Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə keçirilən III Şuşa Qlobal Media Forumu, ölkəmizin qlobal informasiya müstəvisində artan nüfuzunun və strateji kommunikasiya siyasətinin bariz nümunəsidir. Bu mötəbər tədbirdə çıxış edən Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan nəinki regionda, həm də qlobal media məkanında ciddi söz sahibi olan dövlətlərdən biridir.
Dövlət başçısının forumdakı nitqi bir neçə mühüm istiqaməti əhatə etdi: informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, medianın müasir çağırışlara cavab vermə imkanları, eləcə də jurnalistlərin rolunun gücləndirilməsi. Prezident İlham Əliyev çıxışı zamanı dünyada baş verən informasiya savaşlarına toxunaraq bildirdi ki, yanlış və qərəzli məlumatların qarşısının alınması üçün media subyektləri arasında əməkdaşlıq, şəffaflıq və peşəkarlıq əsas şərtdir. Əlamətdar haldır ki, tədbirin məhz Şuşada keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın tarixi və mənəvi irsinə sadiqliyinin, azad olunmuş torpaqlarda həyatın sürətlə bərpasının və Şuşanın yenidən regionun mədəni-siyasi mərkəzinə çevrilməsinin göstəricisidir. Prezident çıxışında xüsusi olaraq vurğuladı ki, Şuşa artıq həm də beynəlxalq tədbirlərin, siyasi və informasiya platformalarının mərkəzinə çevrilməkdədir.Cənab Prezident, medianın cəmiyyətin inkişafında oynadığı rolu önə çəkərək qeyd etdi ki, müasir dövrdə informasiya alətə çevrilə bilər. Bu baxımdan, Azərbaycanın milli maraqlarını müdafiə edən, eyni zamanda beynəlxalq əməkdaşlığa açıq olan media sistemi ölkəmizin strateji üstünlüklərindəndir.III Şuşa Qlobal Media Forumu təkcə media peşəkarları üçün deyil, bütövlükdə Azərbaycan üçün əhəmiyyətli bir hadisədir. Bu forum, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən informasiya siyasətinin, medianın inkişafına və qlobal əməkdaşlığa verdiyi önəmin parlaq göstəricisidir. Azərbaycan artıq təkcə enerji və nəqliyyat qovşağı deyil, həm də sözün, informasiyanın mərkəzinə çevrilir.
Cənab Prezidentin Şuşadakı çıxışı, hər bir jurnalist, informasiya daşıyıcısı və media quruluşu üçün bir çağırış, eyni zamanda bir istiqamətdir – düzgün, dürüst və milli maraqlara xidmət edən informasiya siyasəti qurmaq və qorumaq.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı