PDF Oxu

Siyasət

  • 533

Qarabağdan yüksələn diplomatik mesaj - ŞƏRH

image

2025-ci il iyulun 4-də Azərbaycanın Xankəndi şəhəri tarixdə ilk dəfə beynəlxalq səviyyəli sammitə-İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Prezident İlham Əliyevin bu tədbirdəki çıxışı yalnız regionun bərpası və iqtisadi əməkdaşlıqla bağlı çağırışlardan ibarət deyildi, həm də müasir Azərbaycanın strateji hədəflərini, tarixə münasibətini və beynəlxalq güc kimi özünü necə təqdim etdiyini bəyan edən sistemli bir siyasi bəyanat idi.

Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təntənəsi olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin reinteqrasiyasında yeni mərhələnin göstəricisidir. Xatırladaq ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ermənistanın otuzillik işğalına son qoyaraq, 300-dən çox şəhər və kəndini azad etdi. Nəticədə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiyaya məcbur oldu. Bu müharibə yalnız hərbi deyil, həm də diplomatik uğur idi. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi real nəticəyə çevrildi.

Prezident İlham Əliyev çıxışında Ermənistan tərəfindən törədilən genişmiqyaslı dağıntılara, xüsusilə dini və mədəni irsə qarşı aparılmış sistemli vandalizmə diqqət çəkdi. İşğal dövründə 67 məsciddən 65-i tamamilə dağıdılıb, digərləri isə təhqiramiz şəkildə istifadəyə verilib. Qəbiristanlıqlar, muzeylər və tarixi abidələr hədəf seçilib, bu isə yalnız Azərbaycan deyil, İslam aləminə qarşı da açıq hörmətsizlik idi. Bütün bu vandalizm nəticəsində Azərbaycana vurulan ziyanın beynəlxalq ekspertlərin iştirakı ilə aparılan qiymətləndirməyə əsasən 150 milyard ABŞ dollarından çox olduğu bildirilmişdir.

Azərbaycanın gələcəyə baxışı isə keçmişlə hesablaşmanı inkar etmir, əksinə onu bərpa və sülh üzərində yeni bir regional arxitektura qurmaq üçün əsas kimi qəbul edir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox insan azad olunmuş ərazilərə qayıdaraq orada yaşayır, işləyir və təhsil alır. Bu yanaşma yalnız humanitar deyil, həm də strateji modeldir, sabitliyin bərpası yalnız fiziki quruculuqla deyil, ictimai reinteqrasiyayla mümkündür.

Prezident İlham Əliyevin çıxışı, həmçinin Azərbaycanın artan diplomatik fəallığını da əks etdirirdi. Xüsusilə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına sülh yolu ilə qayıtması istiqamətində aparılan təşəbbüslər beynəlxalq səviyyədə dəstək qazanır. 2025-ci ilin iyununda İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasında bu məsələyə dair yekdil qətnamənin qəbul olunması Azərbaycanın diplomatik səylərinin nəticəsidir.

Azərbaycan eyni zamanda ECO məkanında dayanıqlı inkişaf, yaşıl enerji və tədqiqat sahələrində də liderlik iddiasını möhkəmləndirir. 2024-cü ildə Bakıda keçirilmiş COP29 konfransında əldə edilən əsas nəticələr-inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyinin artırılması, İtki və Zərər Fondunun istifadəyə verilməsi və karbon bazarları haqqında razılaşmalar Azərbaycanın qlobal iqlim gündəmindəki aktiv rolunu göstərir. Bu baxımdan, 2026-cı ilin Şuşasının ECO tərəfindən “Turizm paytaxtı” elan olunması da simvolik əhəmiyyət daşıyır.

İqtisadi müstəvidə isə Prezident Əliyev Azərbaycanın sərmayə iqliminin sabitliyi, nəqliyyat dəhlizləri üzərindəki tranzit gücü və enerji ixrac potensialı barədə konkret göstəricilərlə çıxış etdi. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə cəlb olunub, bunun yarısı xarici mənbələrdəndir. Bu gün Azərbaycan təbii qazını 12 ölkəyə ixrac edərək enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkənin geosiyasi önəmini daha da artırır.

Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə keçirilən ECO Həftəsi çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil olunmuş və bu platformalarda regional əməkdaşlığın dərinləşdirilməsi üçün ideyalar təqdim olunmuşdur. Eyni zamanda, Azərbaycanda qurulacaq ECO Tədqiqat və Təmiz Enerji mərkəzləri regionun elmi və texnoloji inkişafına töhfə verməyə hesablanıb.

Bütün bu faktlar fonunda, Prezident İlham Əliyevin Xankəndidə səsləndirdiyi nitq, yalnız siyasi və iqtisadi açıqlamaların toplusu deyil, Azərbaycanın gələcək strateji trayektoriyasının bəyanı kimi də qəbul olunmalıdır. Əldə edilmiş geosiyasi reallıq fonunda Xankəndidə keçirilmiş bu zirvə, Azərbaycanın regionda sabitlik, əməkdaşlıq və bərpa əsasında qurulmuş gələcək vizyonunu beynəlxalq ictimaiyyətə aydın və qətiyyətli şəkildə təqdim etdiyi strateji dönüş nöqtəsi kimi tarixdə qalacaq.

Tutu Kamalqızı

YAP Zəngilan rayon təşkilatının sədr müavini

Digər xəbərlər