2025-ci ilin “Suverenlik və Konstitusiya ili” elan edilməsi dövlətçilik salnaməsində hüquqi və siyasi baxımdan strateji məna daşıyır. Bu, dövlətin çoxəsrlik tarixi ənənələrinə ehtiramın və eyni zamanda müasir hüquqi dövlət quruculuğuna sədaqətin bariz təzahürüdür. Xalqın öz müqəddəratını azad iradə ilə müəyyən etməsi, idarəetmə formasını sərbəst şəkildə seçməsi müasir dövlət anlayışının əsasıdır. Konstitusiya isə bu suveren iradənin hüquqi ifadəsi, cəmiyyətin ali hüquqi nizamnaməsi və dövlət institutlarının legitim fəaliyyət çərçivəsidir.
Tarixi mənbələrə görə, Azərbaycan ərazisində dövlətçilik ənənələri hələ qədim dövrlərdən formalaşmışdır. Manna, Midiya, Atropatena və Qafqaz Albaniyası kimi tarixi dövlətlər dövrünü güclü idarəetmə sistemlərinə və siyasi xəttinə malik olmuşdur. Bu dövlətlərin fəaliyyəti Azərbaycanın suveren düşüncəsinin qədim köklərini sübut edir. Mərkəzi hakimiyyətin gücü və ərazi bütövlüyü o dövr üçün suverenliyin əsas göstəricisi idi. Xüsusilə, Atropatena və Albaniya dövlətləri Azərbaycanın siyasi və mədəni kimliyinin təməl sütunları hesab olunur. VII əsrdə İslamın qəbulu ilə Azərbaycanın siyasi və mədəni həyatında əsaslı dönüş baş verdi. Ərəb xilafətinin süqutundan sonra isə Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər kimi müstəqil feodal dövlətlər regionda formalaşaraq siyasi müstəqillik anlayışını yaşatmağa davam etdilər.
Orta əsrlərdə türk-islam dünyasında formalaşan imperiyalar olan Səlcuqlar, Eldənizlər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular Azərbaycanın da daxil olduğu coğrafiyada hüquqi idarəetmə təcrübəsi baxımından zəngin dövlətçilik təcrübəsi yaratdılar. Bu ənənənin zirvəsi isə Səfəvilər dövləti oldu. İdeoloji və dini cəhətdən vahid idarə formatı yaradan Səfəvilər dövləti Azərbaycanın suverenlik tarixində dönüş nöqtəsi oldu. Əfşarlar dövləti dövründə isə türk sülalələrinin mərkəzi rolu daha da gücləndi.
Nadir şahın ölümündən sonra yaranan xanlıqlar dövrü siyasi parçalanma mərhələsi idi. XIX əsrin əvvəllərində Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri Azərbaycan torpaqlarının Rusiya və Qacarlar arasında bölüşdürülməsi ilə nəticələndi. Lakin bu parçalanma dövrü xalqın milli oyanışını dayandıra bilmədi. XIX əsrin ikinci yarısından etibarən maarifçilik hərəkatı gücləndi. Mirzə Fətəli Axundzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı kimi ziyalıların fəaliyyəti suveren düşüncənin formalaşmasında mühüm rol oynadı. Bu dövr Azərbaycan xalqının milli özünüdərkinin yeni mərhələsinə keçidi ilə səciyyələnir. Maarifçilik ideyalarının yayılması, milli dilin inkişafı və ictimai institutların formalaşması istiqamətində əhəmiyyətli təşəbbüslər irəli sürülmüşdür. Dövrün qabaqcıl fikir adamlarının mətbuat, təhsil və hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətləri sayəsində milli kimlik şüuru formalaşmağa başlamış, xalqın azadlıq və suverenlik ideallarına yönəlmiş tarixi iradə bərqərar olmuşdur. Eyni zamanda Qafqazın digər bölgələri və Osmanlı İmperiyası ilə ideya mübadilələri bu prosesə əlavə dinamizm gətirmişdir.
Müasir suverenlik təfəkkürünün formalaşmasında isə Şərqdə ilk parlamentli və demokratik idarəetmə modeli kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna rolu olmuşdur. Xalqın iradəsinə əsaslanan respublika prinsipləri gerçəkləşdirilməklə, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun siyasi düşüncəsində yeni mərhələnin əsasını qoyulmuşdur.1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq CümhuriyyətiŞərqdə ilk dəfə olaraq xalq hakimiyyətinə əsaslanan respublika modeli təqdim etdi. “İstiqlal Bəyannaməsi” bu dövlətin əsas ideya sənədi olmaqla, milli suverenlik və insan haqları prinsiplərini önə çəkdi. Cəmi 23 ay mövcud olsa da, AXC dövründə parlament quruculuğu, təhsil islahatları, milli ordununformalaşdırılması və valyutanın dövriyyəyə buraxılması kimi mühüm addımlar atıldı. Paris Sülh Konfransında iştirak isə beynəlxalq arenada tanınma səylərinin sübutu idi. 1920-ci il aprelin 28-də sovet işğalı nəticəsində AXC süquta uğradı. Növbəti 70 il ərzində Azərbaycan Sovet Sosialist Respublikası kimi formal müstəqil, lakin real suverenlikdən məhrum bir siyasi qurumda yaşadı. Bütün idarəetmə və qərarverici mexanizmlər Moskvadan idarə olunurdu.
1991-ci il fevralın 5-də Azərbaycan SSR-in adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırıldı və üçrəngli bayrağımız rəsmi olaraq qəbul edildi. 1991-ci ilin oktyabrında isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycanın suverenliyi rəsmiləşdirildi. Müstəqilliyin ilk illərində ölkə siyasi və iqtisadi təlatümlərlə üzləşsə də, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sabitlik bərpa olundu. Yeni Konstitusiya layihəsi hazırlanaraq 1995-ci il noyabrın 12-də referendumla qəbul edildi. Bu Konstitusiya ölkəmizin hüquqi bazasını formalaşdırdı, insan hüquq və azadlıqlarının qorunmasını təmin etdi. Qeyd edək ki, yaxın dövrdə Azərbaycan torpaqlarının 30 il Ermənistan tərəfindən işğalı, dövlət suverenliyinə edilən birbaşa təhdid idi. Lakin xalqın qətiyyəti və Prezident İlham Əliyevin liderliyi ilə 2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi tarixi qələbə ilə başa çatdı. “Dəmir Yumruq” əməliyyatı, 10 noyabr razılaşması və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və konstitusiya hüquqları bütün bölgədə bərpa olundu.
Ən əsası, “Suverenlik və Konstitusiya ili” keçmişə ehtiram, gələcəyin hüquqi əsaslar üzərində qurulmasına çağırışdır. Suverenlik və Konstitusiya – bu iki anlayış dövlətimizin gələcək inkişafının dayaqlarıdır.
Süleyman Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Quşçu kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı