2025-ci ilin iyulun 4-də Azərbaycan dövləti növbəti tarixi hadisəyə imza atdı. Qarabağın siyasi və mədəni simvollarından biri olan Xankəndi şəhəri bu dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Bu Zirvə görüşü yalnız regional əməkdaşlıq baxımından deyil, həm də Azərbaycan dövlətinin güc nümayişi və diplomatik mesajı kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyev tədbirin açılışında qonaqları Qarabağın qəlbində – Xankəndidə salamlayaraq onları təkcə rəsmi tədbirin iştirakçıları kimi deyil, həm də tarixin canlı şahidləri kimi qəbul etdi. Prezidentin "qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz" sözləri təkcə etik salamlaşma deyil, həm də geosiyasi mövqenin ifadəsi idi.Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir. Bu fakt Azərbaycanın təşkilat daxilindəki fəallığının və nüfuzunun təsdiqidir. 2006-cı və 2012-ci illərdə Bakıda keçirilmiş zirvələrdən fərqli olaraq, 2025-ci ildə tədbirin Xankəndidə təşkil olunması özündə dərin siyasi məna daşıyır. Bu qərar Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlarda Azərbaycanın suverenliyini və beynəlxalq legitimliyini nümayiş etdirdi. Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzinin özü də bu görüş üçün simvolik məna kəsb edir. Dağıntılardan doğan yeni həyatın timsalı olan bu müasir kompleks, Azərbaycanın inkişaf və bərpa strategiyasının real nəticəsidir. Konqres Mərkəzi bu gün təkcə tədbir mərkəzi deyil, həm də müasir Azərbaycanın diplomatik fəallığının yeni ünvanıdır.Prezident çıxışında qeyd etdi ki, bu günə qədər Şuşada, Laçında, Ağdamda keçirilmiş tədbirlər artıq yeni reallığın bir hissəsinə çevrilib. 2023-cü ildə Şuşada ECO Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və 2025-ci ilin may ayında Laçında keçirilmiş üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan liderlər görüşü Azərbaycanın təşəbbüskarlığını və regionda təşəbbüskar dövlət kimi çıxış etdiyini sübut edir. Bu Zirvə görüşü, həm də müharibədən sonrakı dövrün ən mühüm mərhələlərindən biri olan yenidənqurma prosesinin beynəlxalq səviyyədə tanınmasına imkan yaradır. Prezidentin vurğuladığı kimi, bu gün azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır. Bu prosesin yalnız fiziki yenidənqurma ilə məhdudlaşmadı-ğını anlamaq vacibdir. Bu, həm də ictimai rifahın, sosial ədalətin və milli birliyin bərpa olunması deməkdir. Prezident İlham Əliyev nitqində Azərbaycan xalqının iradəsindən danışaraq bildirdi ki, heç bir işğalla barışmamış, əksinə, bu dövr ərzində daha da güclənmişdir. Ermənistanın 30 ilə yaxın apardığı işğal və etnik təmizləmə siyasətinə baxmayaraq, Azərbaycan öz hüquqi və tarixi mövqeyindən bir addım da geri çəkilməmişdir.Bu çıxış yalnız tarixə nəzər salmaq üçün deyil, həm də gələcəyi planlamaq üçün bir platformadır. Xankəndidəki tədbir Azərbaycanın artıq beynəlxalq tədbirlərə, böyük konfranslara, regional forumlara ev sahibliyi edə biləcək səviyyəyə gəldiyini göstərdi. Bu, həm də təhlükəsizlik, sabitlik və inkişaf göstəricisidir. Azərbaycanın regionda sabitlik adasına çevrilməsi planlı, ardıcıl və sistemli dövlət siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji yanaşma sayəsində bu gün Qarabağ sülh, inkişaf və əməkdaşlıq mərkəzinə çevrilir. Bu mərkəzin adı isə artıq təkcə Xankəndi deyil – Şuşa, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl və digər şəhərlər də dirçəlişə şahidlik edir. Bütün bu tədbirlər və platformalar Azərbaycanın diplomatik gücünün göstəricisidir. ECO Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi həm Azərbaycan xalqının öz iradəsini beynəlxalq arenaya nümayiş etdirməsi, həm də dünya dövlətlərinə ünvanlanmış mesajdır: Qarabağ Azərbaycandır – və bu həqiqət dəyişməzdir. Prezidentin çıxışı həm rəsmi, həm də emosional elementlərlə zəngin idi. Xankəndi Zirvəsi vasitəsilə Azərbaycan təkcə ötənləri deyil, gələcəyi də planlayır. Yeni iqtisadi layihələr, regional əməkdaşlıq mexanizmləri və bərpa olunan enerji təşəbbüsləri bu məqsədə xidmət edir. Sonda Prezident qeyd etdi ki, Azərbaycan bu tipli tədbirləri davam etdirəcək və azad edilmiş əraziləri həm iqtisadi, həm də siyasi mərkəzlərə çevirməkdə israrlıdır. Xankəndidə keçirilən bu Zirvə görüşü bunun bariz nümunəsi kimi tarixə yazıldı.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini