PDF Oxu

Siyasət

  • 528

III Şuşa Qlobal Media Forumu: mühüm dialoq platforması

image

Qloballaşan dünyada tək regionun deyil, bütövlükdə Türk-İslam dünyasının mərkəzinə çevrilən Şuşada təşkil olunan beynəlxalq tədbirlər həm mədəniyyət paytaxtımızın, həm də ölkəmizin dünyada tanınmasında mühüm rol oynayır. Şuşa bütün dünya üçün beynəlxalq səviyyəli tədbirlərin, siyasi diskussiyaların, mədəniyyət və sülh məkanına çevrilib. Bu günlərdə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu artıq ənənəvi xarakter alıb. Forum, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib.

Rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunan Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri bir araya gəlib. Beynəlxalq platformaya çevrilən Forum çərçivəsində aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda Milli Mətbuatının 150-ci ildönümündə Şuşada Beynəlxalq Media Forumunun keçirilməsi dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Media azadlığının təmin olunduğu, internet medianın inkişaf etdiyi, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şəraitin yaradıldığı Azərbaycanda keçirilən tədbirdə - Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı dünyanın çoxsaylı media təmsilçilərinin qarşısında verdiyi mesajlar ölkəmizin reallıqlarını, sülh siyasətinin bir daha geniş miqyasda dünyaya çatdırmış oldu.

Bu Forum, əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib. "Ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında səsləndirib.

Beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilən güclü və qüdrətli Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisi olaraq mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa əsaslanan forumların və s. təşkili ölkəmizə həvalə olunur. Ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın ev sahibliyi etməsi Azərbaycanda hökm sürən mövcud durumun - sabitliyin, təhlükəsizliyin təzahürüdür. Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi ölkəmiz ətrafında həqiqətlərin təqdimi idi. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasından baxıldı. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı prioritet sahə kimi qəbul etdiyini bütün dünyaya göstərə bildi.

Müasir dünyada iqlim dəyişmələrindən ən çox əziyyət çəkənlər ada dövlətləridir. Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasına xüsusi olaraq diqqət ayırır və kiçik ada dövlətlərinin üzləşdikləri çətinliklərin, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına öz töhfəsini verir. Kiçik ada ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərini dəstəklədiyi kimi, COP29-un sədri kimi onlara dəstəyini də ifadə etmiş oldu. "COP29 çərçivəsində iqlim dəyişmələri ilə bağlı Afrika ölkələrinə birmənalı dəstək gündəliyimizin prioritetlərindən biri idi", - deyən Prezident bildirib ki, bizim inkişaf edən kiçik ada dövlətləri üzrə xüsusi formatımız var, çünki yaranmış təhlükə onlar üçün ekzistensional xarakter daşıyır: "Biz bunu bilirik, çünki onların mövcudluğu, ümumiyyətlə, dünya okeanının səviyyəsindən asılıdır. Lakin Afrika qitəsindəki ölkələrə gəldikdə, onlar da bizim gündəliyimizdədir… Biz bəzi Afrika ölkələri üçün bir sıra aşağı faizli kredit müqavilələri üzərində çalışırıq. Mən xüsusi təfərrüatlara varmaq istəmirəm, lakin bu, həqiqətən gündəliyimizdədir və biz daha fəal olmaq istəyirik. Bir yerdə çox iş görə bilərik, çünki biz xaricə sərmayələr yatırmaq istəyirik və investisiya üçün sahələr axtarırıq".

Azərbaycan Prezidentinə ünvanlaran suallar əsasında dövlətimizin başçısı özünü risklərdən qorumaq üçün coğrafiyadan istifadə etməyin vacibliyini də vurğulayıb. "Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətinizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu işdə coğrafiyanın mühüm rolu olub", - deyə Prezident İlham Əliyev vurğulayıb. Dövlət başçımız onu da qeyd edib ki, uğurlu siyasətin mühüm amili həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox digərlərinin xətti ilə sammit formatlarında fəal iştirak edən Azərbaycanın nadir ölkələrdən olmasıdır.

Dövlətimizin başçısı Ona ünvanlanan suallar çərçivəsində Cənubi Qafqazın sabit məkan olacağını bildirərək, bizə sabitliyin, təhlükəsizliyin lazım olduğunu qeyd edib. Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu bildirən Prezident İlham Əliyev Qafqaz xalqlarının bundan çox əziyyət çəkdiklərini xatırladıb və qətiyyətlə "Biz artıq sülh şəraitində yaşamalıyıq", - deyə diqqətə çatdırıb. "Biz sülh sazişinə nə dərəcədə yaxınıq, nə qədər nikbin ola bilərik?" - sualına gəlincə, dövlət başçımız bildirib ki, sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Azərbaycan sülh prosesinin təşəbbüskarıdır. Azərbaycan tərəfi iki dövlət arasında münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza prinsiplərini təqdim edib. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bir çox məsələlərə toxunub və öz siyasətinin təməl prinsiplərini sadalayaraq Xankəndidən bir daha Azərbaycanla bağlı həqəqətləri dünyaya mesaj olaraq çatdırıb. Əlbəttə ki, Şuşada keçirilən Qlobal Media Forumunun Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir.

İlkin ABBASOV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini

Digər xəbərlər