PDF Oxu

Sosial

  • 849

WUF13 gündəmi: Azərbaycan dünyaya yaşıl gələcək çağırışı edir

image

Azərbaycanın təşkilatçlığı ilə Bakıda təşkil olunmuş World Urban Forum 13 (WUF13) uğurla davam edir. Qeyd edək ki, şəhərləşmə, dayanıqlı inkişaf, urbanizasiya məsələlərinə həsr olunmuş və dünyanın ən böyük beynəlxalq platformalarından biri olan WUF13-ün Bakıda keçirilməsi dünyanın diqqətini Azərbaycan yönəldib. Forumun Bakı şəhərində keçirilməsinin ölkəmiz üçün hansı siyasi, iqtisadi və sosial faydaları olacaq?

“Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyinin sədri Təbriz Ağayevin fikrincə, 182 ölkədən 45 mindən artıq nümayəndənin qeydiyyatdan keçdiyi, nüfuzlu dünya ölkələrinin nümayəndələrinin iştirak etdiyi mötəbər tədbir bir sıra aspektdən ölkəmiz üçün faydalı olacaq: “Əvvəla, qlobal iqlim dəyişikliyi ilə mübarizə dövründə bu cür nüfuzlu platformalarda müzakirələrin açılması, urbanizasiyanın yaratdığı problemlərin, iqlim dəyişikliyi, ekoloji təhlükəsizlik, ağıllı şəhərlər, yaşıl nəqliyyat, sosial bərabərlik kimi aktual məsələlərin qlobal beyin mərkəzlərinin gündəminə gəlməsi yaxşı haldır.

Urban forumu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək verir. Bu platforma üzərindən keçirilən müzakirələrdə dünya ölkələrin hökumət nümayəndələri, şəhərsalma üzrə ekspertlər, ekoloqlar qabaqcıl təcrübələrini bölüşür, dövlətlər, təşkilatlar arasında yeni əməkdaşlıq imkanları yaranır. Mənim diqqətimi çəkən forumda yaşıl enerji, tullantıların, su ehtiyatlarının səmərəli idarə olunması və şəhərsalmada ekoloji düşüncəyə əsaslanan texnologiyaların tətbiqi məsələlərinin diqqətdə saxlanmasıdır. World Urban Forum 13 kimi nüfuzlu beynəlxalq tədbirlər şəhərsalma, rəqəmsal texnologiyalar, ağıllı şəhər modelləri və müasir infrastruktur layihələri sahəsində Azərbaycanın qazandığı təcrübənin dünyaya tanıdılması baxımından da mühüm fürsətdir. Bu cür qlobal platformalar vasitəsilə Azərbaycan son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq, tikinti və yenidənqurma layihələrini dünya ölkələrinə təqdim etmək imkanı qazanır.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ölkəmizin müasir şəhərsalma sahəsində formalaşdırdığı yeni inkişaf modelini nümayiş etdirir. Obrazlı desək, Azərbaycan dünyaya yaşıl gələcək çağırışı edir. Ölkəmizdə yaradılan rəqəmsal idarəetmə sistemləri, alternativ enerji mənbələrindən istifadə, ekoloji nəqliyyat infrastrukturu, yaşıl zonaların yaradılması və dayanıqlı tikinti layihələri beynəlxalq mütəxəssislərin marağına səbəb olur. Forumda iştirak edən xarici qonaqlar Azərbaycanın tətbiq etdiyi müasir şəhərsalma modelləri və icra olunan layihələrin sosial və ekoloji üstünlükləri ilə yaxından tanış olurlar. Bu gün Azərbaycan təkcə enerji və geosiyasi baxımdan deyil, həm də innovativ şəhərsalma modelləri ilə, yaşıl yanaşması ilə diqqəti çəkir. Bu cür nüfuzlu platformalar həmçinin qlobal şirkətlər, şəhərsalma qurumları ilə yeni əməkdaşlıq imkanları açır.

Təbriz Ağayev bildirib ki, bu cür tədbirlərin Bakıda təşkil olunması ölkəmizə olan marağı artırır, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir: “Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransına uğurla ev sahibliyi edib, bu il World Urban Forum 13-ü də uğurla təşkil edib. Bu tədbir ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını göstərir, ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə səbəb olur”.

QHT sədrinin sözlərinə görə, WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlər şəhərsalma, rəqəmsal texnologiyalar, ağıllı şəhər modelləri və müasir infrastruktur layihələri sahəsində Azərbaycanın qazandığı təcrübənin dünyaya tanıdılması baxımından da önəmlidir.

“Son illər Azərbaycanda: Bakı, Gəncə, Sumqayıt, Xırdalan kimi iri şəhərlərdə, o cümlədən işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ekoloji texnologiyalara əsaslanan, insanyönlü modern şəhərsalma layihələri icra olunur. “Ağıllı şəhər”, “ağıllı kənd” modelləri tətbiq edilir. Nəqliyyat infrastrukturu yaşıl texnologiyalara əsaslanaraq yenidən qurulur. İri şəhərlərin küçə və meydanları insan yönümlü olaraq təşkil edilir. Bakıda yaşıl nəqliyyata keçid istiqamətində mühüm addımlar atılıb. Bu gün paytaxtımızda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr uzunluğunda velosiped yolu yaradılıb. Marşrut xəttlərinə elektriklə işləyən avtobuslar buraxılıb. Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur. WUF13 çərçivəsində keçirilən tədbirdə çıxışında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt sakinlərini sevindirəcək daha bir layihənin anonsunu verib. O, qeyd edib ki, hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır. Merin sözlərinə görə, Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur. Bu layihə şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına səbəb olacaq”.

Elçin

Digər xəbərlər