Sentyabrın 25-də Suriya ilə İsrail arasında barışıq sənədi imzalanacaq
Dünyanın müxtəlif bölgələrində baş verən qanlı müharibələr, münaqişələr, vətəndaş qarşıdurmaları arasında ən amansızı Yaxın Şərqdə davam edən toqquşmalardır. Bu toqquşmaların özəlliyi və digərlərindən fərqi ondan ibrətdir ki, amansız müharibələrin kökü min illər öncələrə gedib çıxır. Tərəflər arasında baş verən toqquşmaların sayı yüzlərlədir. İlkin dövrdə yaşanan kiçik toqquşmalar müasir dövrdə genişmiqyaslı müharibələrlə əvəzlənib. Bu baxımdan Yaxın Şərq dünyanın ən narahat, təlatümlü, insan ölümlərinin adiləşdiyi bir məkana çevrilib. Düzdür, Osmanlı İmperiyasının bu ərazilər üzərində hökmranlıq etdikləri dövrdə sakitlik hökm sürüb. İnsanlar daha rahat, firavan ömür yaşayıblar. Ancaq ötən əsrin əvvəlində Böyük Britaniya krallığının işğal siyasətini genişləndirməsi bir sıra ərazilərlə yanaşı Yaxın Şərqində sakitliyini pozdu. Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra Britaniya Fələstin ərazilərini nəzarətə götürdü. Bundan sonra ərəblər arasında nifaq toxumu səpmək, onlara qarşı yeni qüvvə formalaşdırmaq üçün İngiltərə yəhudi dövlətinin yaradılması istiqamətində plan işləyib hazırladı. Bununla bağlı Böyük Britaniya “Balfour Bəyannaməsi”ni də qəbul etdi. Bəyannaməyə görə Böyük Britaniya yəhudi dövlətinin yaradılmasına razılıq verir və fələstinlilərlə yəhudilərin birgə yaşayışının təmin olunmasına zəmanəti öz öhdəsinə götürür. Bu Bəyannamə 1922-ci ildə Millətlər Liqası tərəfindən təsdiq olunur. Lakin bölgədə yeni güc mərkəzlərinin formalaşması Böyük Britaniyanın ərazi üzrə planlarının təxirə salınmasına gətirib çıxardı. 1930-cu illərdən başlayaraq dünyada yeni dağıdıcı gücə malik silahlar, hərbi texnikalar yaradılmağa başladı. İddialı və hikkəli imperialist dövlətlər yeni silahları ordularına cəlb etməklə hərbi güclərini artırdılar. O zaman mövcud olan dağıdıcı gücə malik silahların həcmi indiki hərbi silah-sursatdan bir neçə dəfə üstün idi. Təbii ki, sürətlə silahlanma, nəhayət, yeni toqquşmalara, müharibələrə gətirib çıxarmalı idi. Belə də oldu.
İkinci Dünya müharibəsindən sonra qazanan İsrail oldu
Nasist Almaniyası öz hərbi gücünə və qüdrətinə arxalanaraq dünyanın yenidən bölüşdürülməsi üçün hərəkətə keçdi. 13 mart 1938-ci il, Adolf Hitler təntənəli surətdə Vyanaya daxil olur və həmin gün axşam Avstriyanın Almaniyaya birləşməsi haqqında qanun elan olunur. 1938-ci sentyabrın 1-də Çexslovakiyaya aid Sudet bölgəsi, 1939-cu ilin 15 martında geriyə qalan ərazisi Almaniyanın tabeliyinə keçir. Almaniya 1 sentyabr, 1939-cu ildə Polşa üzərinə hücum etməklə İkinci Dünya müharibəsinin əsası qoyulur. Lakin faşist Almaniyası üçün İkinci Dünya müharibəsi fəlakətlə nəticələnir. Baxmayaraq ki, ilkin mərhələdə hərbi uğurlar əldə olunur, ancaq bu hərbi uğurları saxlamaq mümkün olmur. Nəticədə, zəifləyən nasistlər özləri ilə yanaşı milyonlarla insanın ölümünə səbəbkar olurlar. Müharibədən qalib çıxan SSRİ və ABŞ dünyanın yenidən bölünməsinə çalışırlar. Onlar buna nail olurlar. Yeni dövlətlər, yeni sistemlər yaranır. Bundan istifadə edən yəhudilər Böyük Britaniya “Balfour Bəyannaməsi”nin reallaşması üçün işə başladı. Bu dəfə onların himayədarı rolunda ABŞ çıxış edirdi.
1947-ci ildə mənzil qərargahı Nyu-Yorkda yerləşən BMT ABŞ-ın siyasi, iqtisadi təzyiqi və təsiri ilə Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə və Qüdsün (Yerusəlimin) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə dair 181 (III) saylı qətnamə qəbul etdi. Eyni zamanda onların sərhədləri müəyyən edildi. Bu qətnamə yəhudi liderlərini razı salsa da, ərəblər tərəfindən qəbul edilmədi. 1948-ci yəhudi liderləri İsrail dövlətinin yaradıldığını elan etdilər. Bundan sonra bölgədə vəziyyət daha da gərginləşdi. Qısa müddət ərzində İordaniya İordan çayının Qərb sahili kimi tanınan əraziləri, Misir isə Qəzzanı işğal etdi. Bundan sonra nisbi sakitlik yaransa da, ara-sıra yəhudilərlə ərəblər arasında kiçik həcmli toqquşmalar baş verirdi. Nəhayət, İsrailin ABŞ tərəfindən böyük həcmdə silah-sursatla, hərbi texnika ilə təchiz olunması yəhudi dövlətinin 1917-ci ildən hazırlanan planının həyata keçirilməsinə imkan yaratdı.
Altıgünlük müharibə ərəblər üçün acı nəticələr verdi
1967-ci il altıgünlük müharibə zamanı İsrail Şərqi Qüdsü və İordan çayının qərb sahilini, həmçinin Suriyanın Qolan təpələrinin çoxunu, Qəzzanı və Misirin Sinay yarımadasını işğal etdi. Fələstinlilərin İsrailə və onun işğalına qarşı iki üsyanı 1987 və 2000-ci illərdə baş verdi. Həmin müharibədən qaçan sadə fələstinli qaçqınların əksəriyyəti və onların nəsilləri Qəzzada və İordan çayının qərb sahilində, eləcə də İordaniya, Suriya və Livanda yaşayır. İsrail 1967-ci ildən 2005-ci ilə qədər işğal etdiyi Qəzzada qalıb. 2005-ci ildə İsrail BMT-nin cəmi bir qərarını qismən icra edərək ordusunu Qəzzadan geri çəkib. Bununla belə İsrail Qəzzaya nəzarətdən imtina etməyib. İsrail ordusi Qəzzanın hava məkanına, ortaq sərhədə və dəniz sahilərinə nəzarət edir. Altıngünlük müharibədən sonra da ərəblərlə yəhudilər arasında ara verməyən savaşlar baş verib.
1973-cü ildə Suriya və Misir altıgünlük müharibə zamanı itirilmiş əraziləri geri qaytarmaq üçün İsrailə hücum etdilər. Lakin hücum nəticəsiz qaldı. İsrail öz mövqelərini qoruyub saxlamağı, hətta bir qədər də möhkəmləndirməyi bacardı. Bundan sonra məsələyə BMT qarışdı. 1974-cü ildə BMT Baş Assambleyası “Fələstin xalqının öz müqəddəratını təyin etmək, milli müstəqillik və suverenlik kimi təməl hüquqlarını” bir daha təsdiqlədi. Bundan sonra Misir bir qədər sərt mövqeyindən və fəaliyyətindən imtina edərək İsraillə münasibətlər qurdu. 1979-cu ildə isə Misirlə İsrail arasında sülh müqaviləsi bağlandı. Sülh müqaviləsinin imzalanması ilə 1982-ci ildə İsrail işğal etdiyi Sinay yarımadasını Misirə qaytardı. 1982-ci ildə İsrail ordusu Fələstin Azadlıq Təşkilatının bazalarını məhv etmək niyyəti ilə Livana hücum etdi. Hücum nəticəsində Livanın bir hssəsi işğal olundu. Bu azmış kimi İsrailin dəstəklədiyi Livan Qüvvələri Qərbi Beyrutdakı Sabra və Şatila Fələstin qaçqın düşərgələrində qırğınlar həyata keçirdilər.
1982-ci il. “Hizbullah” silahlı qruplaşmanın yaradılması ilə bölgədə vəziyyət daha da ağırlaşdı. Silahlı dəstə hazırkı fars-mollar rejimi tərəfindən yaradıldığından təşkilatın maliyyə və hərbi silah-sursata olan ehtiyaclarını da əmmaməli mollalarla həyata keçirdilər. 1980-ci ildə FAT Fələstin dövlətini elan etdi. Təşkilat mübarizə vasitəsi kimi terrordan imtina etdiyini elan edərək, İsrailin 1967-ci ildə işğal etdiyi torpaqlardan çıxması şərti ilə Fələstinin ərəb və yəhudi hissələrinə bölünməsinə razılıq verdi. 1993-cü il də İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında ilk müqavilə bağlandı. İsrail İordan çayının qərb sahili və Qəzza zolağının idarə olunması üçün rəsmi Fələstin hökumətinin yaradılmasına razılıq verdi və yaradılmış Fələstin Muxtariyyətindən qoşunlarını çıxarmağa başladı. 1995-ci il. İsrailin baş naziri İshak Rabinin öldürülməsi ilə vəziyyət daha gərginləşdi və imzalanan müqavilələr kağız paçasına çevirildi. Cinayətkar, israilli ifrat sağçı fəal “İsrail xalqını Rabinin imzaladığı Oslo razılaşmasından müdafiə etdiyini” bildirdi. Tezliklə fələstinlilərlə danışıqlara tənqidi yanaşan Benyamin Netanyahu hakimiyyətə gəldi.
2004-cü ildə HƏMAS liderləri Yasini və onun müavini Əbdül-Əziz Rantisini öldürdü. Bu zərbənin Fələstin rəhbərliyində radikalların mövqelərini zəiflədəcəyi ehtimal edilirdi. Lakin əksinə oldu. HƏMAS yeni hücumları ilə İsrailə ciddi zərbələr vura bildi. HƏMAS hücumları ilə yanaşı İsrail ərazilərində bir sıra terror aktları törətdi ki, bu da siyasi hakimiyyətin mövqelərinin sarsılmasına gətirib çıxardı. 2006-cı iIdə İsrail ordusunun Hizbullah bölmələrini Livanın cənubundan çıxarmaq cəhdi oldu. Bir aylıq döyüşdən sonra barışıq əldə edildi. Hizbullah atəşi dayandırdı, 2007-ci il. HƏMAS Qəzza zolağında hakimiyyəti ələ keçirdi. Fələstin HƏMAS-ın nəzarətində olan Qəzza zolağına və FƏTH-in rəhbərlik etdiyi Qərb Sahilinə bölündü. HƏMAS İsraillə Oslo razılaşmalarını tanımaqdan imtina etdi. 2008-ci ildə İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı İsrailin cənubundakı atışmaların intensivliyini azaltmağa imkan verdi, lakin HƏMAS bölgədəki gücünü qoruyub saxlaya bildi. Donalt Trampın birinci prezidentlyi dövründə ABŞ Yerusəlimi İsrailin paytaxtı kimi tanıdı. Paralel olaraq ABŞ səfirliyi Təl-Əvivdən Yerusəlimə köçdü. ABŞ-dan sonra Qvatemala, Vanuatu və Avstraliya da Qüdsü İsrailin paytaxtı kimi tanıdılar. 2020-ci il. "Abraham razılaşmaları". İsrail və ərəb dövlətləri: BƏƏ, Bəhreyn və Mərakeş arasında münasibətlərin normallaşdırılmasına dair ABŞ-ın vasitəçiliyi ilə bir sıra sazişlər imzalandı. 2021-ci il. "Divarların Mühafizəsi" əməliyyatı. İsrail ordusu bunu kütləvi raket atəşinə cavab olaraq Qəzza zolağında həyata keçirdi.
Min illərdir davam edən jəhudi-ərəb qarşıdurmasının bir sənədin imzalanması ilə aradan qaldırılması inandırıcı deyil
2023-cü il 7 oktyabr hadisəsindən sonra isə İsrail yenidən Qəzzanı işğal edib. Belə ki, HƏMAS silahlı qruplaşmasının 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatdan sonra tərəflərarası yeni və amansız müharibə baş vermişdir ki, hələ də bu müharibə davam etməkdədir. O zaman HƏMAS-ın hücumu ilə İsraildən olan 1500-ə yaxın insan öldürüldü və girov götürüldü. Bu günə qədər də HƏMAS tərəfindən İsraildən olan qadınlar və uşaqlar Qəzzada girov kimi saxlanılır.
İsrail ordusunun cavab olaraq Qəzzaya həyata keçirdiyi çoxsaylı hava zərbələri nəticəsində Qəzza demək olar ki, tamamilə dağıdılıb. Bu günə qədər 50 mindən çox fələstinli öldürülüb. Bu azmış kimi İsrail hələ də sağ qalan fələstinliləri cəzalandırmaq üçün onları tam şəkildə blokadaya alıb. İnsanların qida, yanacaq və digər zəruri ehtiyacları təmin edilməsinə imkan vermir. 2024-cü ilin iyul ayında Beynəlxalq Ədalət Məhkəməsi Fələstin ərazilərinin bir siyasi vahid təşkil etdiyini və İsrailin İordan çayının qərb sahilini və Qəzza zolağın işğal etdiyinə dair qərar çıxarmışdır. Eyni zamanda Beynəlxalq Ədalət Məhkəməsi İsrailin siyasətinin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozduğunu müəyyən edib. Lakin İsrail siyasi dairələri dünya birliyinə qarşı çıxaraq beynəlxalq təşkilatların qərar və tövsiyyələrini rədd edir. Əksinə, Qəzzada işğal siyasətini genişləndirmək üçün hərbi planlar hazırlayır.
İsrail qonşu sərhədyanı dövlətlərə qarşı hərbi gücdən isitfadə etmək onları təhdid etməkdədir. Xüsusilə də Suriyanın şəhər və qəsəbələrini bombalayır, bəzi ərazilərinə isə ordu yeridir. Bu günlər İsrail ordusu Suriya ilə sərhəddəki Qolan təpələrindəki bufer zonada mövqelərini bir qədər də genişləndirib. Hətta İsrail ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib. Suriyanın Əş Şaara hökuməti İsrail ordusunun hərbi hərəkətlərini "təhlükəli eskalasiya" adlandırıb. Hakimiyyət İsrailin Hermon dağının ətəklərinə nəzarət etməsinin onun suverenliyinin pozulması olduğunu bəyan edib. Bir qədər əvvəl isə İsrail ordusu Suriyanın cənubunda yerləşən Sveyda şəhərinə hava hücumu həyata keçirmişdir. Hücumlar Sveydada druz və bədəvi silahlı qruplar arasında baş verən və azı 30 nəfərin ölümü ilə nəticələnən toqquşmalardan sonra baş verib. Hücumlardan sonra Suriya ordusu bölgədə təhlükəsizliyi təmin etmək, mülki əhalini və onların əmlakını qorumaq məqsədilə əraziyə qoşun yeritmişdi. İsrailin druzları qorumaq adı altında əraziyə ordu göndərmək istəyi Türkiyə tərəfindən sərt etirazla qarşılanıb. Türkiyə Xarici İşlər naziri Hakan Fidan Suriya məsələsinin Türkiyənin milli təhlükəsizliyi olduğunu bəyan edib. Hətta xarici nəşrlərin iddialarına görə, Suriyadakı Türkiyə ordusu İsrailin Suriyaya olan quru əməliyyatlarının qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib. Təbii ki, Türkiyənin meydana çıxması İsrailin süqutu və sıradan çıxarılması demək olar. Ona görə də, İsrailin yaxın dayağı ABŞ bunu yaxşı anladığından proseslərə müdaxilə etməli olub. Məhz bundan sonra İsrail tərəfi druzları qorumaq adı altında Sveyda ordu göndərmək fikrindən çəkinib. Eyni zamanda, İsrail tərəfi Türkiyənin gözlənilə biləcək həmləsinin qarşısını almaq üçün Suriya ilə anlaşmağa çalışır. Vasitəçiliyi ilə D.Tramp hakimiyyəti həyata keçirir. Məlumata görə, ABŞ-ın vasitəçiliyi və Körfəz ölkələrinin dəstəyi ilə sentyabrın 25-də Suriya ilə İsrail arasında sabitliyin təmin olunmasına dair sənəd imzalanacaq. Sənədin imzalanması BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində, ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tuta bilər. Məlumatı Suriya prezidenti Əhməd Əş-Şaara təsdiqləyib. Ancaq bildirib ki, sənədin imzalanması normallaşmadan yox, yalnız təhlükəsizliklə bağlı razılaşmaya nail olunmasına xidmət edəcək Əş Şaara dan gedir. Suriya və İsrail arasında sentyabrın 25-də imzalanması gözlənilən sənəddə əsasən Suriyanın Qolan təpələrinin müəyyən hissəsində delimitarizasiya zonası yaradılması əks olunub. Həmçinin həmin ərazilərdə raket və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinin qadağan edilməsi, Suriya ordusunun Türkiyənin iştirakı ilə bərpasına yol verilməməsi, Əs-Süveydə druz icması üçün humanitar dəhlizin açılması və digər müddəalar əks olunub. Sənədin imzalanması ilə Suriya ABŞ və Avropadan maliyyə yardımları əldə edəcək.
Bir sözlə, ümid edilən hal ondan ibarətdir ki, nəhayət, Yaxın Şərqdə sülh yaranacaq. Təbii ki, sülhün əldə edilməsi insan ölümlərinin aradan qalxması, şəhər və qəsəbələrin, kəndlərin dağıdılmasının qarşısının alınması deməkdir. Ən başlıcası isə insanlar sakit, rahat yaşamaq imkanı qazanacaqlar. Lakin arzu edilənlərə ümid azdır. Çünki min illərdir davam edən jəhudi-ərəb qarşıdurmasının bir sənədin imzalanması ilə aradan qaldırılması inandırıcı deyil.
İLHAM ƏLİYEV