“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin təşkili məqsədilə geniştərkibli görüş keçirilib.
Görüşdə ərazi partiya təşkilatlarının sədrləri, sədr müavinləri, fəallar və münsiflər heyətinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən dərindən öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu məqsədlə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdlərinin, eləcə də musiqi məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə ümumrayon səviyyəsində müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulur.
İlqar İlyasov vurğulayıb ki, Ümummilli Liderin həyat yolu və çoxşaxəli fəaliyyəti hərtərəfli tədqiq olunmalı, geniş ictimaiyyətə çatdırılmalıdır. Onun sözlərinə görə, müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatları tərəfindən il ərzində Heydər Əliyevin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının təbliği istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Eyni zamanda bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış Tədbirlər Planına uyğun olaraq müsabiqələr, aksiyalar, görüşlər, tədbirlər və konfranslar təşkil ediləcək. Bu tədbirlər Ümummilli Liderin müasir dövlətçilik tariximizdəki müstəsna rolunun daha dərindən öyrənilməsinə və təbliğinə mühüm töhfə verəcək.
Sonda müsabiqənin təşkili ilə bağlı vəzifə bölgüsü aparılıb, təşkilati məsələlər ətraflı müzakirə olunub. İşçi qrupunun və müsabiqə komissiyasının yaradılması, iştirakçıların çıxışlarının müəyyən meyarlar əsasında qiymətləndirilməsi və qaliblərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.