PDF Oxu

Siyasət

  • 644

Ölkəmiz bölgədə sülhün tərəfdarı olduğunu bir daha göstərdi

image

Məlum olduğu kimi, Ölkəmizin son beş ildə yaratdığı reallıqların fonunda bölgədə bərqərar olmuş sülh mühiti qabarıq şəkildə ön plana çıxır. Onilliklər boyu adı münaqişə ocağı kimi hallanan Cənubi Qafqaz dünyanın indiki müharibələrlə, siyasi təlatümlərlə çalxalandığı dövrdə nümunə götürüləcək barışın, əməkdaşlığın bərqərar olduğu ünvan kimi tanınır. İndi qlobal sülhlə bağlı keçirilən sammitlərdə tərəqqi vəd edən sülh mühiti formalaşdırılmış regionumuzun misal çəkilməsi də bu baxımdan təbiidir. Bütün bu gerçəkliklər isə Azərbaycanın liderliyi ilə yürüdülən normallaşma prosesinin, sülh gündəliyinə sadiqliyinin parlaq nəticələridir.

Yeri gəlmişkən, bu ilin sentyabrında Nyu Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında ölkəmizin yekunda sülhə gətirib çıxaran qətiyyətli və sarsılmaz yolu barədə danışan Prezident İlham Əliyev bu mötəbər tribunadan Azərbaycanın yeni bir dövrə qədəm qoyduğunu dünyaya bəyan etdi: "Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq".

Qeyd edək ki, ikinci Qarabağ müharibəsindən dərhal sonra Ölkəmiz sülhlə bağlı təşəbbüslərlə çıxış etməyə başlayıb, barış üçün lazım olan əməli addımlar atıb. Rəsmi Bakı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün İrəvana beynəlxalq hüququn normalarına cavab verən 5 prinsip təqdim edib. Lakin qarşı tərəfin sülh sazişinin mətninə "Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyi nəticəsində 2024-cü ilə qədər normallaşma ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb. Ancaq yenə də Bakının qətiyyətli siyasəti sayəsində Azərbaycan-Ermənistan normallaşma prosesi ötən ilin əvvəlindən etibarən müsbət istiqamətə yön aldı. Vasitəçilərə, üçüncü tərəflərə lüzum görmədən iki ölkə dialoqlara başladı, müəyyən razılaşmalar əldə edildi. Keçirilən ikitərəfli dialoqlar sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verilməsi, sərhəd dirəklərinin quraşdırılmasına başlanılması, Qazax rayonunun dörd kəndinin qaytarılması kimi real nəticələr ortaya qoydu. Ardınca Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesi yekunlaşdı. Onu da qeyd etmək lazımdır ki, cari ilin 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü isə sülh prosesində mühüm əhəmiyyət daşıdı. Sözügedən görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparıldı, razılaşmalar əldə edildi. Əbu-Dabi görüşü beynəlxalq birlik tərəfindən də sülh prosesində vacib məqam kimi qiymətləndirildi. Məlumdur ki, Ölkəmizin liderliyi ilə irəlilədilən sülh prosesi addım-addım 8 avqust tarixli Vaşinqton zirvəsinə yüksəldildi. Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması və vacib razılaşmaların əldə edilməsi təkcə bölgəyə deyil, daha geniş coğrafiyaya inkişaf və əməkdaşlıq üçün geniş üfüqlər açdı. Vaşinqton görüşü sülh gündəliyinin nizamlanması, normallaşma istiqamətində real nəticələrin əldə olunması istiqamətində, Cənubi Qafqazda dayanıqlı sülhə aparan yolda mühüm siyasi hadisə oldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalandı. Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflandı. Beləliklə, Ağ Evdəki görüşdə həllini tapan məsələlərdən biri isə bölgədə kommunikasiyaların açılması ilə bağlı oldu.

20-21 oktyabr tarixlərində Qazaxıstana dövlət səfəri zamanı bu ölkənin Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatı zamanı dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP (The Trump route for international peace and prosperity) layihəsidir: "Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur - Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq". Postmünaqişə dövründə də daim sülhü təşviq edən və bu istiqamətdə səylər göstərən Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkə olaraq bu gün hərtərəfli şəkildə sürətlə inkişaf edir, istər sosial, iqtisadi, istərsə də hərbi sahədə. Dövlətimizin qısa zaman ərzində Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər və Böyük qayıdış proqramını uğurla həyata keçirməsi müstəsna dəyərə malikdir. Şərqlə Qərbin nəqliyyat qovşağına çevrilən Azərbaycanın ölkələrin enerji təhlükəsizliyində oynadığı vacib rol, ələlxüsus qlobal barışın əldə edilməsi üçün etdiyi vacib çağırışlar, atdığı əməli addımlar dünyada geniş rezonans doğurub və rəğbət qazanıb. Qətiyyət və səyləri ilə Cənubi Qafqazda de-fakto sülhü bərqərar edən ölkəmiz bununla onilliklər boyu yürütdüyü işğalçılıq siyasəti ilə özünü dalan ölkəyə çevirən Ermənistanın ağır vəziyyətdən qurtulması üçün də mühüm şans yaradıb. "Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - deyə oktyabrın 21-də Qazaxıstanda mətbuata bəyanatında Prezident İlham Əliyev Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırıldığı məlumatını verdi. Yeri gəlmişkən, bildirək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V Tbilisi Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib: "Prezident İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm".

Ən əsası, bu faktın özü də Ölkəmizin bölgədə sülhün tərəfdarı olduğunu bir daha göstərir, sülh gündəliyinə sadiqliyini növbəti dəfə təsdiqləyir.

Anar Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər