Sosial

  • 3 253

Həftənin xronikası -FELYETON

image

1-ci gün: işə gəlirəm, qarşımda gedən gənc oğlanın çırtmıq çalması diqqətimi cəlb edir. Arxadan baxıram ki, bu oğlan elə bil toy ab-havasındadır. Addımlarımı yeyinlədirəm ki, yanından ötəm, bunun üzünə baxam, görəm ki, bu adam normaldır və ya özündədir, ya yox. Ona çatıram, yanından sürətlə ötəndə üzünə ötəri bir nəzər salıram, görürəm ki, qulağında qulaqcıq, öz kefindədir, yolun ortasındaca sanki toydadır...

2-ci gün: işdən evə gedirəm, küçənin o başından bir cavan oğlan gəlir, öz-özünə danışa-danışa, əl-qolunu ölçür-biçir. Deyirəm, bismillahir-rəhmanir-rəhim, bunun başına hava gəlib, görəsən. Bu, kimlə danışır? Yaxınlaşıram. Eşidirəm ki, oğlan kiməsə tapşırıq verir, onu belə et, bunu belə et. Lakin ətrafda heç kim yoxdur. Baxıram ki, qulağında qulaqcıq, məsələ aydın olur...

3-cü gün: küçədə gedirəm, ucadan bir zümzümə diqqətimi çəkir. Ətrafa baxıram, gənc bir oğlandır, səsini atıb başına bir oxuyur, gəl, görəsən. Amma onu da deyim ki, səsi də pis deyildi ha...

Metroya enirik. Oğlan oxuya-oxuya metroda-platformada camaatın içində o başa-bu başa gəzir, ətrafdakılara əsla məhəl qoymur. Öz-özümə deyirəm ki, həqiqətən də atalar nə qədər yerində deyiblər: utanmasan, oynamağa nə var ki...

4-cü gün: Metroda qatarda əyləşmişəm, bir gənc adam gəldi, əyləşdi yanımda. Saçını tam yuxarıya yığıb, başının ortasında toppuz edib. Əynində qara şalvar, qara gödəkcə. İndi mən nə qədər edirəmsə, bunun qız, ya oğlan olduğunu ayırd edə bilmirəm. Maraq məni götürüb: İlahi, bu, qızdır, ya oğlan?

Gözümün küncü ilə baxıram, anlamıram. Bir az dönüb baxıram, yenə heç nə anlamıram. Altdan-altdan baxıram, yenə çıxara bilmirəm. Nə isə, qatar dayandı, enərkən də addımımı yavaşlatdım ki, bəlkə arxadan baxam, görəm. Baxdım, lakin yenə də anlaya bilmədim ki, oğlandır, ya qız...

5-ci gün: işə gəlirəm yenə. Metroda eskalatorda sıxlıqdır, aşağıdan gələnlər qabağa keçmək istəyirlər. Lakin sol tərəfdə dayananlar imkan vermir. Onlar da deyir ki, zəhmət olmasa, çəkilin, keçək də. Solda dayananlar da böyük bir minnətlə “keçin” deyirlər. Keçənlərin arxasınca da danışırlar ki, axı nə olub, bir-iki dəqiqə tez çıxmış guya nə olacaq, bizi bu qədər narahat edirsiniz. Elə bu anda mikrofondan həmişəki qızın səsi gəlir: zəhmət olmasa sağ tərəfdə dayanın, sol tərəfi keçid üçün boş saxlayın.

Dinləyirəm və öz-özümə deyirəm ki, ay yazıq, bunu neçə milyonuncu dəfədir deyirsən?..

Mətanət Məmmədova

Digər xəbərlər