PDF Oxu

Siyasət

  • 1 771

İqtisadi Əməkdaşlıq Zirvəsi tarixlə gələcəyin kəsişməsində - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil və balanslı xarici siyasət, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr öz bəhrəsini verməkdə davam edir. Məlum olduğu kimi 4 iyul 2025-ci il tarixində Xankəndi şəhəri Azərbaycan tarixində növbəti önəmli hadisəyə ev sahibliyi etdi. İşğaldan azad edilərək dirçəliş mərhələsinə qədəm qoymuş Qarabağın paytaxtında yeni inşa edilmiş Konqres Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib. Görüşün əsas mövzusu “Dayanıqlı və iqlim dəyişikliyinə davamlı bir gələcək naminə yeni İqtisadi Əməkdaşlıq Təşkilatı vizyonu” olub. Sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat daxilində islahatlar müzakirə olunaraq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Bu sammit bütün dünyaya Azərbaycanın öz inkişafı ilə yanaşı, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkə olduğu mesajını verir, eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətini artıq münaqişə deyil, sülh, sabitlik və iqtisadi dirçəliş məkanı olan Qarabağda gedən müsbət dəyişikliklərə yönəldir.

Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılış nitqi təkcə Azərbaycanın deyil, ümumilikdə regionun siyasi, iqtisadi və strateji mənzərəsinin dərin təhlilinə çevrildi. Prezident çıxışına “Qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” sözləri ilə başlayaraq, tədbirin keçirildiyi məkanın simvolik əhəmiyyətini ön plana çəkdi. İşğaldan azad olunmuş ərazilərdə bu səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın suverenlik prinsipinin beynəlxalq miqyasda qəbul olunduğunun göstəricisidir. Azərbaycanın 2006 və 2012-ci illərdə də İƏT Zirvə görüşlərinə ev sahibliyi etdiyini xatırladan Prezident, bu dəfəki görüşün məhz tarixi Zəfər məkanında - Qarabağ torpağında keçirilməsinin xüsusi rəmzi məna, yüksək diplomatik və strateji əhəmiyyət daşıdığını bildirdi.

Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənasını vurğulayan dövlət başçısı bildirdi ki, bu zamana qədər Xankəndidə bir neçə mühüm beynəlxalq tətbir - 2023-cü ildə Şuşada İƏT Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü, 2025-ci ilin may ayında isə Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşü keçirilib.

Ermənistanın Azərbaycan torpaqlarında 30 il davam edən işğal siyasətini və bu müddətdə həyata keçirdiyi etnik təmizləmə, dini və mədəni vandalizmi faktlarla ortaya qoyan Prezident İlham Əliyev bildirib ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir, 67 məsciddən 65-i dağıdılıb, qəbiristanlıqlar vandalizasiyaya məruz qalıb, ərazilərimizdə düşmən tərəfindən basdırılan milyonlarla mina səbəbindən 400 nəfər həyatını itirib və ya ağır xəsarətlər alıb, işğal nəticəsində Azərbaycana vurulmuş zərərin hesabı təqribən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirilib.

2020-ci ildə gedən 44 günlük Vətən Müharibəsinin nəticələrini qürurla xatırlayan ölkə başçımız 300-dən çox şəhər və kəndin azad olunduğunu, Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olduğunu bildirib.

Hazırda Ermənistanın xarabazara çevirdiyi torpaqlarda Azərbaycan hökumətinin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində yeni şəhər və kəndlərin inşa edildiyini, artıq 50 mindən çox insanın işğaldan azad olunmuş ərazilərə qayıdaraq, burada yaşadığını və çalışdığını bildirən Prezident bu qayıdışı yalnız fiziki deyil, həm də mənəvi dirçəliş kimi təqdim edərək, əhalinin təhlükəsiz və ləyaqətli yaşayışı üçün infrastruktur layihələrinin davam etdiyini qeyd edib.

Qərbi azərbaycanlıların hüquqlarının təmin olunmasının böyük əhəmiyyətini qeyd edən cənab Prezident iyun ayında İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququna dəstək ifadə edən qətnamənin 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdiyini bildirdi.

2024-cü ildə Azərbaycanda keçirilən 197 ölkənin, 70 dövlət və hökumət başçısının iştirak etdiyi COP29 konfransında əldə olunmuş nailiyyətlərdən bəhs edən Prezident İlham Əliyev qeyd edib ki, bu platformada inkişaf etməkdə olan ölkələrə iqlim yardımları üçün 100–300 milyard dollarlıq maliyyə dəstəyinin planlaşdırılması Azərbaycanı beynəlxalq iqlim gündəmində əsas oyunçulardan birinə çevirir.

Çıxışının davamında dövlət başçımız İƏT çərçivəsində Azərbaycanın təşəbbüskarlığını və fəallığını xüsusi vurğulayaraq, ölkəmizdə İƏT Təmiz Enerji Mərkəzi və Tədqiqat Mərkəzi kimi strateji mərkəzlərin yaradılmasını, Şuşanın 2026-cı il üçün təşkilatın turizm paytaxtı elan olunmasını bu istiqamətdə atılan mühüm addımlar kimi təqdim edib. Həmçinin bu il İƏT Həftəsi çərçivəsində ilk dəfə olaraq Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumunun keçirilməsinin Azərbaycanın təşəbbüslərinin regionda nümunəvi praktikaya çevrildiyini göstərdi.

Azərbaycanda müsbət sərmayə iqliminin olduğunu söyləyən Prezident İlham Əliyev son 20 il ərzində Azərbaycan iqtisadiyyatına qoyulan 350 milyard ABŞ dolları sərmayənin yarısının xarici sərmayə olduğunu vurğulayıb. Hazırda bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən, müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edən Azərbaycan bu göstəriciyə görə dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.

Prezident İlham Əliyev çıxışının sonunda bütün tədbir iştirakçılarına təşəkkür edərək, Xankəndi Zirvəsinin sülh və əməkdaşlıq mesajı verdiyini vurğulayıb.

Zirvə görüşü həm məkan, həm də məzmun baxımından Azərbaycanın güclü dövlətçilik iradəsini, regional və beynəlxalq təşkilatlarda artan nüfuzunu bir daha nümayiş etdirdi. Bu tədbir Azərbaycanın diplomatik mövqeyinin gücləndiyini, azad edilmiş ərazilərin yenidən beynəlxalq gündəmə daxil olduğunu, regionda yeni sabitlik və inkişaf mərhələsinin başlandığını göstərdi.

Günay Məmmədli
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı üzrə (ADSEA) ərazi partiya təşkilatının sədri

Digər xəbərlər