Bu gün Azərbaycan artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmiz4 iyul 2025-ci il tarixində daha bir mühüm beynəlxalq tədbir olan Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Qeyd edək ki,Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) fəal üzvüdür.Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir.Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir.17-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının bir daha təsdiqidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin tarixi hadisə olmaqla bərabər xüsusi mənada kəsb edir.Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbirlər keçirilib. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünu misal göstərmək olar. Bu gün işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Xankəndi şəhərinin mötəbər beynəlxalq tədbirlərə, sammitlərə ev sahibliyi etməsi çox qürurverici haldır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ECO-ya üzv ölkələrin dövlət və hökumət başçılarını - Türkiyə, Pakistan, İran, Özbəkistan, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyətinin liderlərini, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Əfqanıstan, Türkmənistan və Nigeriyadan olan yüksəksəviyyəli qonaqları, BMT-nin ali təmsilçisini Xankəndidə, yeni inşa olunmuş Konqres Mərkəzində qarşıladı.
Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində sonsuz sevinc, qürur hissi yaratdı. 30 il davam edən işğal dövrünün əsas hədəfi olan “Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışı artıq reallığa çevrilməklə yanaşı, bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan Bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır.3-4 iyul tarixlərində Xankəndi şəhərindən beynəlxalq aləmə türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti mesajları ünvanlandı. Son illərin Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı,həmrəyliyi də Zirvə görüşünün diqqətçəkən mühüm məqamlarından oldu.
Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamları xüsusi qeyd etdi ki, ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə ölkəmiz dünyada ön sıralardadır.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşü bir daha təsdiq etdi ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tarixi miqyası düşündüyümüzdən də böyükdür. Xankəndidən yayımlanan möhtəşəm səhnələri seyr etdikcə, daha çox hiss edirsən ki, qalib dövlətin vətəndaşı olmaq həqiqətən böyük xoşbəxtlikdir. Çünki Xankəndi Zirvə görüşü bərpa olunan tarixi ədaləti tərənnüm etməklə yanaşı, qürurlu və ləyaqətli xalqın, qüdrətli və qalib dövlətin dünyaya yenidən təqdimatıdır.
Azərbaycan ECO çərçivəsində əlaqələrin gücləndirilməsində və əməkdaşlığın genişləndirilməsində maraqlı tərəfdir. Xankəndində keçirilən Zirvə görüşü ölkəmizin ECO daxilində yüksək etimada, təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri