblərlə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təhsilin dünya standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bu siyasət gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişməsinə geniş imkanlar yaratdı.

Ulu Öndər Heydər Əliyev səhiyyəni xalqın rifahının və dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edirdi. Onun təşəbbüsü ilə səhiyyə sisteminin normativ-hüquqi bazası yeniləndi, tibbi xidmətlərin keyfiyyəti yüksəldildi, regionlarda yeni xəstəxanalar, poliklinikalar və diaqnostika mərkəzləri istifadəyə verildi.

Heydər Əliyev gəncləri cəmiyyətin əsas aparıcı qüvvəsi kimi dəyərləndirir, onların milli ruhda yetişməsi və dövlət quruculuğunda fəal iştirakını prioritet vəzifələrdən biri hesab edirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Gənclər Gününün təsis olunması və ilk Gənclər Forumu bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin göstəricisi idi.

Ümummilli Lider idmanı milli ruhun, vətənpərvərliyin və sağlam cəmiyyətin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirirdi. Onun rəhbərliyi ilə ölkədə idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Olimpiya hərəkatının gücləndirilməsi, idman infrastrukturunun yaradılması və regionlarda Olimpiya komplekslərinin inşası idmanın kütləviliyinə və beynəlxalq arenada uğurlu nəticələrin əldə olunmasına imkan yaratdı. 31 iyul 1997-ci il tarixində cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi bu sahəyə strateji yanaşmanın davamlılığını təmin etdi. Məhz bu siyasət nəticəsində Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməyə başladı.

Heydər Əliyevin xarici siyasət kursu milli maraqlara əsaslanan, beynəlxalq hüquq prinsipləri üzərində qurulmuş uzaqgörən və çevik strateji xətt idi. O, həm Qərb dövlətləri, həm də regional güclərlə balanslaşdırılmış münasibətlər formalaşdıraraq ölkənin xarici siyasət imkanlarını genişləndirdi. Bu mərhələdə ölkəmiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq qurumlarla fəal əməkdaşlıq kursu həyata keçirdi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycanın gələcəyini müəyyən edən strateji xəttə çevrildi. Prezident İlham Əliyev bu siyasəti uğurla və qətiyyətlə davam etdirərək ölkənin siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər qazanmasına zəmin yaratdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə məhz Ümummilli Liderin rəhbərliyi ilə 1993-cü ildən başlanan dövlət quruculuğu mərhələsinin məntiqi nəticəsi, uzaqgörən siyasətin parlaq təzahürü oldu. 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam şəkildə təmin edildi. Qurtuluşdan Zəfərə qədər uzanan mütərəqqi yol milli dövlətçilik ənənəsinin gücünü bir daha nümayiş etdirdi. Bu faktorlar gələcəyə istiqamətlənən müdrik siyasi iradənin təntənəsidir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Digər xəbərlər