Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Tariximizə qızıl hərflərlə yazılmış 15 iyun - Milli Qurtuluş Günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov, Qaz İxrac İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Rövşən Məstiyev, Astara Gənclər Evi Sosial Xidmətlər Mərkəzinin dərnək rəhbəri Nigar Əbilova Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində və inkişafında olan rolundan danışıblar.
Vurğulanıb ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz inkişaf yoluna qədəm qoyub. Respublikamızda mühüm siyasi və iqtisadi islahatlar həyata keçirildi, neft strategiyası reallaşdırıldı, cəbhədə atəşkəs əldə olundu, nizami ordu quruculuğu prosesinə başlandı, cəmiyyətin inkişafı üçün fundamental əsaslar yaradıldı.
Qeyd olunub ki, Ulu Öndərin işləyib hazırladığı müasir və müstəqil dövlət quruculuğu konsepsiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və son antiterror əməliyyatları zamanı qazanılan Zəfərin bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.