Tarixi gerçəklik ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları yarandığı gündən qeyri-sabit bölgə olaraq tanınıb. Çünki ölkənin əsas sahibləri olan zəncilər və hindular gəlmələr hesab etdikləri ingilis dilli əhalini qəbul etmək istəmirlər. Bu səbəbdən də tərəflər arasında qarşıdurmalar səngimək bilmir. Bəzi hallarda qarşıdurmalar daha gərgin və sərt xarakter alır. Son günlər Los-Anceles, Texas, Kaliforniya və digər ərazilərdə baş verən vətəndaş qarşıdurmaları son illərin ən amansız qarşıdurmaları hesab olunur. Ölkə prezidenti D.Trampın qeyri-qanuni mühacirləri deportasiya etməsinə qarşı etirazlar bir neçə gündür ki, davam edir. Hesab olunur ki, iğtişaşların əsas səbəbi heç də mühacirləri deportasiya edilməsi ilə bağlı deyil. Başlıca hədəf D.Trampın ardıcıl ölkənin və dünyanın əsas aparıcı şəxslərinin maraqlarına toxunan siyasət aparması və qərarlar qəbul etməsidir. Ölkənin bir sıra ərazilərində qəzəbli insanlar avtomobilləri yandırır, polisə daş atır, mağazaları qarət edir. Məsələn, talançılar “Mələklər şəhəri”nin mərkəzində yerləşən “Apple” mağazasını tamamilə dağıdıblar. Los-Ancelesdəki etiraz aksiyalarının genişlənməsindən qorxuya düşən Tramp hakimiyyəti Kaliforniya Milli Qvardiyasını Los-Ancelesə yeridib. Tramp Kaliforniyaya 2000 nəfərlik Milli Qvardiya və 700 dəniz piyadası göndərmişdi. Bu addım ABŞ Göç İdarəsi (ICE) tərəfindən qeyri-qanuni miqrantlara qarşı reydlər nəticəsində baş verən kütləvi iğtişaşlardan sonra atılıb. Los-Ancelesdəki etirazçılara qarşı hərbçilər gözyaşardıcı qaz və səskəsici qumbaralardan istifadə ediblər.
D.Tramp bu əməliyyatı "əla yerinə yetirilmiş iş” adlandıraraq bildirib ki, əgər hərbçilər göndərilməsəydi, şəhər "külə dönərdi”. O, Kaliforniya və Los-Anceles rəhbərliyini iğtişaşlara qarşı kifayət qədər tədbir görməməkdə günahlandırıb və qubernator Nyusomun "son dərəcə səriştəsiz” olduğunu deyərək, onun həbs olunmasını dəstəklədiyini bildirib. Kaliforniya qubernatoru isə Trampın bu bəyanatını "avtoritarizmə doğru açıq addım” adlandırıb.
D.Tramp qubernatorun müraciəti olmadan ştatın Milli Qvardiyasını Los-Ancelesə göndərib
The New York Times qəzetinin yazdığına görə, Tramp bu qərarı Kaliforniya qubernatoru Kevin Nyusomun razılığı olmadan verib. Bu, ABŞ tarixində 1965-ci ildən bəri ilk dəfədir ki, prezident qubernatorun müraciəti olmadan ştatın Milli Qvardiyasını işə cəlb edir. Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller Kaliforniyada keçirilən nümayişləri üsyan adlandırıb və Los-Anceles polis idarəsinin rəhbərinin "miqrantların kütləvi deportasiyalarında iştirak etməyəcəkləri" bəyanatını tənqid edib. Tramp isə "Truth Social" platformasında bildirib ki, əgər Kaliforniya qubernatoru və Los-Anceles meri vəziyyəti nəzarət altına ala bilməsə, federal hökumət "üsyançılar və talançılarla mübarizə aparmaq üçün müdaxilə etməyə məcbur qalacaq".
Kaliforniya qubernator Gevin Nyusom ABŞ Prezidenti Donald Tramp, Pentaqon və müdafiə naziri Pit Hegsetə qarşı məhkəməyə müraciət edib. Səbəb isə Trampın Los-Ancelesə Milli Qvardiya qoşunlarını yeritmək qərarıdır. San-Fransiskodakı Federal Dairə Məhkəməsinə təqdim edilən iddia ərizəsində bildirilir ki, Tramp bu qərarı ilə federal qanunvericiliyi və Konstitusiyanı pozub. The New York Times qəzeti Kaliforniya qubernator Gevin Nyusoma istinadən qeyd edir ki, D.Tramp dəfələrlə fövqəladə səlahiyyətlərindən istifadə edərək icra hakimiyyətinin qanuni sərhədlərini aşmağa çalışıb: “ 7 iyun şənbə günü o, yerli hakimiyyət orqanlarının nəzarətində olan etiraz aksiyasından istifadə edərək, daha bir görünməmiş səlahiyyət zəbtinə cəhd etdi. Bu dəfə Kaliforniya ştatının suverenliyi bahasına və Milli Qvardiyanın ali baş komandanı kimi qubernatorun səlahiyyətlərinə qarşı çıxış edib. Bu səbəbdən ştat məhkəmədən Milli Qvardiyanın yerləşdirilməsi ilə bağlı qərarın ləğvini və bu qüvvələr üzərində nəzarətin qubernatora qaytarılmasını tələb edir.
Kaliforniya baş prokuroru Rob Bonta bildirib ki, Tramp Milli Qvardiyanın göndərilməsi üçün yalnız bir dəfə – 1970-ci ildə prezident Riçard Nikson tərəfindən poçt işçilərinin tətili zamanı poçtun çatdırılması məqsədilə istifadə olunmuş bir qanundan istifadə edib. Bundan başqa, bu, 1965-ci ildən – prezident Lindon Consonun Aabama ştatında vətəndaş hüquqları yürüşünü qorumaq üçün qoşun yeritməsindən sonra, qubernatorun razılığı olmadan bu qanunun tətbiq olunduğu ilk haldır.
Bütün bunlar “müharibə” xarakteri alır
İyunun 13-nə olan məlumatlara görə, hazırda Kaliforniyanın Los-Anceles şəhərində şiddətli etirazlar davam edir. Qarşıdurmlar nəticəsində onlarla insan xəsarət alıb, yüzlərlə etirazçı isə polis tərəfindən həbs olunub. Baş verən qarşıdurmaları Los-Anceles meri Karen Bass “müharibə” xarakteri hesab edir. Mer komendant saatının mərkəzi bölgələrə tətbiq edilməli olduğunu vurğulayıb.
Karen Bassın sözlərinə görə, komendant saatı bütün şəhərə şamil edilməyəcək. Onun fikrincə, bu, hələ lazım deyil. Eyni zamanda, mer son qərarın hələ verilmədiyini söyləyib.
