Tarixin elə məqamları var ki, təkcə hadisələrin xronoloji ardıcıllığını yox, həm də bir xalqın ruhunu, düşüncə tərzini və taleyə münasibətini ifadə edir. 1993-cü ilin 3 oktyabrında baş vermiş prezident seçkiləri, məhz belə anlardan biri idi. Müharibə kölgəsində, daxili parçalanmaların astanasında, dövlətin iflic vəziyyətə düşdüyü bir zamanda Azərbaycan xalqı seçim qarşısında dayanmışdı: ya dağılmaq təhlükəsinə təslim olmaq, ya da siyasi iradə və idarəetmə bacarığı ilə tanınan bir liderə üz tutmaq. Bu günə qədər tarixi-siyasi diskursda geniş təhlil olunan həmin seçkilər, yalnız hakimiyyət dəyişikliyi deyil, həm də ümummilli dirçəlişin başlanğıcı kimi yadda qaldı.
Əsası hələ 1993-cü ilin yayına təsadüf edən proseslərin nəticəsi olaraq 3 oktyabrda keçirilmiş prezident seçkiləri, Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu seçki təkcə formal siyasi prosedur deyildi — xalqın ümumi siyasi oriyentasiyasını, həm də cəmiyyətin hansı qüvvəyə etibar etdiyini nümayiş etdirən mühüm ictimai akt idi. Həmin dövrdə ölkədə mövcud olan qeyri-sabitlik, institusional zəiflik və hakimiyyət böhranı fonunda baş tutmuş bu seçkilər, faktiki olaraq siyasi legitimliyin yenidən qurulması cəhdi idi. Ümummilli Lider Heydər Əliyevin prezidentliyə seçilməsi, yalnız şəxsi qayıdışın deyil, həm də dövlətin idarəolunma qabiliyyətinin bərpasının simvolu oldu.
Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra real olaraq dövlət idarəçiliyi baxımından ciddi sınaqlarla üz-üzə qaldı. Mərkəzi hakimiyyətin zəifliyi, ayrı-ayrı silahlı qruplaşmaların və regional elitaların təsir imkanlarının genişlənməsi, siyasi qeyri-müəyyənlik müstəqil dövlətin funksional struktur kimi formalaşmasına əngəl yaradırdı. Bütün bu çətinliklər fonunda, cəmiyyətin əsas gözləntisi sabitliyin təmin edilməsi idi. Seçicilər artıq ideoloji yönümlü, emosionallığa əsaslanan çağırışlardan çox, praktik çıxış yolları axtarırdı. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin lider kimi qəbul olunması, siyasi keçmişi və idarəetmə təcrübəsi ilə birbaşa əlaqəli idi. O, sistemli düşüncə və güclü mərkəzi idarəetmə modelini təmsil edirdi ki, bu da həmin vaxt xalq üçün arzuolunan çıxış yolu kimi görünürdü.
Əldə olunmuş seçki nəticələri — 98 faizdən çox səslə qələbə — təkcə siyasi dəstək göstəricisi deyil, həm də seçki sosiologiyası baxımından maraqlı təhlil mövzusudur. Bu nəticə, bəzilərinin baxışında qeyri-demokratik tendensiyalarla assosiasiya oluna bilər. Lakin həmin dövrün spesifikası, ictimai təhdidlərin miqyası və xalqın əsas istəkləri kontekstində, nəticələr fərqli şəkildə izah oluna bilər. Cəmiyyətin böyük qismi qeyri-müəyyənlikdən və dağılmaq təhlükəsindən çıxış üçün, “güclü əl”ə ehtiyac duyurdu. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin simasında xalq, yalnız lideri deyil, həm də sabitlik və idarəedilənlik simvolunu seçdi.
Siyasi nəzəriyyələrə əsasən, keçid dövrlərində yeni dövlətlərdə legitimliyin və idarəetmənin bərpası, adətən bir neçə model üzərindən mümkün olur: demokratik transformasiya, avtoritar stabillik və ya xaotik çöküş. Azərbaycan bu dövrdə ikinci modelə uyğunlaşmaq yolunu seçdi. Bu yanaşma, liberal-demokratik baxımdan tənqid oluna bilsə də, funksional dövlət quruculuğu baxımından öz nəticəsini verdi. Ümummilli Lider Heydər Əliyevin prezident kimi fəaliyyəti, təkcə daxili sabitliyi bərpa etməklə deyil, eyni zamanda beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyini gücləndirməklə yadda qaldı.
Seçkinin nəticələri həmçinin siyasi mədəniyyətin formalaşmasına təsir etdi. Hakimiyyətə etimad, liderə bağlılıq və siyasi təşkilatlanmanın vertikal modeli bu dövrdə bərqərar oldu. Müxalif düşüncə məkanının daralması və siyasi plüralizmin zəifləməsi isə bu modelin mənfi nəticələri kimi qeyd edilə bilər. Lakin müasir Azərbaycan tarixinin həmin konkret mərhələsində təhlükəsizlik və bütövlük prioritetləri, demokratiya ilə bağlı nəzəri mülahizələrdən daha güclü sosial tələb kimi ortaya çıxmışdı.
Bugün, illər öncə təməli qoyulan həmin siyasi iradənin və strateji baxışın nəticəsi olaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib. Müstəqil dövlətçilik ideyasını praktikaya çevirən Ümummilli Lider Heydər Əliyev məktəbinin siyasi varisi Prezident İlham Əliyev bu kursu müasir çağırışlara uyğun şəkildə inkişaf etdirərək, Azərbaycanın həm suverenlik, həm iqtisadi güc, həm də beynəlxalq nüfuz baxımından yeni mərhələyə yüksəlməsini təmin edib. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, dövlət idarəçiliyində ardıcıllığın və milli birliyin real gücə çevrilmiş formasıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız sabitlik içində inkişaf etmir o, həm də regionun geosiyasi nizamını müəyyənləşdirən, sülh və əməkdaşlıq gündəmini formalaşdıran mühüm aktora çevrilib. Beləliklə, 1993-cü il 3 oktyabr seçkiləri ilə başlanan yol, bu gün müasir, güclü və qalib Azərbaycanın reallığına çevrilmişdir. Bu yol tarixi bir seçimin, milli iradənin və siyasi uzaqgörənliyin təntənəsidir.
Leyla Hüseynova
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini