Prezident İlham Əliyev: "İkitərəfli münasibətlərimiz qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanır"
Qloballaşan dünyada dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi əlaqələrimizin yüksələn xətlə inkişafına əsaslanır. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğulayaq, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını bildirib.
Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. "Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik", - deyə Prezident çıxışlarının birində bildirmişdir.
İKİTƏRƏFLİ GÜNDƏLİKLƏ BAĞLI GENİŞ MÜZAKİRƏLƏR
Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır. 2020-ci ilin 27 sentyabr tarixində ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını nümayiş etdirdilər. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan da hər zaman mövqeyini bildirdi. Azərbaycana dəstək nümayiş etdirərək yanımızda oldu. Bu dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılandı, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalandırılır.
Görüş zamanı Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırlayıb. Həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi. Bu xüsusda, Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd edib.
Qeyd edək ki, iyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri ilə görüşü zamanı Məhəmməd Şahbaz Şərif ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğulayıb və bu ilin mayında Laçın şəhərinə səfərini, Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşü məmnunluqla xatırlayıb. Baş nazir Qarabağda, o cümlədən Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini qeyd edib. Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji və digər istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev də öz növbəsində Pakistanın Baş nazirinin Laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırlayıb.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məmnunluqla qeyd olunub, regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd edib, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğulayıb.
Azərbaycan Prezidenti qardaş Pakistandan nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə edib. Sərdar Ayaz Sadiq rəhbərlik etdiyi nümayəndə heyətinə həm iqtidar, həm də müxalifətdən olan parlament üzvlərinin daxil olduğunu bildirərək vurğulayıb ki, bu, Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqenin göstəricisidir.
Öz növbəsində dövlətlərimiz arasında parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Pakistan Milli Assambleyasının sədri ölkələrimizin həm çətin, həm də xoş günlərdə həmişə həmrəylik nümayiş etdirdiklərini vurğulayıb. Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd edib.
Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
STRATEJİ TƏRƏFDAŞLIQ
Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub.
Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında da sıx əlaqələr mövcuddur. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər.
Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir.
Bu sahədə əməkdaşlıq Azərbaycanın hərbi potensialını artırmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizlik sistemində daha güclü mövqeyə sahib olmasına da şərait yaradır. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasında hərbi sahədə strateji əməkdaşlıq gələcəkdə daha da genişlənəcək və yeni texnologiyalar, ortaq layihələr və təcrübə mübadiləsi bu tərəfdaşlığı daha da möhkəmlənəcək.
Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Dövlətlərarası münasibətlərin qısa tarixi dövrünə nəzər salsaq görərik ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.
Ölkələrarası iqtisadi-ticarət əlaqələri genişlənib. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir.
SİVİLİZASİYALARARASI DİALOQA TÖHFƏ
Millət və dövlət maraqları baxımından, müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin ali ideallarını özündə ehtiva edir. Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevrilmək və s. fondun məqsədi olaraq, özünü büruzə verir. İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm prinsiplərindən yaranır. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Azərbaycan və Pakistan arasında dostluq münasibətlərinin daha da genişlənməsinə töhfəsini verir. Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə xeyriyyə aksiyasının keçirilməsi də məhz xeyriyyəçilik əməllərinin göstəricisidir. Aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas lassemiya Mərkəzinə Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi ləvazimatlar, ərzaq paketləri və hədiyyələr təqdim edilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilib. Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmişdir. Eyni zamanda, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilib. Pakistan rəhbərliyi tərəfindən Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı – "Hilal-e-Pakistan" ordeninin təqdim edilməsi də təsadüfi deyildi. Həyata keçirilən xeyirxah işlər Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir. Fondun Pakistanda həyata keçirdiyi layihələr Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verir.
Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Şübhəsiz ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər əlaqələrin inkişafına yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələrini əhatə edir.
Nəzakət ƏLƏDDİNQIZI