Maraqlıdır ki, bir qədər əvvəl Los Anceles meri, demokrat Karen Bass şəhərdəki etiraz problemlərində yalnız Donald Trampın günahkar olduğunu israr edir. Bildirirdi ki, Tramp qubernatorla razılaşdırmadan şəhərə Milli Qvardiya qoşunlarını göndərib. İğtişaşların genişlənməsindən sonra mer şəhərdə komendant saatı tətbiq etməyə məcbur olub. Komendant saatı tətbiq olunana qədər artıq 23 mağaza talan edilmiş, evlərin şüşələri sındırılmış, onlarla polis yaralanmışdır. Məlumatlra görə, etirazlar artıq San-Fransiskoya yayılıb (orada 60 nəfər həbs edilib), Kolorado ştatının paytaxtı Denverdə və Texas ştatının Ostində küçələr bağlanmalı olub. Ənənəvi olaraq güclü “polis iştirakı” olan Vaşinqtonda belə etiraz yürüşləri keçirildi - indiyədək dinc şəraitdə. Hər yerdə etirazlar İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentliyinin məsuliyyətə cəlb edilməsi şüarı altında keçirilir. Etirazçılar ICE-ni ölkədə qeyri-qanuni mühacirlərin əsassız həbslərində və deportasiyalarında ittiham edirlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, polisə məharətlə hücum edən, maşınları yandıran və lazım gəldikdə mütəşəkkil şəkildə geri çəkilən yaxşı təlim keçmiş döyüşçülərdən danışır. Trampın özü Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Los-Ancelesdə idealist hüquq müdafiəçiləri ilə açıq şəkildə mübarizə aparmır. "Orada problem yaradan uşaqlar peşəkar təşviqatçılardır, iğtişaşçılardır və ümumiyyətlə pis insanlardır. Onların yeri həbsxanadır", - ABŞ prezidenti bildirib.
İğtişaşlar ABŞ-ın varlığına son qoya bilərmi?
Bəzi siyasi analitiklər bir suala cavab axtarırlar, baş verən qarşıdurmlara kimlərin maraqlarına xidmət edir? ABŞ Demokrat Partiyası, eləcə də onun Avropa İttifaqındakı qlobalist müttəfiqləri əsas faydalananın Tramp olduğunu iddia edirlər. Guya bu yolla qanunun aliliyinə xələl gətirir və məsələni Amerikada şəxsi hakimiyyətinin rejiminin yaradılmasına aparır.
Elit Fransa Milli İdarəetmə Məktəbinin politologiya müəllimi Gilles Gressani, Fransız Figaro-da keçirilən müzakirədə "Tramp özünü inqilabçı kimi aparır" deyə bildirib: “Hər səhər insanlar oyanır və Trampın qəhrəmancasına öhdəsindən gəldiyi yeni böhran haqqında öyrənirlər. Ya tarifləri qaldırır, ya da dayandırır. İlon Maska təcili səlahiyyətlər verir və ya onunla mübahisə edir. O, Kaliforniyaya qoşun göndərir, ya da başqa bir şey. Tramp dövləti metal parçası kimi sındırır: onu əvvəlcə bir tərəfə, sonra digər tərəfə bükür, qırılana qədər”. Bununla belə, ABŞ-da insanlar və mühafizəkar siyasi dairələr arasında başqa bir nəzəriyyə məşhurdur: biz qlobalist dairələrdən ilham alan və pul ödəyən küçə etirazçılarının hakimiyyəti zorakılığa təhrik etdiyi bir “rəngli inqilab”ın şahidi oluruq. Polis nəzarətində olan qaradərili təkrar cinayətkar Corc Floyd Qaradərilərin Həyatı Önəmlidir (BLM) hərəkatı tərəfindən ölkə daxilində iğtişaşlara səbəb oldu. Çünki bu nəzəriyyənin doğru olma ehtimalı olduğundan daha çoxdur.
ABŞ-da baş verən qarşıdurmalar dünyada böyük diqqətlə və maraqla izlənilir. Əksər analitiklər D.Trampın ölkənin hər yerinə yayılmaqda olan iğtişaşların D.Trampın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə biləcəyini ehtimal edirlər. Fikirlər onunla əsaslanır ki, bir sıra dünya gücləri, eləcə də ABŞ-da böyük maliyyə imkanlarına sajib olan iş adamları D.Trampın hakimiyyətdən uzaqlaşdırılmasını arzu edirlər. Artıq bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Birliyi Şurası, Avropa Komissiyası, Kanada, Çexiya, İsveç, Norveç, İrlandiya, Yeni Zellandiya, Türkiyə, Çin, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya, Avstraliya hökumət və dövlət başçıları ABŞ-da baş verən qarşıdurmalardan narahatlıqlarını ifadə ediblər.
İLHAM ƏLİYEV