Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Təmasların möhkəmlənməsində liderlərin və digər yüksək səviyyəli rəsmilərin mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır. 2025-ci il iyulun 2-də Azərbaycan dost ölkədən daha bir böyük nümayəndə heyətini qarşılayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb.
Azərbaycanla Özbəkistan arasında müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlər yüksək dinamikası ilə səciyyələnir. Qəbulda ikitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirib.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq genişlənir.
Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. Nəqliyyat sektoru iki dost dövlət, bütövlükdə Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir.
Azərbaycanla Özbəkistan arasında münasibətlərin intensivləşməsindən söhbət açarkən birgə hökumətlər arası komissiyanın uğurlu fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. İki ölkə arasında əməkdaşlıq üzrə birgə hökumətlər arası komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da aktivləşdirilib. İqtisadi-ticarət, investisiya tərəfdaşlığımız genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlar arası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlığımızın gündəliyində olan məsələlərdəndir.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verən ölkələr sırasında yer alır. O cümlədən dost ölkə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verir. Bildiyimiz kimi 2023-cü ildə Füzulidə Özbəkistan tərəfindən Prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin binası tikilib istifadəyə verilmişdir.
Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir.
Dövlətimizin başçısı sözü gedən layihə haqqında: “Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk.” - deyə bildirmişdir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini