Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2025-ci il 22 avqust tarixində Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin yüksək səviyyəli sammitində səsləndirdiyi bəyanat yeni bir geosiyasi və iqtisadi mərhələnin başlanğıc nöqtəsi kimi qiymətləndirilə bilər. Bu bəyanat təkcə ikitərəfli əlaqələrin deyil, eyni zamanda üçtərəfli əməkdaşlıq formatının əsaslarını ortaya qoyur. Azərbaycan, Türkmənistan və Özbəkistan ortaq tarixi, dini-mənəvi, mədəni dəyərlərə malik olmaqla yanaşı, bugün qlobal siyasi məkanda da bir-birini tamamlayan vacib strateji tərəfdaşlardır.
Bu əməkdaşlığın siyasi aspektlərinə nəzər yetirdikdə, ilk olaraq vurğulamaq lazımdır ki, Azərbaycan, Türkmənistan və Özbəkistanın liderləri arasında formalaşan səmimi dostluq münasibətləri dövlətlərarası əlaqələrin mühüm dayağıdır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Türkmənistan bu gün əmin əllərdədir və Avaza şəhərində baş verən inkişaf ölkənin etibarlı rəhbərliklə irəlilədiyini nümayiş etdirir. Bu, təkcə Türkmənistan üçün deyil, regionun sabitliyi və tərəqqisi üçün də mühüm faktordur. Liderlər arasında olan etimad mühiti isə əməkdaşlığın uzunmüddətli və dayanıqlı olmasının təminatıdır. Siyasi perspektiv baxımından bu format regionda yeni balans yaradacaq. Xəzər dənizi ətrafında geosiyasi maraqlar toqquşduğu bir zamanda Azərbaycan və Türkmənistanın strateji tərəfdaşlığı mühüm əhəmiyyət kəsb edir. Özbəkistanın bu əməkdaşlığa qatılması isə Orta Asiyanın siyasi xəritəsində yeni güc mərkəzinin formalaşmasına şərait yaradır. Bu üçtərəfli format, eyni zamanda, Türk Dövlətləri Təşkilatının daxilində inteqrasiya proseslərini daha da gücləndirəcək. Beləliklə, Azərbaycan, Türkmənistan və Özbəkistan yalnız regional deyil, həm də qlobal miqyasda türkdilli dövlətlərin səsini daha gur çıxara biləcək. Müzakirə edilən məsələlərin sırasında əsas diqqət çəkən mövzulardan biri Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinə qardaş ölkələrin dəstəyidir. Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi barədə qərar, əslində, təkcə dini bir layihə deyil, həm də qardaşlıq və həmrəyliyin bariz nümunəsidir. Prezident İlham Əliyev də bunu yüksək qiymətləndirərək türkmən xalqına və onun liderinə minnətdarlığını ifadə etmişdir. Bu təşəbbüs Qarabağın dirçəlişinə töhfə olmaqla yanaşı, Azərbaycan və Türkmənistan xalqlarını daha da yaxınlaşdıracaq. Eyni zamanda, Özbəkistanın Xankəndidə tikiş fabriki inşa etməsi və Füzulidə Mirzə Uluqbəy adına məktəb tikməsi qardaşlıq münasibətlərinin praktik təcəssümüdür. Bu layihələr Azərbaycanın sosial-iqtisadi həyatına birbaşa təsir göstərməklə yanaşı, Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoymasına kömək edir. Özbəkistanın dəstəyi ilə yüzlərlə insan işlə təmin olunmuş, yüzlərlə gənc isə müasir məktəbdə təhsil almaq imkanı qazanmışdır. Bu fakt göstərir ki, Azərbaycan–Özbəkistan dostluğu yalnız sözlərdə deyil, əməldə özünü nümayiş etdirir. İqtisadi perspektivlər bu formatın ən ümidverici sahələrindən biridir. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq böyük imkanlar açır. Azərbaycanın liman infrastrukturu, Türkmənistanın tranzit potensialı və Özbəkistanın istehsal gücü birləşərək Avrasiya məkanında yeni iqtisadi dəhliz formalaşdıracaq. Bu, xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizinin effektivliyini artırmaqla yanaşı, Zəngəzur dəhlizinin açılması perspektivində də əhəmiyyətli rol oynayacaq. Beləliklə, Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yol məhz Azərbaycan, Türkmənistan və Özbəkistanın iştirakı ilə təmin olunacaq. Enerji sahəsində əməkdaşlıq da xüsusi diqqət tələb edir. Azərbaycan və Türkmənistanın zəngin neft-qaz ehtiyatları, eləcə də Özbəkistanın sənaye gücü üç ölkə arasında enerji əməkdaşlığını strateji səviyyəyə yüksəldir. Elektroenergetika, neft və qaz kəmərlərinin inşası, alternativ və yaşıl enerji sahələrində ortaq layihələr gələcəkdə regionun enerji xəritəsini dəyişə bilər. Bu əməkdaşlıq həm də dünya bazarlarına çıxışda rəqabət üstünlüyü yaradacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, müvafiq dövlət qurumlarına artıq göstərişlər verilib və konkret istiqamətlər üzrə layihələr hazırlanır. İnvestisiya sahəsində də geniş imkanlar mövcuddur. Azərbaycan şirkətləri Orta Asiyada, Özbəkistan şirkətləri isə Qarabağda müxtəlif layihələr icra edirlər. Türkmənistanın Avaza bölgəsində formalaşdırılan turizm zonaları gələcəkdə həm azərbaycanlı, həm də özbək sərmayədarların diqqətini cəlb edə bilər. Bu, qarşılıqlı sərmayə axınını artırmaqla yanaşı, iqtisadi əlaqələrin strateji müstəviyə qaldırılmasına da xidmət edəcək. Mədəni əməkdaşlıq isə bu formatın ən mühüm sütunlarından biridir. Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu ortaq mədəniyyətin daşıyıcıları olmuş, eyni ədəbi, musiqi və mənəvi dəyərləri paylaşmışlar. Yeni əməkdaşlıq formatı çərçivəsində ortaq mədəni festivalların, təhsil proqramlarının, tələbə mübadilələrinin təşkili nəzərdə tutulur. Qarabağın bərpasında qardaş ölkələrin iştirakı isə mədəni həmrəyliyin canlı nümunəsidir. Füzuli və Xankəndidə həyata keçirilən layihələr yalnız sosial-iqtisadi deyil, həm də mədəni-simvolik əhəmiyyət daşıyır. Görüşdə səsləndirilən fikirlərdən aydın olur ki, üç ölkənin rəhbərləri gələcəkdə nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz, mədəniyyət və digər sahələr üzrə konkret layihələrin həyata keçirilməsini planlaşdırırlar. Bu layihələr regionun iqtisadi xəritəsini dəyişməklə yanaşı, Azərbaycan, Türkmənistan və Özbəkistan xalqlarını daha da yaxınlaşdıracaq.
Siyasi təhlildən görmək olar ki, bu üçtərəfli əməkdaşlıq formatı təkcə regional sabitliyin qorunmasına deyil, həm də beynəlxalq aləmdə Türk dünyasının nüfuzunun artmasına xidmət edir. İlham Əliyevin çıxışında vurğuladığı kimi, bu gün bölgədə yeni, perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı yaradılır. Bu, gələcək nəsillər üçün də sabitlik və tərəqqi təmin edəcək.
Beləliklə, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yaranan yeni üçtərəfli əməkdaşlıq formatı siyasi sabitlik, iqtisadi inkişaf və mədəni inteqrasiyanın strateji platformasıdır. Bu format yalnız bu üç ölkə üçün deyil, bütövlükdə region və Türk dünyası üçün yeni perspektivlər açır. Tarixi Zirvə görüşündə atılan addımlar, imzalanan sənədlər və verilən bəyanatlar sübut edir ki, bu əməkdaşlıq modeli gələcəyin uğurlu tərəfdaşlıq xəritəsini formalaşdıracaq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini