Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasını İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnarə Akimovanın universitetin tələbələri ilə görüşü baş tutub.
Giriş nitqi ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ulu Öndər Heydər Əliyevin adının Azərbaycan dövlətçiliyinin rəmzinə çevrildiyini xüsusi vurğulayıb. O qeyd edib ki, tarix boyu xalqının taleyinə məsuliyyətlə yanaşan, milli maraqları hər şeydən üstün tutan, uzaqgörən siyasətçi və müdrik dövlət xadimi kimi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının qürur mənbəyidir. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, dərin intellektə, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi və sosial-mədəni əsaslarını yaradan, ölkəmizi dünya miqyasında tanıdan, onun inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi həmin strateji xətti uğurla davam etdirir, təhsil və elm sahəsinə göstərilən diqqət sayəsində Azərbaycan yeni intellektual inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndər Heydər Əliyev ideyalarının, xüsusilə gənclərin savadlı, vətənpərvər və milli ruhda yetişməsi istiqamətində irəli sürdüyü prinsiplərin bu gün reallığa çevrilməsi onun dövlətçilik irsinin əbədiyaşarlığının bariz göstəricisidir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək qeyd edib ki, dünyada hər bir ölkənin tərəqqisi sübut edir ki, bu uğurlar xalqın içərisindən çıxan tarixi şəxsiyyətlərin uzaqgörən siyasətinin gərgin əməyinin bəhrəsidir. Çünki tarixi şəxsiyyətlər yaradır. Bu mənada xalqımızın yetirdiyi böyük siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyev dünyaşöhrətli görkəmli şəxsiyyət olmaqla ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə hərtərəfli inkişafa nail olub. Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir. Müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmiş qüdrətli şəxsiyyətdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərdir ki, bunun sayəsində ölkəmiz tam olaraq öz ərazi bütövlüyünü təmin edib, regionda yeni reallıqlar yaradıb.
Daha sonra məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyasını İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnarə Akimova bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ulu Öndərin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Vurğulanıb ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında dəmir yumruq kimi birləşib.
Çıxışlardan sonra gənc tələbələrin sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.