Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Dahi Şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətndən bəhs edən “Milli Qurtuluşdan Böyük Zəfərə” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən danışıb, qazanılan uğurların Ümummilli Liderin siyasətinin bəhrəsi olduğunu deyib. O, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini qeyd edib.
Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”dən biri Munis Bayramov, Əməkdar jurnalist, yazıçı-publisist Etibar Babayev, Xalq rəssamı Arif Hüseynov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, şəhid Türkay Hüseynlinin atası, şair Nizami Hüseynli, RİH-in şöbə müdiri Həsrət Almasov, şəhid anası Rəqibə Seyidova, ABŞ Psixoloqlar Assosiasiyasının üzvü Rəna Haqverdiyeva diqqətə çatdırıblar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli Liderin ən böyük arzusunu yerinə yetirdi.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.