PDF Oxu

Siyasət

  • 529

İlham Əliyevin BMT-də Tarixi Çıxışı: Azərbaycanın yeni geosiyasi kimliyi

image

25 sentyabr 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış yalnız bir dövlətin uğurlarının xronikası deyil, həm də beynəlxalq hüquq, sülh və ədalət prinsiplərinə əsaslanan yeni regional və qlobal düzənin kontur xəritəsi oldu. Prezident Əliyev çıxışının başlanğıcında Ermənistanın 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə və Azərbaycan torpaqlarının təxminən 20 faizinin hərbi işğalda saxlanılmasına diqqət çəkdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 30 il ərzində icra olunmaması, beynəlxalq hüququn selektiv tətbiqinin təzahürü kimi təqdim edildi. Prezidentin sözləri ilə desək, bu qətnamələrin icra olunmaması Ermənistana cəzasızlıq imkanı verdi, ancaq bu, Azərbaycanı öz hüquqlarını müdafiə etməkdən çəkindirmədi. 2020-ci ildə Azərbaycan beynəlxalq hüququn verdiyi hüquqa əsaslanaraq 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa etdi. Müharibənin gedişində Azərbaycanın hərbi əməliyyatları beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə apardığını vurğulayan Prezident, bununla ölkəsinin beynəlxalq hüquqa bağlılığını bir daha nümayiş etdirdiyini bildirdi. Qələbədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beynəlxalq hüquqa əsaslanan beş prinsip təklif etdi. Bu prinsiplər ətrafında 2022-ci ildən başlayan danışıqlar 2025-ci ilin avqustunda Vaşinqtonda mühüm diplomatik uğurla nəticələndi. ABŞ Prezidenti Donald Trampın moderatorluğu ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin mətnini parafladılar. Bununla da regionda uzunmüddətli sabitliyə aparan yolun əsasları qoyuldu. Azərbaycanın təşəbbüsü və ABŞ-ın dəstəyi ilə yaradılan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) regional iqtisadi və siyasi əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Zəngəzur dəhlizi üzərindən keçən bu bağlantı xətləri təkcə nəqliyyat layihəsi deyil, həm də Cənubi Qafqazda sülhün rəmzi kimi qiymətləndirilir. İlham Əliyevin çıxışında Azərbaycan Prezidentinin iqlim məsələlərinə verdiyi diqqət də geniş yer aldı. COP29-a ev sahibliyi edən Azərbaycan, inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edərək iqlim maliyyələşməsi üçün “Bakı Maliyyə Hədəfi” kimi tanınan tarixi bir öhdəlik qəbul etdi. Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) vasitəsilə 2035-ci ilə qədər illik 300 milyard ABŞ dolları həcmində iqlim maliyyələşməsi nəzərdə tutulur. Azərbaycan bu təşəbbüslə iqlim dəyişmələrinə qarşı qlobal həmrəyliyi gücləndirməyə və ədalətli yaşıl keçid prosesinə rəhbərlik etməyə hazır olduğunu nümayiş etdirdi. Hazırda 14 ölkəyə təbii qaz ixrac edən Azərbaycan, enerji təhlükəsizliyi sahəsində qlobal tərəfdaş kimi çıxış edir. Bu ilin avqust ayından başlayaraq Azərbaycanın Türkiyə vasitəsilə Suriyaya təbii qaz ixrac etməsi regional enerji diplomatiyasının güclənməsinə səbəb olub. Eyni zamanda, ölkə günəş, külək və hidroenerji sahəsində strateji sərmayələrlə 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bərpaolunan mənbələrdən təmin etməyi qarşısına məqsəd qoyub. Prezident Əliyev işğaldan azad edilən ərazilərdə həyata keçirilən yenidənqurma və “Böyük Qayıdış” Proqramı haqqında ətraflı məlumat verdi. Artıq 50 mindən çox insan doğma torpaqlarına qayıdıb. Ermənistanın məqsədli şəkildə dağıtdığı 65 məscidin və yüzlərlə kəndin bərpası Azərbaycan dövlətinin mədəni və tarixi ədaləti bərpa etmək əzmini göstərir. Lakin mina təhlükəsi bu prosesə ciddi maneə törədir. 2020-ci ildən bu günə qədər 400-dən çox insan mina partlayışları nəticəsində həlak olub və ya yaralanıb. Prezident bu problemi beynəlxalq humanitar çağırış kimi təqdim etdi. Prezident İlham Əliyev çıxışında Xəzər dənizinin su səviyyəsinin azalması məsələsini də qaldırdı. Əsas səbəbin iqlim dəyişikliyi yox, insan fəaliyyəti olduğunu deyən Prezident, Xəzəryanı dövlətləri və beynəlxalq təşkilatları bu problemi birgə həll etməyə çağırdı. Azərbaycanın qlobal humanitar yardım səyləri, o cümlədən COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə yardım göndərməsi, ölkənin beynəlxalq humanitar məsuliyyətini daşımaqda davam etdiyini göstərdi. Prezident bildirib ki, Azərbaycan müharibəni uddu, sülhü təmin etdi və bərpa prosesinə start verdi bu, təkcə Azərbaycanın yox, beynəlxalq hüququn qələbəsidir. Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın keçdiyi tarixi yola nəzər salmaq deyildi. Bu çıxış, həm də beynəlxalq hüququn selektiv şəkildə tətbiq edilməsinə qarşı çağırış, sülhə yönəlik real diplomatik model və qlobal əməkdaşlığa açıq milli strategiyanın təqdimatı idi. Azərbaycan bu gün özünü sadəcə regional güc deyil, eyni zamanda qlobal əməkdaşlıq və ədalət naminə məsuliyyət daşıyan aktor kimi təqdim edir. İlham Əliyevin BMT tribunasından verdiyi mesajlar, bu iddianın siyasi və hüquqi əsaslarını ortaya qoydu.

Kəmalə Həsənova

YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT -nin sədr müavini

Laçın rayon 32 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Digər xəbərlər