PDF Oxu

Siyasət

  • 401

Abidələrdə yaşanan sənətkar ömrü

image

Dövlət başçısının Sərəncamına əsasən, Memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq

Qədim tarixi dövrü əhatə edən Azərbaycan mədəniyyət və incəsənəti dünya musiqi inciləri sırasında öz layiqli qiymətini almış, hər zaman böyük maraq hissi ilə qarşılanmışdır. Mədəniyyət və incəsənətimizin nailiyyətləri bu sənəti yaşadan və təbliğ edən böyük korifey sənətkarların əməyi, fitri istedadı nəticəsində əldə olunmuşdur. Sənət tariximizə diqqət yetirdikdə, görürük ki, bu yoldan keçən və həyatını sırf milli mədəniyyət və incəsənətin inkişafına həsr edən kifayət qədər sənətkarlar vardır. Onların yaradıcılıq nümunəsi zaman-zaman yaşanaraq bu günə qədər gəlib çatmış, müasir dövrümüzdə də layiqli bir şəkildə təqdim olunur.

Klassik ənənələri yaşadan və onu inkişaf etdirən sənətkarlar dövlət tərəfindən qiymətləndirilərək, əməyinə böyük qiymət verilir, onların yubiley tədbirləri dövlət səviyyəsində qeyd olunur. Bu baxımdan, ölkə Prezidenti İlham Əliyev ardıcıl olaraq Azərbaycan mədəniyyətinin və sənətinin inkişafı ilə bağlı imzaladığı sərəncamlar diqqət mərkəzindədir. Sənət xadimlərinin mükafatlandırılması, orden və medallarla təltif olunması, mədəniyyət ocaqlarının müasir standartlara uyğun olaraq bərpa olunması, muzey, kitabxana işinin təkmilləşdirilməsi, eləcə də, kino sənətinin inkişafı ilə bağlı verilən sərəncamlar, məhz Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi yönümündə atılan addımlardır. "Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı böyük sənətkara dövlət tərəfindən göstərilən diqqətin bir təzahürüdür. Sərəncama əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaqdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edəcək.

MEMARLIQ İNCİLƏRİNİN MÜƏLLİFİ

Bildiyimiz kimi, XI və XII əsrlər-Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları. Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Mənbələrdə göstərilir ki, tanınmış sənətşünaslardan Ə.V.Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrar olunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır."

Əcəmi öz ömrünü İraq Sultanlığında-Azərbaycan Atabəylər dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi. Atabəylər dövləti böyük atabəy Şəmsəddin Eldənizin dövründə yaranmış, onun oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə çiçəklənmişdi.

Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsərinin-İl-Dənizin xanımı Mömünə Xatun türbəsi üzərində belə yazmışdı:"Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik-bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə." Müsəlman şərqində yalnız bir neçə memarlıq ansamblı məşhurdur. Bunların içərisində Səmərqəndin, İsfahanın memarlıq ansambllarını, eləcə də Tac-Mahalı göstərmək olar. Güman ki, həmin ansamblların yaranmasından çox-çox qabaqlar dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda orta əsrlərin dahi memarı Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəmlikdə bunlardan heç də geri qalmayan arxitektura kompleksi tikilmişdir. Nəhəng bir ərazidə İl-Dənizlərin Sarayı, Cümə məscidi, Xatirə abidələri, çox güman ki, mədrəsə, karvansara və digər hökumət tikililəri qurulmuşdu.

MÖMÜNƏ XATUN TÜRBƏSİ

Yazılı mənbələr göstərir ki, Əcəmi dövrundə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəm arxitektura kompleksi ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansara və digər hökumət tikililəri də inşa edilmişdir. Həmin tikililərdən dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da, Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir.

Azərbaycanda daha gözəl və daha möhtəşəm bir məqbərə isə Mömünə Xatunun şərəfinə salınmış və xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Əcəminin xatırladığımız tikililərinin ümumi kompleksinə nəhəng bir Cümə məscidi də daxildir. Bu məscidin təsviri fransız səyyahları Tavernye və Delafruanın qeydlərindəki şəkillərdə verilmişdir. XIX əsrin ortalarında V. Engelqart "Qafqaz" qəzetində bu məscid haqda yazırdı: "Bu-yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri his-səsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir."

Maraqlıdır ki, zaman keçdikcə Əcəminin ustalıqı ilə bərabər, cəmiyyətdə tutduqu mövqe də artır. Bunu məlum abidələrdə onun adının yazılış forması da aydın köstərir. Yusif ibn Küseyrin məqbərəsində bu yazı o qədər namünasib şəkildədir ki, ilk tədqiqatçılar hətta bunu körə də bilməmişlər. Üstündən 20 il keçdikdən sonra Möminə xatun məqbərəsində isə həmin yazı girişin üzərində və diqqəti cəlb edən bir tərzdə həkk olunmuşdur. Növbəti yazı isə monumental piştağın üzərindədir.

Memar Əcəminin yaradıcılığı əsrlərboyu Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış böyük türk memarı Sinanın əsərlərində də dahi ustadın təsiri hiss olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər