PDF Oxu

Siyasət

  • 1 583

Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir

image

Son illərdə beynəlxalq informasiya məkanında Qərb mediasının və ictimai rəy formalaşdırıcılarının Azərbaycana münasibəti bir çox hallarda qeyri-obyektiv və ədalətsiz mövqelərlə müşahidə olunur. Bu yanaşma təkcə ölkənin daxili siyasətinə yönələn tənqidlərdə deyil, həm də Azərbaycan-Ermənistan münasibətləri, regional təhlükəsizlik, enerji siyasəti və insan haqları kimi məsələlərdə də açıq şəkildə özünü göstərir. Reallıq isə ondan ibarətdir ki, Qərbin bir çox nüfuzlu media qurumları və qeyri-hökumət təşkilatları Azərbaycana yanaşarkən ikili standartlara əsaslanır, hadisələri qərəzli və birtərəfli təqdim edirlər. Azərbaycan uzun illər işğal altında qalmış torpaqlarını azad etdikdən sonra, regionda sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib. Lakin bu ədalətli mövqe çox vaxt Qərb mediasında obyektiv şəkildə işıqlandırılmır. Əvəzində, hadisələr qəsdən təhrif edilir, təcavüzkar və qurban arasında fərq aradan qaldırılır, tarix və hüquq əsasları görməməzliyə vurulur. Ermənistanın illərlə həyata keçirdiyi işğal siyasəti, müharibə cinayətləri və mina təhdidi kimi məsələlər ya ümumiyyətlə qeyd olunmur, ya da diqqətdən kənarda qalır. Eyni zamanda Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi antiterror tədbirləri və təhlükəsizlik tədbirləri beynəlxalq ictimaiyyətə təzyiq vasitəsi kimi təqdim olunur. Qərb ictimai rəyində formalaşan bu mənfi və qərəzli təsvir Azərbaycanın beynəlxalq imicinə zərər verməklə yanaşı, regionda ədalətli və uzunmüddətli sülh prosesini də çətinləşdirir. Azərbaycana qarşı tətbiq edilən bu informasiya təzyiqi, bəzən siyasi alətə çevrilir və ölkənin suveren siyasətinə müdaxilə vasitəsi kimi istifadə olunur. Halbuki, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun şəkildə fəaliyyət göstərir, BMT-nin qərarlarını icra edir və regionda sülhün təmin olunması üçün konkret addımlar atır. Azərbaycanın enerji siyasəti də bəzən Qərb mediasında məqsədli şəkildə hədəfə alınır. Ölkənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əldə olunan uğurlar çox vaxt gözdən salınmağa və siyasi məqsədlərlə manipulyasiya olunmağa çalışılır. Bu isə bir daha göstərir ki, Qərb mediası bəzi hallarda müstəqil deyil və müəyyən dairələrin maraqlarına xidmət edir. Eyni zamanda, Qərbin insan hüquqları sahəsindəki tənqidlərinin də bir çox hallarda selektiv xarakter daşıdığı aydın görünür. Azərbaycan insan hüquqlarının qorunması istiqamətində sistemli islahatlar aparır, rəqəmsal hökumət, şəffaflıq, sosial müdafiə və gender bərabərliyi kimi sahələrdə irəliləyişlər əldə edir. Lakin bu müsbət dəyişikliklər çox vaxt Qərb informasiya məkanında ya tamamilə diqqətdən kənarda qalır, ya da az önəmli kimi təqdim olunur. Qərb mediasının və ictimai rəyinin Azərbaycana yanaşması çox vaxt obyektivlik və balans prinsiplərindən uzaq olur. Bu cür qərəzli münasibət nə Azərbaycan xalqının haqlı mübarizəsini zəiflədə bilər, nə də ölkənin müstəqil siyasət kursunu dəyişə bilər. Əksinə, bu yanaşmalar ölkəmizin daha güclü, daha qətiyyətli və prinsipial mövqe sərgiləməsinə səbəb olur. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün informasiya müharibəsində daha fəal və təşəbbüskar olması vacibdir və bu sahədə artıq ciddi addımlar atılmaqdadır.

Nərgiz Hüseynova

YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri

Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru

Digər xəbərlər