Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının yaradılmasının 32 illiyi münasibətilə tədbir keçirilib.Tədbir iştirakçıları YAP Gəncə şəhər təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixi, şərəfli fəaliyyəti və partiyanın Gəncə şəhər təşkilatının 32 illik yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və “dünənin, bu günün və gələcəyin partiyası” kimi səciyyələndirdiyi Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir və ölkədə gedən mühüm proseslərin mərkəzində dayanır. B.Aslanov şəhər təşkilatının hazırda 69 ərazi partiya təşkilatını və 42 mindən çox üzvü birləşdirdiyini deyib. O qeyd edib ki, hər bir partiya üzvü Ulu Öndərin ideyalarının təbliğində və qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev müasir müstəqil Azərbaycanın əldə etdiyi uğurlardan danışıb. O söyləyib ki, ölkəmiz möhkəm təməllər üzərində qurularaq daha böyük hədəflərə doğru inamla irəliləyir: “Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış siyasətini yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli inkişaf etməkdədir”.
Tədbirdə çıxış edən Bitki Mühafizə Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, fəal gənc Fəridə Allahverdiyeva və digərləri Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan danışıblar. Qeyd olunub ki, partiyaya olan yüksək etimad Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin apardığı siyasətə olan inamın nəticəsidir.
Sonra şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.