25 oktyabr Azərbaycan xalqı üçün xüsusi tarixi və mənəvi əhəmiyyətə malik bir gündür. Bu tarix Qubadlı şəhərinin və rayonunun işğaldan azad olunduğu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş mühüm qələbə günüdür. Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində strateji və mənəvi baxımdan böyük önəm kəsb etmiş, Ordumuzun qəhrəmanlıq salnaməsində şanlı səhifə kimi yer almışdır.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi xalqımızın birliyinin, ordumuzun qüdrətinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin təntənəsi idi. Hərbi əməliyyatların gedişində Cəbrayıl, Füzuli, Zəngilan rayonlarının ardınca 25 oktyabr 2020-ci il tarixində Qubadlı şəhəri və rayon ərazisi də işğaldan azad edilmişdir. Bu qələbə düşmənə ağır zərbə vurmaqla yanaşı, Ordumuzun Laçın və Şuşa istiqamətində irəliləməsi üçün mühüm strateji üstünlük yaratmışdır.
Qubadlı şəhərinin azad olunması təkcə hərbi uğur deyil, həm də 27 il işğal altında qalmış bir bölgənin azadlığa qovuşması, doğma yurd yerlərinə qayıdış ümidlərinin reallaşması demək idi. Bu gün artıq həmin ümidlər gerçəyə çevrilir. Qubadlı rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, müasir infrastruktur layihələri icra olunur, sosial obyektlər, yaşayış binaları, məktəblər, səhiyyə müəssisələri və mədəniyyət ocaqları inşa edilir. “Ağıllı kənd” və “yaşıl enerji” konsepsiyası əsasında həyata keçirilən layihələr bu bölgənin dayanıqlı inkişafını təmin etməyə yönəlmişdir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlıya mütəmadi səfərləri dövlətin bölgənin dirçəlişinə verdiyi yüksək diqqətin bariz nümunəsidir. Hər bir səfər çərçivəsində yeni obyektlərin təməli qoyulur, yaşayış məhəllələrinin, məktəblərin və digər sosial infrastrukturun açılışları həyata keçirilir. Bu, həm də Qubadlının gələcək inkişafının aydın planının mövcudluğunu göstərir.
Qubadlının azad olunmasında iştirak etmiş qəhrəman hərbçilərimizin və şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Onların göstərdiyi şücaət, vətənpərvərlik və fədakarlıq Azərbaycan gəncliyi üçün örnəkdir. Qubadlı şəhərinin azad edildiyi gün münasibətilə hər il ölkə üzrə müxtəlif tədbirlər keçirilir, şəhid ailələri və qazilərimizə diqqət və qayğı göstərilir.
Bu gün Qubadlı təkcə azad edilmiş bir ərazi deyil, həm də Azərbaycanın yenidənqurma və inkişaf siyasətinin canlı nümunəsidir. Burada həyata keçirilən layihələr göstərir ki, dövlətin əsas məqsədi azad olunmuş torpaqlarda həyatın bərpası, əhalinin doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıdışının təmin edilməsidir.
25 oktyabr Qubadlı şəhəri günü xalqımızın zəfər iradəsini, dövlətimizin gücünü və milli həmrəyliyimizi təcəssüm etdirən bir gündür. Bu tarix Azərbaycan xalqının qürur mənbəyi, qəhrəman oğul və qızlarımızın qanı ilə yazılmış mübarizə tariximizin unudulmaz səhifəsidir. Qubadlı günü həm də gələcəyə inamın, dirçəlişin və əbədi Zəfərin rəmzidir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri