PDF Oxu

Siyasət

  • 457

Azadlığa qovuşan Qubadlının Şəhər Günü

image

Prezident İlham Əliyev: "Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi"

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Həmin tarixi hadisədən - Qubadlının işğaldan azad olunmasından beş il ötür. Prezident İlham Əliyevin məlum Sərəncamına əsasən, oktyabrın 25-də "Qubadlı Şəhəri Günü" kimi təntənəli şəkildə qeyd edilir. "Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi", - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalda olan şəhər, qəsəbə və kəndlərimiz azad edildi. Bu Zəfər tariximizin ən şanlı səhifəsidir. Tarixin yaşanılacaq zamanlarında Zəfər tariximiz şərəf tarixi olaraq vərəqlənəcəkdir. Müharibənin qızğın getdiyi günlərdə Zəfərimizə doğru irəliləyirdik. Demək olar ki, hər gün kənd, qəsəbə və şəhərlərin işğaldan azad olunması xəbərini eşidirdik. "Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır". Bu fikirləri Azərbaycan Prezident İlham Əliyev bildirmişdir. Zəngilan şəhərinin işğaldan azad olunması xəbərindən bir neçə gün sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza müjdə verərək. bir neçə kəndin, eləcə də Qubadlı şəhərinin işğaldan azad olunmasını bildirməsi artıq Zəfərimin yaxınlaşdığından xəbər verirdi: "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!"

Uğurla davam edən döyüş əməliyyatı Azərbaycanın Zəfər tarixini yazdı. Azərbaycan ordusunun əzmi, əsgər adını şərəflə daşıyan oğullarımızın ermənilərə verdiyi dərs bu torpaqları işğaldan azad etdi. Biz onların qarşısında baş əyirik, onlarla qürurlanırıq. Cənab Prezident Qubadlının azad olunması ilə bağlı belə deyirdi: "Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər. Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi".

"BİZ DÜŞMƏNİ TOPLAM 404 YÜK AVTOMOBİLİNDƏN MƏHRUM ETMİŞİK"

Artıq müharibənin başlamasından demək olar ki, bir ay ötürdü. Bir ay ərizində Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikası açıq-aydın döyüş meydanında Ermənistanın məğlubiyyətinin göstəricisi idi. "252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82 "Qrad" qurğusu məhv edilib. 2 "Uraqan" Yaylım Atəşli Raket Sistemi, 1 "TOS" məhv edilib. Zenit-raket kompleksləri - 4 "TOR", 40-a yaxın "OSA", 4 "KUB", 1 "KRUQ", 2 "S-125" qurğusu məhv edilib. "S-300" ən bahalı qurğulardan biridir, 6"S-300" atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, "Toçka-Ulu Öndər" biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik" - deyə Cənab Prezident xalqa müraciətində diqqətə çatdırmışdır.

"BİZ QUBADLI RAYONUNUN BÜTÜN KƏNDLƏRİNİ, O CÜMLƏDƏN QUBADLI ŞƏHƏRİNİ YENİDƏN QURACAĞIQ"

Qubadlı rayonu 25 oktyabr 2020-ci il tarixində düşmən qoşunlarında təmizləndi. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu peşəkarlığı, fədakarlığı göstərdi.

Erməni vandalizmi təbii ki, Qubadlıdan da yan keçməmişdi. Tarixi-mədəni, dini abidələrimiz, yaşayış məntəqələrimiz işğal müddətində düşmən tərəfindən dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Ordumuz tərəfindən işğala son qoyulması ilə Qubadlıdakı tarixi memarlıq abidələrimiz də düşmən əsarətindən xilas oldu.

Məlumdur ki, ərazisi 802 kv.km olan Qubadlının 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilmişdi. İşğal ərəfəsində isə əhali 30 minə qədər olub. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalmışdı.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr işğal olunub. Erməni təcavüzü zamanı Qubadlı 238 şəhid verib, 146 nəfər əlil olub.

Artıq bu gün işğaldan azad olunan Qubadlıda yeni bir həyat başlanıb. "Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur", deyən Cənab Prezident sadəcə olaraq, erməni hərbçilərinin öz məqsədləri üçün bir neçə binadan istifadə etdiklərini bildirib: "Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq". Vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu əraziyə səfəri çərivəsində "Qubadlı" yarımstansiyasının açılışı olub. Xatırladaq ki, bu günə qədər Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl kimi ərazilərdən sonra Qubadlıda yeni yarımstansiya tikilib. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb. Sovet vaxtında Qubadlı rayonunun ümumi istehlakının 12 meqavat olduğunu bildirən Cənab Prezident bu yarımstansiyanın 40 meqavata hesablandığını və lazım olarsa, onun gücünün iki dəfə artırıla biləcəyini bildirib: "Yəni, biz Qubadlının gələcək inkişafını belə görürük. Sovet vaxtında, işğala qədər Qubadlı rayonunun əhalisi haradasa 28 min idi, indi mənə verilən məlumata görə əhali 40 minə çatıb".

Bütün kəndlərin, şəhərin dağıdıldığı bildirən Cənab Prezident qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcəyini diqqətə çatdırıb: "Burada infrastruktur işləri birinci sıradadır. İndi siz də gələndə gördünüz ki, çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmamışdır. Dar bir yol idi Zəngilandan Qubadlıya, Laçına. İndi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun".

"HƏKƏRİ ÇAYI NƏİNKİ QUBADLININ, BÜTÜN AZƏRBAYCANIN, BİZİM BÖYÜK SƏRVƏTİMİZDİR"

Yaxın gələcəkdə Qubadlıda məktəblər, xəstəxanalar tikiləcək, yeni yaşayış binaları qubadlıların ixtiyarına veriləcək: "Sovet vaxtında daha çox fərdi evlər idi. Bir neçə beşmərtəbəli ev var idi. Bir-iki evin qalıqları qalıb. Ancaq Qubadlı şəhər kimi inkişaf etməlidir. Əlbəttə ki, düzgün planlaşdırma aparılarkən burada insanların rahat yaşaması üçün bütün şərait yaradılacaq. İqtisadi inkişafa gəldikdə, əlbəttə, rayon ictimaiyyəti də burada çox fəal iştirak etməlidir - həm bərpa işlərində, eyni zamanda, Qubadlının düzgün inkişaf konsepsiyasının işlənməsində". Rayonun böyük potensiala malik olduğunu qeyd edən Cənab Prezident buranın zəngin təbiəti, təbii sərvətləri olduğunu bildirib: "Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubadlının, bütün Azərbaycanın, bizim böyük sərvətimizdir. Çünki biz bu çaylardan məhrum idik. Həkəridən də, Bazarçaydan da, Bəsitçaydan da, Tərtər çayından da məhrum idik. Ermənilər bizi məhrum etmişdi. Bu, böyük sərvətdir. Özü də indiki şəraitdə ki, su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Ona görə düzgün planlaşdırma aparılmalıdır, iqtisadi inkişaf, hansı sahələr inkişaf edəcək".

Bildiyimiz kimi, Qubadlının Baş Planı əsasında genişmiqyaslı layihələr həyata keçirilir. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

Baş planın əsasında Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib.

Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyatyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək.

Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqro-turizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq. Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək.

"QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR BÖLGƏLƏRİ NƏİNKİ AZƏRBAYCANIN, QAFQAZIN, DÜNYANIN ƏN GÖZƏL YERLƏRİNDƏN BİRİ OLACAQ"

Bu gün reallaşan layihələr Qubadlının işıqlı gələcəyindən xəbər verir. Bildiyimiz kimi, dövlət başçısının Qubadlıya səfəri çərçivəsində Xanlıq-Qubadlı yolunun təməli qoyulub. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 7 metr olacaq. Bu yollar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilir. Dövlət başçısının tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.

Qubadlıda görülən işlərdən söz açarkən, əlbəttə ki, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışını da qeyd etməliyik. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, "HAROP", "Quzğun" və "Qırğı" zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Hərbi hissə kompleksində qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, şəxsi heyət üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana, yaşayış binaları, anbarlar və digər zəruri infrastruktur yaradılıb. Bu hərbi hissədə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

"Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik", - deyə Azərbaycan Prezidenti bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər