"Ermənistan–Azərbaycan münasibətləri 2020-ci il Vətən müharibəsindən sonra tamamilə yeni mərhələyə qədəm qoyub. Hazırda regionda yaranmış geosiyasi reallıqlar Azərbaycanın mövqeyinin nə qədər güclü olduğunu və proseslərə yön verən əsas tərəf kimi çıxış etdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.Onun sözlərinə görə, bu il iki ölkə arasında sülh sazişinin imzalanması tamamilə real görünür. Bunun başlıca şərti isə Ermənistanın revanşist ritorikadan tam imtina etməsi və Azərbaycanın suverenliyini şəksiz şəkildə tanımasıdır: "Azərbaycan bu gün münaqişə sonrası mərhələdə sülhə ən çox maraqlı olan tərəfdir və bunu açıq şəkildə nümayiş etdirir. Bütün regional təşəbbüslərin müəllifi olan Azərbaycan öz şərtləri əsasında bölgədə sabitlik və inkişaf modelini formalaşdırır. Sülh prosesi Azərbaycanın daxili siyasi iradəsinə və regional üstünlüyünə əsaslanaraq davam etdirilir və heç bir xarici vasitəçi ölkənin maraqları üzərində təsir gücünə malik deyil. 2025-ci ilə qədər sülh sazişinin imzalanması ehtimalı kifayət qədər yüksəkdir, lakin bu yalnız Ermənistanın daxili siyasi iradə nümayiş etdirməsindən və konstruktiv mövqe tutmasından asılıdır. Əgər rəsmi İrəvan uzunmüddətli sabitlik istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü de-fakto və de-yure tanımalı, regional əməkdaşlığa real töhfə verməlidir. Əks halda, regiondakı yeni nizam Ermənistan üçün daha dərin təcrid və iqtisadi dalana çevriləcək.Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunaraq qeyd etmək istəyirəm ki, bu layihə Azərbaycanın strateji maraqları çərçivəsində reallaşdırılacaq. Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın materik hissəsinin quru əlaqəsi deyil, eyni zamanda geniş türk dünyasını birləşdirən, regional və qlobal kommunikasiya xəritəsini dəyişdirən bir layihədir, Bu dəhlizin açılması həm Azərbaycanın suveren hüququdur, həm də regionda iqtisadi inteqrasiyanın mühüm dayağına çevriləcək. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır və artıq heç bir tərəfin xoşməramlılığından asılı deyil. Azərbaycan öz imkanları, siyasi iradəsi və iqtisadi gücü hesabına regionda yeni reallıqlar yaradıb və bu reallıqlara uyğun hərəkət etməyən ölkələr zamanla prosesin kənarında qalacaqlar.2025-ci ildə sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün təkcə diplomatik uğur deyil, həm də regionun yeni inkişaf modelinə keçidi olacaq. Bu məqsədə çatmaq üçün Azərbaycan tərəfi kifayət qədər güclü və prinsipial mövqe nümayiş etdirir və prosesin gedişatını özü müəyyən edir".
Müəllif: Ziya Hikmətoğlu