"Bu gün işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Azərbaycan qısa müddət ərzində bu ərazilərin bərpası istiqamətində mühüm addımlar atıb və proses sürətlə davam edir".Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, bu proses daha uzun zaman aparacaq: "Lakin həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün artıq görürük ki, bərpa işləri olduqca sürətli və sistemli şəkildə həyata keçirilir.Bu gün demək olar ki, bütün azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır. Xüsusilə Cəbrayıl, Xankəndi, Zəngilan, Kəlbəcər, Xocavənd və digər bölgələrdə bərpa və yenidənqurma işləri intensiv şəkildə davam edir.Artıq demək olar ki, elə bir ərazi yoxdur ki, orada tikinti və abadlıq işləri aparılmasın. Bu isə onu göstərir ki, ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqəti və güclü siyasi iradəsi mövcuddur.Bu gün dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Qarabağda genişmiqyaslı layihələr reallaşdırılır və bu proses ardıcıl şəkildə davam etdirilir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə Qarabağ tam bərpa olunacaq və həyat bu ərazilərdə öz axarına sürətlə qayıdacaq".
Müəllif: Günel Fərzəliyeva