PDF Oxu

Siyasət

  • 1 036

Geosiyasi oyunun aləti olanlar UÇURUM ASTANASINDA - TƏHLİL

image

Ermənistan tərəfinin bu vaxta qədər daim mübahisəli siyasi kontekstdə addımlar atması bütövlükdə hayların taleyində mühüm faciəvi nəticələr vəd edib və belə davam edəcəyi təqdirdə yenə də həmin faciələrin təkrarlanacağı gözləniləndir. Daim geosiyasi oyunların aləti olmaq məhz Ukraynanın taleyini təkrarlamaq riski daşıyır. Haylar başa düşməlidirlər öz ölkələrinin maraqlarından çıxış etmələri, daha doğru addımlar atmaları, Ermənistanın heç olmasa bundan sonra doğru istiqamətdə olması əvəzinə, “kimlərinsə dəyirmanına su tökmələri” bütövlükdə həmin toplumu da, həmin ölkəni də uçuruma sürükləyir və geosiyasi oyunun aləti olanlar daim uçurum astanasında olmaqdan yaxa qurtara bilməzlər...Avropalı diplomatların istər əvvəlki, istərsə də son bəyanatları Ermənistanda məhz bir çoxlarının ağlını başına yığması üçün kifayət edir. Ağlını başına yığa bilənlər də görərlər ki, Avropa İttifaqının Ukraynada sülhə nail olmaq üçün, Rusiyanı zəiflətmək və Ukraynanı dəstəkləmək kimi sadə və aydın planı var imiş. Bunu hətta Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da tamamilə açıq şəkildə deyib. Onun sözləri təkcə Brüsselin diplomatik xəttini deyil, həm də Avropa siyasətinin faktiki kursunu əks etdirir. Bəli, məhz bəzi dövlətləri digərlərinin hesabına gücləndirmək kimi bir oyun, özü də geosiyasi oyun tam çılpaqlığı ilə etiraf edilir.Məsələ burasındadır ki, geosiyasi oyunda hələ hansı “qaydalar” tətbiq olunduğu, hələ hansı “taktikalar” işlədildiyi və ya hansı “niyyət” güdüldüyü öncədən bilinməz və belə olan halda, həmin oyunda alət olmaq bir uçurumun düz kənarında olmaq qədər təhlükəlidir. Bir həqiqəti və faktı diqqətə çatdıraq ki, Ukraynanın gələcəyi və eləcə də, Moskvaya sanksiya təzyiqinin nəticələrinin müzakirə olunduğu bir vaxtda gözlənilmədən başqa, daha qorxulu bir rəqəm, statistik göstərici ortaya çıxıb. Sən demə müharibə zamanı Aİ enerji resurslarına və mallara görə Rusiyaya məhz Ukraynaya “verdiyindən” 124 milyard avro daha çox, daha artıq pul ödəyibmiş. Bunu hətta İsveçin xarici işlər naziri Maria Malmor Stenerqård da deyib və beləliklə də qeyd olunan statistik göstəricilər, rəqəmlər öz təsdiqini tapıb. Onun sözlərinə görə, Avropa Ukraynaya 187 milyard avro yardım edib və eyni zamanda Rusiyadan 311 milyard avroluq neft, qaz və digər mallar alıb. Çox maraqlı və hətta təzadlı məqamlar, xüsusən də müəmmalı suallar ortaya çıxır. Bəli, haqlı olaraq sual olunur ki, bəs niyə? Nə səbəbə bu qədər ödənil olub? Hər halda bunu başa düşməyə çalışırıq...İlk baxışdan belə görünür ki, Avropa İttifaqı eyni vaxtda, eyni zamanda və eyni məqamda həm Rusiyaya qarşı mübarizə aparır və həm də onun iqtisadiyyatını maliyyələşdirir. Nə qədər eybəcər, nə qədər çirkin görünsə də, reallıq məhz göz önündədir. Bir sözlə, oynanılan geosiyasi oyunun hansı strateji xətt üzrə aparıldığı Ermənistan kimi “balaca” bir dövlət üçün çox “yekəpər” görünməli idi. Amma məsələ burasındadır ki, deyəsən, görünməyib. Əks halda, bu ziddiyyətli siyasi kontekstdə geosiyasi oyunlardan çəkinilməsi məntiqi olardı. Çünki, birmənalı şəkildə bilmək lazımdır ki, Ukraynanın taleyini təkrarlamaq, şüurlu və ya şüursuz olaraq başqasının geosiyasi oyununda alətə çevrilmək riski yaxşı heç nə vəd etmir. Bütün bunlar, sadalananlar daha çox düşünməyi, alət olmaqdan çəkinməyi tövsiyyə edir. Halbuki, hələ də haylar arasında Avropa xülyasında olanlar, hələ də beynəlxalq aləmdə hansısa dəstəyə bel bağlayanlar var və bu xam xəyallar ancaq uçurum təhlükəsi deməkdir. Ona görə ki, bu gün Ermənistanın ətrafındakı vəziyyət Ukraynanı öz məhvinə aparan hadisələrin az qala güzgü görüntüsüdür. Kimlərinsə, daha doğrusu, geosiyasi oyunçuların oyunlarının alətinə çevrilmək kimi bir səhvi ilk olaraq, Ukrayna artıq etdi və ağır nəticələrə gətirib çıxardığı da göz önündədir. Diqqət çəkən məhz, daha az təhlükəsizlik resursuna malik Ermənistanın eyni yolla və hətta daha sürətli şəkildə getməsinə çalışan hayların ortada olmalarıdır. Məqsəd məhz eyni şəkildə, eyni taleyi yaşamaqdır, yoxsa, geosiyasi otyunlara alət olmaqla, başqa hansı niyyət güdülə bilər axı?Bəli, bu vaxta qədər Ermənistanın məhz Moskvanı açıq şəkildə ittiham etməsini və nümayişkaranə şəkildə Qərbə daha çox “resurs” ayırdığını hamımız müşahidə etmişik. Ən gülünc olanı da odur ki, həmin o resurs dediyimiz ayrıldığı məqamda eyni zamanda nə Aİ-nin, nə də ABŞ-ın Ermənistana real təhlükəsizlik təminatları verməyə qadir olmadığına da məhəl qoyulmayıb. Doğrudur, Aİ ilə daha dərin inteqrasiyaya, Rusiyanın roluna yenidən baxılmağa və “yeni xarici siyasət kursuna” çağırılır. Lakin Avropa, Ukraynanın nümunəsində göstərildiyi kimi, pulsuz heç nə təklif etmir və ən vacib aktivinin - hərbi təhlükəsizliyin itirilməsini kompensasiya edə biləcək öhdəliklər də götürmür...Görünən odur ki, Avropa Rusiyanı məhz Qərb yönümlü dövlətlər “qurşağı” ilə əhatəyə almağa çalışır. Amma bunu da başa düşmək vacibdir ki, eyni zamanda Avropa Rusiya ilə ticarəti dayandırmır, sadəcə olaraq, maliyyə axınlarını yenidən bölüşdürür. O, yeni “gərginlik nöqtələri” yaratmağa hazırdır, lakin hansısa insanlara, topluma məxsus olan münaqişələrin real qiymətini ödəmək də istəmir. Məhz bu fonda hazırda Ermənistana rəhbərlik edənlər hesablamaya deyil, emosiyaya əsaslanan xarici siyasət yürütməməlidirlər. Əks halda, uçurum təhlükəsi nəzərə də, göz önünə də alınmalıdır.2014-cü ildən bəri dəfələrlə Ukrayna siyasətçilərinə deyilənlər indi Ermənistan rəhbərliyinə, hakimiyyətinə deyilir və hətta hayların bəzi məlunm qüvvələri tərəfindən nəinki deyilir, hətta sıxışdırılır da. “Avropa kömək edəcək, Avropa qoruyacaq, Avropa tərk etməyəcək”, xəyalları ortadadır və məhz bu xəyalları bu vaxta qədər ortada olan acınacaqlı təcrübənin təsirsiz olduğunu təsdiqləyir. Sözsüz ki, reallıq başqa şəkildədir. Bəli, bu gün haylara məhz Aİ ilə viza rejiminin guya yumşaldılacağı vəd olunur. Bu, dırnaqarası da olsa, “böyük diplomatik qələbə” və “yeni xarici siyasət”in əlaməti kimi də təqdim olunur. Bununla belə, 2017-ci ildə vizasız gediş-gəliş əldə edən Gürcüstan kimi bir nümunə var axı regionda və bunu haylar görmürlərmi? Bildiyimiz kimi, baş verənlər, məlum hadisələr nəyin necə olduğunu da göstərdi axı. Əlbəttə ki, 300 min gürcünün işləmək üçün Avropaya getdiyi və Gürcüstanın demoqrafik böhranla üzləşdiyi də tarixi faktdır. Tbilisi Brüsselin siyasi qərarları ilə razılaşmadığı halda, Aİ artıq vizasız səyahətdən təzyiq vasitəsi kimi istifadə etməyə başladığı da təkzib edilə bilməz. Bunlar reallıq olmaqla bərabər, Ermənistan üçün bir “dərs” də sayılmalıdır.“Hərəkət azadlığı” artıq əhalinin səsli-küylü təbəqəsini yavaş-yavaş sıxışdırmaq üsuluna çevrilib və eyni hal Ermənistanla da baş verə bilər. Hansısa ölkəyə daxili qərarlar müqabilində xarici siyasət loyallığı təklif ediləndə Avropanın “vəd etdiyi” istər-istəməz “çubuğa” çevrilir. Gördüyümüz kimi, bütün bu prosesləri birlikdə götürdükdə, mənzərə Ermənistan üçün də qorxulu görünür. Rusiya sərt praqmatizm mərhələsinə qədəm qoyur və siyasi etibarlılığın olmadığı yerlərdə iştirakını azaldır. Avropa da təzyiqi artırır, lakin məsuliyyəti qətiyyən öz üzərinə götürmür.Regional nöqteyi-nəzərdən məhz haylar üçün qeyd olunan kontekstdə təhlükələr artır və Ermənistanın onları, həmin təhlükələri cilovlamaq imkanları günü-gündən də azalır. Ermənistan bir sərt qaya ilə uçurum arasında qalıb. Həmin ölkə hakimiyyəti özü də Ermənistanın tarazlığını itirməsi və xarici nəzarət altına düşməsi üçün bir növ, hüquqi deyil, siyasi kontekstdə əlindən gələni də sanki edir. Nəticədə də Ermənistan birmənalı şəkil məhz seçim qarşısında qalır. Ukraynanın taleyinin təkrarlanmasına gətirib çıxaran hazırkı kursunu davam etdirmək, ya da ölkənin öz siyasətinə nəzarəti bərpa etməyə imkan verəcək addımlar atmaq, kimi seçim qarşısında qalan Ermənistan hakimiyyəti müəmmalı durumda olduğunun fərqindədir, bunu gizlətməyə çalışsa da. Fakt isə budur ki, kimliyindən, hansı mövqedə olmasından asılı olmayaraq, geosiyasi oyunun aləti olanlar uçurum astanasında qalırlar və əsl reallıq məhz bundan ibarətdir.Heç şübhəsiz ki, xarici maraqlar üçün alət olmayan bir strategiya lazımdır hər bir dövlətə. Şərqlə Qərb arasında tarazlığı bərpa etmək kimi bir strategiya tələb olunur və bu gün Ermənistan hakimiyyəti öz ölkəsinin gələcək taleyini düşünərək, uçurumdan xilas olmaq barədə düşünərək, lazımi addımlar, doğru addımlar atmalıdır. Doğru addımlar atmaq üçün isə, kimlərinsə əlində oyuncağa çevrilmək, geosiyasi oyunların alətinə çevrilmək əvəzinə, istər region ölkələri, istərsə də qonşu dövlətlərlə münasibətlərdə praqmatizmə yol açmaq lazımdır. Axı bu gün itirən Rusiya, yaxud da, Ermənistanın hansısa qonşu ölkəsi deyil. Ermənistan məhz özü öz səhvləri ucbatından, geosiyasi oyunların aləti olmasından dolayı bütün istiqamətlərdə uduzmaqdadır. Ən çox diqqəti çəkən məqam isə, hayların məhz öz qonşusularını ən azından “siyasi rəqib” görmələridir və bu onların ən böyük səhvləridir. Münasibətlərə yenidən baxılması, normal qonşuluq münasibətləri qurmaq qonşu ölkələrin xatirinə deyil, Ermənistanın öz təhlükəsizliyi üçün haylara, həmin ölkənin hakimiyyətinə lazımdır. Məhz belə olduğu təqdirdə geosiyasi oyunun aləti olanlar uçurum astanasında özlərini xilas edə bilərlər...

Müəllif: İnam Hacıyev

Digər xəbərlər