25 oktyabr Azərbaycanda Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu gün 2020-ci ildə Qubadlı şəhərinin və rayonun Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi tarixi günə təsadüf edir. Qubadlının azad olunması Vətən müharibəsinin gedişində mühüm strateji əhəmiyyətə malik olmuş, Laçın, Zəngilan və digər istiqamətlərdə əməliyyatların uğurla davam etdirilməsinə şərait yaratmışdır.
Qubadlının azad edilməsi Azərbaycan xalqının birliyinin, Ordumuzun rəşadətinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsidir. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciətində bu tarixi xəbəri böyük qürurla elan edərək bildirmişdir: “Bu gün Qubadlı azad olunub. Qubadlının azad edilməsi böyük tarixi hadisədir.”
Azadlıqdan sonra Qubadlıda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmış, şəhər və kəndlər sürətlə dirçəlməkdədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olunmuş ərazilərə, o cümlədən Qubadlı rayonuna dəfələrlə səfərlər etmiş, burada yeni infrastruktur layihələrinin, yaşayış məhəllələrinin, sosial obyektlərin, məktəblərin və sənaye müəssisələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişlər.
Qubadlı şəhərinin Baş planına uyğun olaraq müasir üslubda yeni binalar, yollar, enerji və rabitə infrastrukturu inşa edilir, kəndlərin bərpası mərhələli şəkildə həyata keçirilir. “Ağıllı kənd” konsepsiyasına uyğun layihələr də Qubadlının gələcək inkişafında xüsusi yer tutur.
Vətən müharibəsində göstərilən şücaət və qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə yüzlərlə hərbçimiz “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu mükafat qəhrəman oğullarımızın fədakarlığının və dövlətimizin onlara verdiyi yüksək dəyərin bariz göstəricisidir.
Hər il 25 oktyabrda Qubadlıda Şəhər Günü münasibətilə rəsmi tədbirlər, açılış mərasimləri və xatirə tədbirləri keçirilir, şəhidlərin əziz xatirəsi ehtiramla anılır. Qubadlı bu gün təkcə azad edilmiş bir şəhər deyil, həm də Azərbaycan xalqının qürur və zəfər rəmzinə çevrilmiş müqəddəs bir məkandır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı