Mətbuat hər bir xalqın siyasi, ictimai və mənəvi həyatında əvəzsiz rol oynayır. Azərbaycan mətbuatı da 150 illik şərəfli inkişaf yolu keçərək bu gün dövlətimizin, xalqımızın və milli ideologiyamızın ən mühüm dayaqlarından birinə çevrilmişdir.
Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. “Əkinçi” qəzeti yalnız bir qəzet deyildi – o, xalq maarifçiliyinin, ictimai-siyasi şüurun oyanışının başlanğıcı idi. Bu qəzetin əsas ideoloji xətti xalqın oyanması, milli kimlik və savadlanma ideyalarına xidmət etmək idi. “Əkinçi” qəzetində əsasən kənd təsərrüfatı, maarifçilik, sosial bərabərlik, elmi biliklərin yayılması və milli oyanışa yönəlmiş məqalələr çap olunurdu. Həsən bəy Zərdabi hesab edirdi ki, xalqın tərəqqisi yalnız maarif yolu ilə mümkündür. Bu baxımdan o, mətbuatı milli inkişafın mühüm vasitəsinə çevirmişdi. Onun “xalq üçün, xalq dilində və xalq naminə” şüarı Azərbaycan mətbuatının ideoloji sütunlarına çevrildi. 1875-1877-ci illərdə cəmi 56 nömrəsi çıxsa da, “Əkinçi” qəzeti Azərbaycan mətbuatının həm ideoloji, həm də simvolik təməlidir. Bu qəzetdən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus” kimi nəşrlər milli fikrin, ictimai şüurun inkişafında mühüm rol oynadı.
Azərbaycan mətbuat tarixində “Molla Nəsrəddin” jurnalı (1906–1931) öz satirik üslubu və xalqın sosial problemlərini kəskin tənqid etməsi ilə xüsusi yer tutur. Cəlil Məmmədquluzadənin baş redaktorluğu ilə nəşr edilən bu jurnal millətçilik, savadsızlıqla mübarizə, qadın azadlığı və sosial ədalət mövzularında yazıları ilə təkcə Azərbaycanda deyil, bütövlükdə türk və müsəlman dünyasında azad fikir tribunası kimi tanınmışdı. Eyni zamanda, XX əsrin əvvəllərində nəşr olunan “İrşad”, “Füyuzat”, “Həyat”, “Tərəqqi”, “Kaspi” və digər mətbu orqanlar milli mətbuatın ideoloji zənginləşməsində mühüm rol oynadı. Onların sayəsində Azərbaycanda milli özünüdərk gücləndi, istiqlal arzusu ideoloji bazaya çevrildi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər, ölkədə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də dərin islahatlara başladı. 1998-ci ildə mətbuat tarixində dönüş nöqtəsi baş verdi – Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə senzura ləğv edildi. Bu, söz və fikir azadlığının təmin olunmasında mühüm addım idi. Eyni zamanda mətbuat vasitələrinin iqtisadi müstəqilliyi, texniki imkanları və peşəkarlığının artırılması istiqamətində də ciddi addımlar atıldı. Ümumilli Lider Heydər Əliyev mətbuatı cəmiyyətin güzgüsü və xalqın vicdanı adlandırırdı. O, jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirir, onları cəmiyyətin maarifləndirilməsi, dövlətçilik prinsiplərinin yayılması və ictimai həmrəyliyin gücləndirilməsi baxımından strateji bir qüvvə kimi qəbul edirdi.
Prezident İlham Əliyev də Ulu Öndər Heydər Əliyevin milli mətbuatla bağlı siyasətini uğurla davam etdirərək bu sahənin inkişafına mühüm töhfələr vermişdir. O, medianın dövlətin ideoloji dayağı kimi rolunu daim yüksək qiymətləndirmiş, bu sahədə müasir tələblərə cavab verən islahatlar həyata keçirmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu fondun fəaliyyəti nəticəsində onlarla qəzet və informasiya agentliyi maliyyə dəstəyi aldı, redaksiyalar müasir texnologiyalarla təmin olundu. 2021-ci ildə isə fondun bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı və mətbuatın institusional inkişafına start verildi. Prezident İlham Əliyevin “Milli Mətbuat Günü” ilə bağlı hər il verdiyi təbriklərində mətbuatın ictimai rəyə təsir imkanları, dövlət maraqlarını müdafiə etmək gücü və informasiya təhlükəsizliyinin təminində rolu xüsusi vurğulanır. Onun rəhbərliyi ilə Azərbaycan mətbuatı qlobal informasiya mübarizəsində dövlət maraqlarını qoruyan, ictimai birliyi möhkəmləndirən güclü platformaya çevrilmişdir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mətbuatı özünün ən şərəfli vəzifəsini yerinə yetirdi – informasiya cəbhəsində xalqın ruhunu diri saxladı, dünyaya həqiqətləri çatdırdı, milli birlik və ideoloji gücü formalaşdırdı. Müharibə dövründə fəaliyyət göstərən dövlət və özəl media orqanları, jurnalistlər, informasiya platformaları Prezident İlham Əliyevin apardığı siyasətin dəstəkçisi oldular. Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı. Sosial mediada yaradılan informasiya platformaları düşmənin yalanlarını ifşa etdi, erməni dezinformasiyasının qarşısını aldı. Azərbaycan mətbuatı bu dönəmdə yalnız informativ deyil, eyni zamanda ideoloji-siyasi silah rolunu oynadı. Mətbuat vasitəsilə cəmiyyət səfərbər edildi, milli ruh və döyüş əzmi gücləndirildi.
Azərbaycan milli mətbuatı 150 illik tarixi ərzində çoxsaylı mərhələlərdən keçərək bu gün güclü, modern və milli ideologiyaya əsaslanan bir sistemə çevrilmişdir. Əkinçi qəzetindən başlayaraq müasir rəqəmsal mediaya qədər uzanan bu yol, xalqın maariflənməsi, milli ideologiyanın yayılması, dövlətçiliyin qorunması və möhkəmlənməsi ilə müşayiət olunmuşdur. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuat azad, milli və peşəkar səviyyəyə yüksəlmiş, həm dövlətin, həm də cəmiyyətin ayrılmaz hissəsi olmuşdur. Əldə olunan Zəfərlər və suverenliyin bərpasında mətbuatın rolu isə onun strateji əhəmiyyətini bir daha təsdiqləmişdir. 150 yaşlı Azərbaycan milli mətbuatı bu gün də müstəqil dövlətimizin, xalqın və ideoloji birliyin ən mühüm dayaqlarından biri olaraq fəaliyyətini uğurla davam etdirir.
Mehman Ramazanov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini