PDF Oxu

Siyasət

  • 1 531

Rusiyalı politoloq: İƏT-in Xankəndi sammiti qlobal iqlim problemlərinin müzakirəsinə həsr olunub və bu, Azərbaycanın bu sahədəki xidmətlərini ortaya qoyur - MÜSAHİBƏ

image

Sergey Markov: “Rusiya və Azərbaycan arasında mövcud mürəkkəb məsələlər öz həllini tapacaq, nə Moskvaya, nə də Bakıya münasibətlərində gərginlik lazım deyil, bu, yalnız ölkələrimizə qarşılıqlı təsir göstərir”

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş sammiti və Rusiya-Azərbaycan münasibətlərinin gələcək perspektivləri haqqında danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sergey Aleksandroviç, Azərbaycanın Xankəndidə keçirdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının sammitini necə qiymətləndirirsiniz?

- Sammit çox isti atmosferdə, necə deyərlər, dostlar dairəsində keçdi. Bu, bir daha Azərbaycanın regionda liderliyini, İlham Əliyevin ölkə rəhbərlərini Azərbaycan Respublikasının ətrafına toplamaq bacarığını nümayiş etdirdi.

Qeyd etmək istərdim ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Rusiyaya dostdur, Moskva üçün strateji əhəmiyyətli ölkələrdir- Türkiyə, İran, MDB ölkələri- o cümlədən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan. Bunlar hamısı qlobal Cənub ölkələridir ki, çoxqütblü dünya məntiqinin inkişafı çərçivəsində həm Rusiya, həm də Azərbaycan onlarla əlaqələri gücləndirir.

Bu sammit təkcə İƏT çərçivəsində deyil, həm də ölkələr, xüsusən də Azərbaycan və İran arasında münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı faydalı iqtisadi və nəqliyyat əməkdaşlığı məsələsində dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi məsələsində müsbət amilə çevrilib.

Sammitin mövzusu iqlim gündəliyinə həsr olunub. Bildiyimiz kimi, Azərbaycan qlobal iqlim üçün sıçrayışla keçən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29 Tərəflərinin Konfransını uğurla keçirmiş və bu gün də iqlim gündəmini həm regional, həm də qlobal səviyyədə, o cümlədən müxtəlif assosiasiyalar, xüsusilə də İƏT çərçivəsində təbliğ edir.

Azərbaycanın Xankəndində, işğaldan azad edilmiş torpaqlarda İƏT-in sammitini keçirməsi, əlbəttə ki, Bakıdan bir növ mesajdır, istərsə də, onun rifahının nümayişidir. Üstəlik, onu da qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə həyata keçirilir. Bu həm də Azərbaycanın regional mövqelərinin güclənməsinin təzahürüdür.

Mən də əminəm ki, İƏT-in Xankəndində keçirilən sammitinin iştirakçıları pərdə arxasında Azərbaycanla Rusiya arasında münasibətlərin bu və ya digər şəkildə normallaşdırılmasının zəruriliyini müzakirə etdilər və bu məsələdə yekdil mövqe bildirdilər.

- Bəli, Türkiyə prezidenti Azərbaycana səfərindən sonra İlham Əliyevlə Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik məsələsini müzakirə etdiyini bildirdi. Türkiyə lideri bununla bağlı müsbət mesajlar verib...

- Deyə bilərik ki, Türkiyə prezidenti artıq bu və ya digər dərəcədə bu situasiyada müəyyən müsbət rol oynayıb, Azərbaycan liderinin münasibətlərdəki problemi həll etmək əzmində olduğunu və daha da gərginləşməni istəmədiyini açıq şəkildə bəyan edib. Ərdoğan birbaşa olaraq Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu bildirib, Putin və Əliyevi Türkiyənin dostu adlandırıb və yaranmış problemlərin aradan qaldırılmasında qarşılıqlı anlaşma səviyyəsində olduqlarını bildirib. Bu, əlbəttə ki, çox mühüm mesajdır və vəziyyəti sakitləşdirir. Eyni zamanda, inanıram ki, aparılan dialoq nəticəsində Rusiya və Azərbaycan özləri vəziyyətin öhdəsindən gələcəklər.

Vəziyyəti həll etmək üçün Rusiya nümayəndə heyətinin Bakıya gələcəyi barədə məlumat var. Putinlə Əliyev, belə demək mümkünsə, eyni dildə danışırlar, eyni təfəkkürün, eyni dəyərlər sisteminin adamlarıdır. Əminəm ki, böhran aradan qaldırılacaq. Bunun fundamental səbəbləri var. Ölkələrimizi həddən artıq çox şey birləşdirir.

Bunlar, ilk növbədə, insanlar arasında olan əlaqələrdir. Rusiyada nəhəng Azərbaycan diasporu yaşayır. Azərbaycanda rus icması yaxşı yaşayır, Azərbaycan Respublikasında rusdilliliyin səviyyəsi yüksəkdir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir, dünya nizamı ilə bağlı ümumi ideyalar mövcuddur. Ona görə də mən əminəm ki, mövcud mürəkkəb məsələlər öz həllini tapacaq, nə Moskvaya, nə də Bakıya münasibətlərində belə gərginlik lazım deyil, bu, yalnız ölkələrimizə qarşılıqlı təsir göstərir və onları çağırışlar qarşısında zəiflədir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər