Türkdilli dövlətlərin birliyinin dünyaya təqdimatında öz sözünü deyən Azərbaycan Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımları ilə diqqətdədir. Oktyabrın 7-də Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü bu reallıqlara bir daha diqqəti yönəltdi. Zirvə görüşündəki çıxışlarda, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə bu kimi addımların ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi qeyd olundu. İkitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı daxilində əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edildi, əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.
Bu çağırış da səsləndirildi ki, Türk Dövlətləri Təşkilatının təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Azərbaycanın tarixi Zəfəri türk dünyasının həmrəyliyinin artmasında stimulverici amil oldu. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlərin hər biri Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.
Zirvə Görüşündə müzakirələrin mühüm istiqamətlərindən biri məhz enerji və logistika sahələri oldu. Prezident İlham Əliyev qeyd etdi ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Zirvə Görüşündə bərpaolunan enerji məsələsinə xüsusi diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik. TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri