PDF Oxu

Siyasət

  • 1 186

Xankəndidən dünyaya mesaj: Sülh, inkişaf və medianın məsuliyyəti

image

19 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndidə keçirilmiş “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb. Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri bir araya gəlmiş və forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi mövzusuna həsr olunub. Beynəlxalq media təmsilçilərinin, tanınmış jurnalistlərin və ekspertlərin iştirak etdiyi tədbirin əsas məqamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimindəki geniş və strateji çıxışı oldu. Prezidentin nitqi yalnız ölkənin daxili və xarici siyasət prioritetlərini deyil, həm də postmünaqişə dövründə regional sabitlik və informasiya təhlükəsizliyi məsələlərini əhatə edərək mühüm mesajlar verdi. O, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bərpa olunmuş ərazilərdə aparılan quruculuq işlərinin dövlət siyasətinin mərkəzində dayandığını vurğuladı.

III Şuşa Qlobal Media Forumunda çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın prinsipial və qəti mövqeyini bir daha beynəlxalq auditoriyaya çatdırdı. Dövlət başçısının “indi biz özümüzə məxsus olanı qaytarmışıq və hamı bununla barışıb” fikri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə tarixə qovuşmuş bir mərhələnin sonunu və yeni dövrün başlanğıcını ifadə edir. Forum çərçivəsində səsləndirilən ən diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu ilə bağlı verdiyi bəyanat oldu. O bildirdi: “Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır”.

Bu bəyanat, əslində, Azərbaycanın uzun illər boyu diplomatik və hərbi müstəvidə apardığı mübarizənin hüquqi və siyasi yekununun beynəlxalq ictimaiyyətə açıq mesajı kimi qiymətləndirilməlidir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan BMT qətnamələrinə uyğun olaraq öz torpaqlarını işğaldan azad etdi. Beləliklə, 30 ildən artıq davam edən və regionda sabitliyə maneə yaradan münaqişəyə faktiki və hüquqi nöqtə qoyuldu.

Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, artıq münaqişə mövcud olmadığından onun həlli üçün yaradılmış strukturun – yəni Minsk qrupunun – fəaliyyəti də mənasız və vaxtilə aktuallığını itirmiş bir formatdır. Bu missiya nəinki nəticə verməmiş, əksinə, status-kvonun saxlanmasına şərait yaratmışdır. Buna görə də Prezidentin çıxışındakı “Minsk qrupunu ləğv etmək lazımdır” fikri Azərbaycanın yeni reallıqları əsas götürən siyasi yanaşmasının ifadəsidir və beynəlxalq qurumlara yönəlmiş açıq çağırışdır.

Ölkə başçısının vurğuladığı kimi, bu gün Cənubi Qafqazda yaranmış vəziyyət yeni yanaşma tələb edir. Əgər Ermənistan da etiraf edirsə ki, münaqişə bitib və Qarabağ Azərbaycanın tərkib hissəsidir, o zaman bu bölgədə hər hansı “xüsusi status” axtarışları, köhnə müzakirə platformalarının gündəmdə saxlanması artıq yalnız destruktiv məqsədlərə xidmət edə bilər. Bunun əvəzində Prezident sülh sazişi imzalanmasının vacibliyini, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşmasının mümkünlüyünü bir daha qeyd etdi.

Cənab Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın siyasi qətiyyətini, beynəlxalq hüquqa əsaslanan mövqeyini və yeni regional düzənin reallıqlarını əks etdirdi. Minsk qrupunun artıq tarixin arxivinə göndərilməsi çağırışı isə, təkcə Azərbaycanın deyil, eyni zamanda regionun gələcək sabitliyi və əməkdaşlığı üçün zəruri olan bir məsələ kimi gündəmə gəldi.

Azərbaycan artıq öz sözünü deyib və öz torpaqlarını geri qaytarıb. Ölkə başçısı cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Biz özümüzə məxsus olanı qaytarmışıq və hamı bununla barışıb”. Bu reallıqla hər kəsin, o cümlədən beynəlxalq təşkilatların da barışması vaxtıdır.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər