Azərbaycanın işğaldan azad olunan ərazilərində keçmiş məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri regionun sürətli dirçəlişinə təkan verir. Bununla bağlı 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” yalnız infrastrukturun bərpasını deyil, həm də dayanıqlı yaşayışın təmin olunmasını hədəfləyir. Sənəd çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, əhalinin mərhələli şəkildə köçürülməsi və normal həyat şəraitinin yaradılması hökumətin əsas prioritetləri kimi mühüm önəm daşıyır. Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 140 mindən çox insanın bu bölgələrə qayıtması nəzərdə tutulub. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə həyata keçirilir. Şəhər və kəndlərdə yollar çəkilir, elektrik, su və qaz xətləri yenilənir, internet və rabitə şəbəkələri qurulur. Hazırda bölgənin müxtəlif ərazilərində 30-dan artıq məktəb, 20-dən çox səhiyyə müəssisəsi və bir neçə sənaye parkı tikilir.
19–21 iyul 2025-ci il tarixlərində Şuşada keçirilən III Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzindədir. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş Forum rəqəmsallaşmanın media dünyasına təsirini və süni intellektin yaratdığı yeni reallıqları müzakirə etmək məqsədi daşıyır.
Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb. Prezident çıxışında sürətlə inkişaf edən texnologiyalar fonunda ölkələrin bu prosesə adekvat yanaşma nümayiş etdirməsinin vacibliyini qeyd edib. O, xüsusilə süni intellektin müxtəlif sahələrdə, o cümlədən media sektorunda oynadığı artan rola diqqət çəkərək, bu tendensiyanın informasiya istehsalı və yayımı proseslərini köklü şəkildə dəyişdirdiyini bildirib. Prezident vurğuladı ki, Azərbaycan elektrik enerjisini nə kömürdən, nə də mazutdan deyil, təbii qaz, su və artıq Günəş enerjisindən əldə edir. Qarabağ və Şərqi Zəngəzurda artıq 30 kiçik su elektrik stansiyası istismara verilib və 2030-cu ilə qədər 6 giqavatlıq yaşıl enerji layihələri nəzərdə tutulub. Bu, həm ekoloji, həm də iqtisadi baxımdan Azərbaycanın dayanıqlı inkişaf yolunu seçdiyini göstərir. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən arteriya deyil, həm də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yeni kəsişmə nöqtəsidir. Bu layihə Çin, Mərkəzi Asiya, İran, Türkiyə və Avropanı birləşdirən, regionu qlobal logistika mərkəzinə çevirən strateji xəttdir. Lakin Ermənistanın bu layihədə iştirakdan yayınması, faktiki olaraq özünü həm nəqliyyat, həm də siyasi izolyasiyaya məhkum etməsi deməkdir. Prezidentin də dediyi kimi, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Azərbaycan isə qonşu dövlətdən fərqli olaraq alternativ marşrutlar quraraq nəqliyyat sistemini daha çevik və dayanıqlı şəkildə formalaşdırır. Bakı limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bu prosesin əsas sütunlarıdır: "Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək.
Prezidentin çıxışında toxunduğu önəmli məsələlərdən biri də Füzulidə Özbəkistan tərəfindən tikilən məktəb və ümumilikdə iki ölkə arasında qardaşlıq münasibətləri oldu. Bu, Azərbaycanın müstəqil siyasətinin və türk dünyası ilə inteqrasiyasının bariz göstəricisidir. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi mesaj idi: “Azərbaycan artıq bu torpaqlarda sülh, dirçəliş və əməkdaşlıq mühitini bərqərar edib”.
Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış edir. Forumun əsas məqsədlərindən biri – rəqəmsal transformasiyanın media sektoruna təsirini dəyərləndirmək, yeni texnologiyaların məzmunun yaradılması və yayımındakı rolunu təhlil etmək, həmçinin saxta xəbərlərin artdığı bir dövrdə media savadlılığının əhəmiyyətini ön plana çəkməkdir. Tədbirə 52 ölkədən 140-a yaxın media nümayəndəsi qatılıb. Onların sırasında 30-dan çox nüfuzlu xəbər agentliyinin, yeddi beynəlxalq təşkilatın, 80 media qurumunun və müvafiq dövlət strukturlarının təmsilçiləri yer alıb. Bu, Forumun geniş coğrafi və institusional əhatə dairəsinin göstəricisidir və Şuşanın informasiya diplomatiyasının mərkəzinə çevrildiyini bir daha sübut edir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini.