PDF Oxu

Siyasət

  • 566

Növbəti köç karvanı Xocalıda

image

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə yola salınıb. Bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə - 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə - 24 nəfər köçürülüb.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elə həmin ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir və Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Xocalı yenidən qurulur. Bildiyimiz kimi, Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir. Azərbaycan Prezidenti çıxışlarının birində bildirib ki, Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın."

TARİXİ ƏRAZİLƏRDƏ ETNİK TƏMİZLƏNMƏ VƏ SOYQIRIMI

33 il bundan əvvəl ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Ermənilərin şəhərə daxil olması nəticəsində Xocalını tərk etmək məcburiyyətində qalan köməksiz insan daşnaklar tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildi. Düşmən hərbi texnika və qüvvə baxımından bir neçə dəfə çox olduğundan, Xocalı şəhəri işğal edildi. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü. Evlərə-eşiklərə od vuruldu, torpaq al qana qərq edildi. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali dağlara, meşələrə qaçdı. Dinc əhalini təqib edən silahlı ermənilər onları güllələyir, ələ keçənlərə amansız işgəncələrlə divan tuturdular. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.

Qeyd edək ki, o ərəfədəki vəziyyət birdən-birə yaranmayıb. Bu münaqişə ilə bağlı ermənilərin apardıqları hazırlığın nəticəsi idi. Xocalının coğrafi mövqeyi elə idi ki, bu rayona gəlmək üçün ermənilər yaşayan iki-üç məntəqədən keçmək lazım idi. Yəni Xocalı, bütünlükdə, erməni yaşayış məntəqələrinin mühasirəsində idi. Belə ki, 5 kilometr məsafədən şərqdə Əsgəran idi, yuxarıda - 10 km məsafədə Xankəndi və ətrafda 20-dən çox erməni yaşayış məntəqələri yerləşirdi. Xocalıya hücuma gələn xüsusi təlimatlanmış və silahlanmış canlı qüvvənin qarşısında Xocalı müdafiəçilərinin əlində bir əl pulemyotu, ov tüfəngləri, bir neçə avtomat silahı var idi. Son ana qədər vətəni tərk etmədilər. Vətəni qoyub çıxmaq xocalılıların heysiyyatına toxunurdu. Xocalı faciəsi zamanı şəhid olanların əksəriyyəti dinc əhali oldu. Yəni qocalar, uşaqlar və qadınlar.

Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Hadisələri ardıcılıqla izləsək, görərik ki, Azərbaycanın başına gətirilən olaylar tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edib. Artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış edib və indi də etməkdədirlər. Belə ki, tarixi reallıqlar, bizə deməyə əsas verir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri erməni daşnakları tərəfindən kütləvi surətdə qətlə yetirilmiş və ata-baba yurdlarından deportasiya edilmişlər.

Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstərmişlər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış "Xocalıya ədalət!" maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir.

Həmin kampaniya sayəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanımış və pisləmişdir. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.

12 MİN NƏFƏRLİK ŞƏHƏR

Bu gün Xocalı yenidən qurulur. Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır. Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək.. Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqe də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər