PDF Oxu

Siyasət

  • 1 374

“Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin əsas dayaqlarından biridir”

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin əsas dayaqlarından biridir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Sonra Tərtər rayon Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgi, habelə məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra partiyanın 33 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, şəhid anası Afiqə Mirzəyeva, Statistika ərazi partiya təşkilatının sədri İradə Rəfiyeva, Mamırlı ərazi partiya təşkilatının sədri Əli Əzimov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın müasir inkişaf yolunun əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və xalq-lider birliyi dayanır. Müstəqilliyin ilk illərində mövcud olan xaos və siyasi böhran dövlətçiliyin məhv olmaq təhlükəsini yaratmışdı. Belə bir zamanda 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti xalqın xilası naminə atılmış tarixi addım idi. Naxçıvanda keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının ideoloji təməllərini formalaşdırdı.
Vurğulanıb ki, YAP yaranan gündən milli maraqların qorunması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi və sabitliyin təmin olunması uğrunda mübarizə aparıb. Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin yenidən qurulmasını, güclü idarəetmənin və milli həmrəyliyin bərqərar olmasını təmin etdi. 2003-cü ildən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da müasirləşdi və Azərbaycan regionun lider dövlətinə çevrildi.
Ordu quruculuğundakı uğurlar 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərlə nəticələndi. 2023-cü ildə isə ölkənin suverenliyinin tam bərpası dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırdı.
Sonda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən üzvlərə fəxri fərman, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilib.

Digər xəbərlər