PDF Oxu

Siyasət

  • 476

İnsanlığa düşmən kəsilən insanlar TƏHLİL

image

Tarximiz qaranlıq səhifələri ilə zəngindir. Çünki elə dövrlər olub ki, işğalçı ordular nəinki bir şəhəri, ümumilikdə onlarla kəndi, qəsəbəni və şəhəri yerlə yeksan edib, əhalisini isə zorakı vasitələrlə qətlə yetirib. Hazırda dünya xalqları günümüzə qədər gəlib çıxan bəşəri faciələrin az qismindən məlumatlı ola bilib. Əksər fəlakətlərdən, insan qırğınlarından isə heç bir məlumata malik deyillər. Çünki qan donduran bəşəri faciələrin böyük hissəsi ilə bağlı bu gün heç bir arxiv sənədləri yoxdur. Bu isə o deməkdir ki, vəhşilər törətdikləri insan ölümlərini ört-basdır etməyə müvəffəq olublar. Bununla yanaşı, bu gün bəzi kütləvi qətliamlara, qırğınlara dair məlumatlar kitabxanalarda saxlanılmaqdadır. Tarixi mənbələrə istinadən qeyd etmək olar ki, qədim dövrdə elə müharibələr olub ki, işğalçılar zəbt etdikləri şəhərlərin, kəndlərin hər bir canlısını qılıncdan keçiriblər. Yunan tarixçisi Fukidid eramızdan əvvəl V əsrdə Pelopennes müharibəsi zamanı afinalıların Melos adası sakinlərini son nəfərinədək məhv etdiyini yazıb. 947- ci il də bizim qədim yurdumuz olan Bərdə şəhərini işğal edən slablar 20 min insanı qətlə yetirmişlər. Yalnız Şirvanşahların müdaxiləsindən və slabların başçısının öldürlməsindən sonra Bərdədə normal həyatı bərpa etmək mümkün olmuşdur. Araşdırmalar təsdiq edir ki, 23 milyondan çox Amerika aborigenlərinin qətlə yetirilməsi bəşər tarixinin ən genişmiqyaslı soyqırımı hesab olunur. Avstraliya aborigenlərinin soyqırımı da həyata keçirilmişdir. Belə ki, 1788-ci ildən başlayaraq Avstraliyada Avropa müstəmləkəçiləri məskunlaşmağa başladılar. O zaman yerli aborigenlərin sayı təxminən 750 000 nəfər təşkil edirdi. Lakin 1911-ci ildə onların sayı cəmi 31 000 nəfər idi. Onların əksəriyyəti xəstəlikdən, deportasiyadan, qətliamdan və aclıqdan həlak oldu. 1226-cı il də Nişapuru işğal edən Cingiz xan şəhərin əhalisini tamamilə qılıncdan keçirib. Hətta Cingiz xan Nişapuru alan zaman əsgərlərinə əmr edir ki, şəhərdə insanlarla yanaşı uçan quşlar, yeriyən heyvanlar da məhv edilsin.

İnsan qatilləri qədim dövrlərdə can almaq əməllərini 20-ci əsrdə də davam etdirmişlər. Birinci Dünya müharibəsində 20 milyon, İkinci Dünya müharibəsində isə 70 milyona yaxın insan öldürülmüşdür. Nasist Almaniyası tərəfindən 6 milyon yəhudinin məhv edilməsini (Xolokost) tarixin ən dəhşətli soyqırımılarından hesab olunur. Yaponiya ordusu tərəfindən törədilmiş beynəlxalq cinayətlər bəşəri vəhşiliklər hesab olunur. Müharibə bitdikdən sonra müttəfiqlər tərəfindən hərbi cinayətlərin törədilməsində ittiham olunan təxminən 5000 yapon hərbçisi üzərində məhkəmə prosesləri keçirilmiş və onlann 4400 nəfəri məhkum edilmiş, 1000 nəfərinə isə ölüm cəzası kəsilmişdir. Almanlar tərəfindən Namibiyanın yerli xalqlarının məhv edilməsi nəticəsində 65 000 xerero (onların 80 faizi) və 10 000 nama (onların 50 faizi) həlak olmuşdur. 1985-ci ildə BMT Namibiya yerli xalqların məhv edilməsi cəhdini XX əsrin birinci soyqırımı aktı kimi qiymətləndirdi. 2004 ildə Almaniya hakimiyyəti Namibiyada soyqırımının törədilməsini etiraf etdi və rəsmi üzr istədi. 1975-1979 illərdə Pol Pot və İyenq Sari rejimi tərəfindən Kambocada 3 milyona qədər insanın məhv edilməsini, 1995 - ci ildə Srebrenisada Bosniya müsəlmanları Bosniya serbləri tərəfindən kütləvi qırğınını, Darfurda yerli əhalinin soyqırımı (BMT hesablamalarına əsasən, həlak olanların sayı 180 mindən artıqdır) və digər cinayətlər bəşəriyyətin amansız soyqırımıları hesab olunur.

1994-cü ildə Ruandadakı hutu hökuməti tutsiləri kütləvi qırğına məruz qoyub. Müxtəlif hesablamalara görə, iki ay ərzində təxminən 800.000-1.000.000 arası insan həlak olub, 250.000-500.000 qadın zorlanıb, ölənlərin 70%-ini tutsilər təşkil edib. Ruanda dövlət başçısı Pol Kaqame Fransa və Belçikanı soyqırımının siyasi hazırlıqlarını təşkil etməkdə günahlandırır.

2016-cı ilin sonlarında 300 nəfər silahlı rohanca sərhəd postlarına hücum edib 9 hərbçini öldürəndən sonra Myanma silahlı qüvvələri Rakhayn ştatında yaşayan rohancalara – müsəlman azlığa qarşı kütləvi qırğın əməliyyatlarına başlayıb. “Ontario” Beynəlxalq İnkişaf Agentliyinin (OIDA) məlumatına görə, həmin dövrdən etibarən Myanma ordusu tərəfindən 24.000 rohanca öldürülüb, 18.000 qadın əsgər və polislər tərəfindən zorlanıb, 116.000 nəfər fiziki zorakılığa məruz qalıb, 36.000 nəfər odda yandırılıb, 115.000 ev yandırılıb, 113.000 ev yağmalanıb. Uzunmüddətli və təkrarlanan repressiyalar nəticəsində Myanmada 2.4 milyon rohincadan yalnız 200.000 nəfəri sağ qala bilib.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər

Bəşər tarixinin ən amansız insan faciələri arasında ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər ön sıralarda durur. İki əsr ərzində iki milyona yaxın azərbaycanlı erməni terrorunun qurbanı olub. Ötən əsrin 88-ci illərindən başlayaraq ermənilər azərbaycanlıları öldürmək, torpaqlarını zəbt etmək üçün genişmiqyaslı terror aktları həyata keçirməyə başlamışdır. Erməni silahlı quldur dəstələri 1989-cu ildən başlayaraq mütəmadi olaraq Xocavənd rayonunun Qaradağlı kəndini ağır texnikalardan, qumbaraatanlardan, pulemyotlardan və digər odlu silahlardan atəş açaraq kənddə yaşayan əhalini mütəmadi olaraq qorxu və həyəcan içərisində saxlamış, evlər yandırılmış və kənddə yaşamaq mümkün olmadığına görə həmin dövrdən başlayaraq 1992-ci ilin fevral ayının 14-nə kimi 889 nəfər kənd sakini öz yaşadıqları evlərdən zorla deportasiya olunmuşdur. 11 fevral 1992-ci il tarixdə erməni silahlı dəstələri tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin top, raket, pulemyot, avtomat silahlardan və zirehli texnikalardan atəşə tutulması nəticəsində dinc sakinlərdən 10 nəfəri (6-sı Malıbəyli, 4-cü Quşçular) qətlə yetirilmiş, 5 nəfəri (2-si Malıbəyli, 3-ü Quşçular) kəndi tərk edə bilməyib xəbərsiz itkin düşmüş, 45 nəfəri (25 nəfəri Malıbəyli, 20 nəfəri Quşçular) yaşadıqları kəndlərdən çıxaraq piyada Ağdam rayonu Abdal-Gülablı istiqamətində gedərkən erməni silahlıları tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq ağır dərəcəli bədən xəsarətləri almış, 9 nəfər (3-ü Malıbəyli, 6-sı Quşçular) kənd sakini isə ermənilər tərəfindən girov götürülərək işgəncələrə məruz qaldıqdan sonra müxtəlif vaxtlarda azad olunmuş və onlara verilmiş işgəncələr nəticəsində almış olduqları xəsarətlərin təsirindən vəfat etmişdir. Erməni terrorçu hərbi birləşmələrinin işğal nəticəsində Malıbəyli kəndinin 2223 nəfər, Quşçular kəndinin isə 844 nəfər azərbaycanlılardan ibarət əhalisi deportasiyaya məruz qalmış, Quşçular və Malıbəyli kəndlərinə (o zaman mövcud olmuş məzənnə ilə) 35 mlrd 195 mln 478 min 249 manat ziyan dəymişdir.

14-17 fevral 1992-ci il tarixdə erməni silahlı quldurlarının Xocavənd rayonunun Qaradağlı kəndini silahlı basqın zamanı 104 nəfər girov götürülmüş, 67 nəfər Qaradağlı kənd sakini, o cümlədən, 9 nəfər azyaşlı uşaq, 10 nəfər qadın, 14 nəfər 60 yaşdan yuxarı kişilər, 34 nəfər gənclər öldürülmüş, 5 nəfər itkin düşmüş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, kəndi işğal edərkən 200-dən artıq fərdi yaşayış evləri, 1 mədəniyyət evi, 2 kitabxana binası, 1 məktəb binası, 1 xəstəxana binası, bir tarixi abidə, digər dövlət obyektləri, habelə 250 hektar meşə zolağı yandırılaraq, dövlətə və əhaliyə 60.666.000 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilər tərəfindən 613 nəfər azərbaycanlı, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.

Xocalı soyqırımı dünyanı sarsıtdı

Qəbul edilən qərarlara və yuxarıda qeyd olunan prinsiplərə əsasən, demək olar ki, ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi insan qətliamı soyqırımı aktları kateqoriyasına aiddir. Ermənilərin törətdiyi bu soyqırımı nəticəsində Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi tövsif etməyə imkan verir: 1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası. 2. Nörnberq Hərbi Tribunalmın Nizamnaməsi. 3. Beynəlxalq Cinayət Tribunalınm Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4). 4. Beynəlxalq Cinayət Tribunalınm Ruanda üzrə Nizamnaməsi (maddə 1). 5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6). 6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103). 7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı. Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir. Xocalı soyqırımı şahidlərinin ifadələrindən və aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır. Beynəlxalq qanlara əsasən Xocalıda qətliamlar törətmiş Sarkisyanın, Koçaryanın, Ohanyanın və digər vəhşilərin məhkəmə qarşısına çıxarılaraq cəzalandırılması ədalətin qismən də olsa bərpası demək olar. İngilis jurnalisti Tomas de Val “Qarabağ” kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: “Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq”.

Soyqırımı anlayışının hüquqi mənası

BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A saylı qətnamə ilə qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir ki, hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir: - belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; - hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; - belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; - uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Bu obyektiv soyqırımı cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Soyqırımı cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarır: - məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı; - belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması. Soyqırımı qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur; - niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırımı) ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. İlk dəfə olaraq, kütləvi insan qətliamlarının soyqırımı sayılması təklifini 1933-cü ildə yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin İspaniyada keçirilən cəza hüququnun eyniləşdirilməsinə dair V beynəlxalq konfransda irəli sürmüş və uzun müzakirələrdən sonra təklifini qəbul etdirə bilmişdir. Sonradan, yəni müharibənin Almaniyanın məğlubiyyəti ilə başa çatmasından sonra Nürnberq Beynəlxalq Hərbi Tribunalı nasistləri "insanlıq əleyhinə cinayətlərin" törədilməsi barədə qərar qəbul etdi. Qərarda "genosid" sözü ittihamnamə aktına daxil edildi. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Konvensiya 19 maddədən ibarətdir. İndiyədək dünyanın 153 ölkəsi bu Konvensiyanı ratifikasiya etmişdir.

Vəhşilər cəzasız qala bilməz

BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün "ad hoc" qaydasında ilk dəfə 23 fevral 1993-cü il tarixli 808 nömrəli və 25 may 1993-cü il tarixli 827 nömrəli qətnamələrinə əsasən "1991-ci ildən keçmiş Yuqoslaviya ərazisində törədilmiş beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yaratmışdır. Bu tribunalın əsasnaməsi də təsdiq olunmuşdur. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (KYBCT) birinci hökmü 29 noyabr 1996-cı ildə çıxarılmışdır. Ümumilikdə 144 məhkəmə prosesi keçirilmişdir (o cümlədən, 94-ü serblərə, 33-ü xorvatlara, 8-i Kosovo albanlarına, 7-si Bosniya müsəlmanlarına və 2-si makedoniyalılara qarşı). Həm də Haaqa Tribunalının ittihamları Bosniya serblərinin rəhbəri P.Miadiç və R.Karadiçə qarşı da irəli sürülmüşdür. İkinci Beynəlxalq Tribunal Ruanda üzrə yaradılmışdır. Bu məhkəmənin vəzifəsi 1994-cü ildə Ruandada və qonşu ölkələrdə soyqırımının bəşəriyyət əleyhinə cinayətin araşdırılması idi.

Azərbaycan 44 günlük Vətən Müharibəsi və daha sonra 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyat tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Hər yerdə quruculuq, bərpa tikinti işləri həyata keçirilir. Lakin ərazilərin hər qarışında ermənilərin törətdikləri vəhşiliklərinin, soyqırımı aktlarının izləri görünür. Ən ürəkdağlayan hal isə birinci Qarabağ müharibəsi zamanı erməni terrorçuları tərəfindən vəhşicəsinə öldürülüb, quyularda basdırılan azərbaycanlı əsgərlərinin, mülki insanların kütləvi məzarlıqlarının aşkar edilməsidir. Xocavənd rayonunun Edilli kəndində tapıldı. Məzarlıqda 12 nəfərin qalıqları var. İndiyə qədər Edilli kəndində 3 kütləvi məzarlıq sahəsi aşkar olunub. Birinci və ikinci sahədə ümumən 6, üçüncü sahədə isə 12 meyit aşkarlanıb. Bəzi əlamətlər bu skeletlərin hərbçilərə aidliyindən xəbər verir. Üzərlərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Onların yanında 2 ədəd bıçaq, siqaret kötükləri, gilizlər də aşkara çıxarılıb. İlkin baxış insan qalıqlarının Azərbaycan hərbçilərinə aid olduğundan, əsirlikdə işgəncə ilə öldürüldüklərindən xəbər verir.

Bütün bunlar onu təsdiq edir ki, dünyada terrorçu təşkilatlar arasında ən vəhşisi və amansızı erməni toplumunun yaratdığı təşkilatlardır. Hansı ki, bu terror təşkilatları vasitəsi ilə azərbaycanlılar hədəf seçilib öldürülüb, evləri yandırılıb, yurdu-yuvası viran edilib. Təbii ki, bu cür vəhşiliklərə dünya birliyi etinasız qalmamalıdır. Təcili beynəlxalq tribunal təşkil etməli və koçaryanlar, sarkisyanlar, ohanyanlar həbs olunaraq dünya birliyi önündə layiqli cəzalarını almalıdır.

İLHAM ƏLİYEV

Digər xəbərlər