Məlum olduğu kimi, Xankəndinin ilk dəfə olaraq yüksək səviyyəli beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT/ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi tarixi hadisədir. Belə miqyaslı beynəlxalq toplantının Xankəndidə baş tutması coğrafi, həm də siyasi, iqtisadi və strateji baxımdan da ciddi əhəmiyyət kəsb edir. İllərlə separatizm və işğalın qaranlığında qalan bu şəhər artıq inkişaf, əməkdaşlıq və sabitlik gündəminin mərkəzinə çevrilir. Məqsəd regional əlaqələrin inkişafı, İƏT-ə üzv ölkələrin Qarabağda baş verən müsbət dəyişikliklərə daha sıx cəlb olunmasıdır. Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu prosesə artıq öz töhfələrini veriblər. Zirvə görüşü isə bu iştirakçılığı daha da genişləndirmək üçün əlverişli platforma rolunu oynayır. Bu, həm də dünyanın diqqətini bölgədə gedən dəyişikliklərə yönəltmək, yanlış təəssüratları dağıtmaq baxımından mühüm addımdır.
İqtisadi Əməkdaşlıq Təşkilatı sıralarında yer alan Mərkəzi Asiya ölkələri, Türkiyə, Pakistan, Əfqanıstan və İran hər biri Azərbaycanla dost dövlətlərdir. Xüsusilə, Türk Dövlətləri Təşkilatının burada təmsil olunması və ölkəmizin iki əhəmiyyətli strateji müttəfiqi olan Pakistanın və Türkiyənin əsas həlledici rola malik olması Azərbaycanın bu qurumda iştirakını zəruri edir. Türkiyənin İƏT-in qurucu üzvlərindən biri olaraq tədbirə qatılması təkcə diplomatik deyil, həm də simvolik önəm daşıyır.
İƏT-in üzv dövlətlərinin hər biri ilə iqtisadi əlaqələr mövcuddur və bu ölkələr Azərbaycanın əhəmiyyətli ticarət və investisiya partnyorlarıdır. Azərbaycanın xarici investisiyalarının əsas hissəsi Türkiyə istiqamətindədir. Azərbaycan qardaş ölkəyə 24 milyard dollardan çox investisiya qoyub, eyni zamanda Pakistana 2 milyard dollara qədər investisiya yatırmağa hazırlaşır. Bundan başqa, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq genişlənir. Bu, həm ticarət, həm tranzit, həm də iqtisadi investisiya istiqamətlərini əhatə edir. İran ölkəmiz üçün tranzit, ticarət və iqtisadi əlaqələr baxımından da mühüm əhəmiyyət kəsb edir. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərinin hər birinin sürətli iqtisadi artım nümayiş etdirməsi mühüm imkanlar yaradır.
Ölkəmizin zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir.
Azərbaycan yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan, ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır.Orta Dəhlizin aktuallaşması, ECO üzvlərinin bir çox ölkələrinin bu dəhlizdə birbaşa iştirak etməsi, dəhlizin üzərində olması ölkələr arasında həm sadələşdirilmiş ticarət qaydalarının tətbiqi, həm də tranzit imkanlarının genişləndirilməsi üçün müəyyən problemlərin koordinasiyalı formada həllini zəruri edir. Zirvə görüşü Azərbaycanın beynəlxalq arenada artan rolunu və Qarabağın regional əməkdaşlıq mərkəzinə çevrilməsinin real təsdiqini ifadə edir. Bu sammit sübut edir ki, Azərbaycan artıq yalnız münaqişəsonrası bərpa edən ölkə deyil, həm də əməkdaşlıq quran və diplomatik balans yaradan gücdür. Bu istiqamətlərdə oynadığı mühüm rol Azərbaycanın ECO ölkələri üçün əhəmiyyətini daha da artırır. Qeyd edək ki, ölkəmiz ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə də uğurla ev sahibliyi edib. 13 ildən sonra sammit yenidən Azərbaycanda keçirildi. Əvvəlki tədbirlərdən fərqli olaraq, əlbəttə, Azərbaycanın yeni geostrateji və iqtisadi mövqeyi daha da güclənib. Torpaqlarımız işğaldan azad olunub, bu da ölkəmizin qarşısındakı iqtisadi hədəflərin və siyasətin yenilənməsinə səbəb olub. Digər tərəfdən, ölkəmizin unikal coğrafi mövqeyi və xarici siyasi əlaqələrin möhkəmlənməsi yeni imkanlar yaradır. Bu gün ölkəmizin imkanları logistika-nəqliyyat sahəsində böyük islahatlar və investisiyalar hesabına genişlənib. Yeni beynəlxalq hava limanlarının sayının artması, beynəlxalq dəniz limanının yükdaşıma imkanlarının genişlənməsi, avtomobil yollarının uzunluğunun, müvafiq keyfiyyətinin artırılması, dəmir yolunun inkişafı və ölkəmizin qonşularla həyata keçirdiyi iqtisadi və siyasi əlaqələr Azərbaycanın coğrafi və iqtisadi imkanlarını, əhəmiyyətini daha da artırıb.
Zirvə görüşünün məhz Xankəndidə keçirilməsinin də xüsusi əhəmiyyəti var. Uzun illər işğalın, separatizmin, saxta statuslu siyasi manipulyasiyaların rəmzinə çevrilmiş bu şəhər indi beynəlxalq diplomatiyanın, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın mühüm ünvanı kimi təqdim olunur. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən "Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu, dəyişməzdir" xətti artıq sadəcə daxili suverenlik bəyanatı deyil, beynəlxalq təşkilatlar səviyyəsində praktikaya çevrilməkdədir. Əgər Vətən müharibəsi Qarabağın hərbi-siyasi reabilitasiyası idisə, 2025-ci il ECO Zirvəsi onun diplomatik və beynəlxalq legitimliklə möhürlənməsi oldu. Ekspertlərin qənaətinə görə, ECO-nun 17-ci Zirvə görüşü iştirakçı ölkələrə qarşılıqlı iqtisadi asılılığın azaldılması və ortaq iqtisadi layihələrin həyata keçirilməsi üçün mühüm platforma təqdim edir. Qlobal ərzaq və enerji təhlükəsizliyi məsələləri fonunda üzv ölkələrin resurs potensialı birgə səylərlə səmərəli idarə oluna bilər. Birgə sərmayə fondlarının yaradılması, İqtisadi Əməkdaşlıq Təşkilatı Daxili Ticarət proqramlarının genişləndirilməsi və texnologiya transferi bu baxımdan xüsusilə aktuallaşır. Bundan əlavə, islamofobiya ilə mübarizə, təhsil və elm sahələrində ortaq layihələrin təşviqi, qadınların və gənclərin inkişafına yönəlik proqramların reallaşdırılması İqtisadi Əməkdaşlıq Təşkilatının gündəliyində prioritet istiqamətlərdir. Zirvə görüşü təkcə üzv dövlətlər üçün deyil, bütövlükdə region üçün sabitlik və inkişaf imkanları yaradır. Orta Şərq, Qafqaz, Mərkəzi Asiya və Afrikada baş verən geosiyasi proseslər fonunda İqtisadi Əməkdaşlıq Təşkilatının vahid və prinsipial mövqe nümayiş etdirməsi beynəlxalq təhlükəsizlik sisteminə yeni dinamika verə bilər. Regional nəqliyyat və enerji layihələrinin inkişafı tranzit ölkələrin rolunu artırmaqla, həm də ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. Eyni zamanda, ekoloji problemlər, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələri kimi qlobal çağırışlarla ortaq mexanizmlərin formalaşdırılması zəruridir.Cənubi Qafqaz və Mərkəzi Asiya regionu son onilliklərdə qlobal siyasətdə həm tranzit marşrut, həm enerji resursları bazası, həm də iqtisadi transformasiya platforması kimi çıxış edir. ECO-nun üzv dövlətlərinin - Türkiyə, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Əfqanıstanın liderlərinin iştirakı isə təşkilatın sabitlik və qarşılıqlı etimad mənbəyi kimi mövqeyini daha da gücləndirdi.Bu zirvədə infrastruktur layihələri, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat kimi mövzular ön plana çəkildi. Azərbaycan bu sahələrdə həm təcrübə, həm iradə, həm də təşəbbüskar mövqeyini bir daha nümayiş etdirdi. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr üzv ölkələr üçün yalnız ticarət yolu deyil, həm də strateji təhlükəsizlik təminatıdır. Xankəndidə ECO Zirvə görüşü regional inteqrasiyanın yeni mərhələsini müəyyənləşdirməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndiyini, dostluğu, birliyi, səmimiyyəti nümayiş etdirdi. Bu tədbir təsdiq etdi ki, Azərbaycan həm liderlik, həm təhlükəsizlik, həm də əməkdaşlıq platforması kimi qəbul edilir. Ən əsası, təşkilat qlobal təhdidlərə cavab verəcək imkana malik olan gücə çevrilir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri