Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsidir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz mövcud münasibətlərin əsasını təşkil edir. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha güclənib və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Yeni bir dövrə qədəm qoyan Azərbaycan beynəlxalq təşkilatlarla, eləcə də, Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlığa malikdir. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.
Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəyliyin nümayişi TDT-nin güc birliyinin təzahürüdür. Müasir dövrümüzdə TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir.
"BU GÜNƏ QƏDƏR QARDAŞ ÖLKƏLƏRİN İQTİSADİYYATINA 20 MİLYARD ABŞ DOLLARINDAN ÇOX VƏSAİT QOYULUB"
Qeyd edək ki, TDT-yə üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kv km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir. Ümumi Daxili Məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Müşahidəçi ölkələrin (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) ərazisi 581 min 129 kv km, əhalisinin sayı 15 milyon 802 min nəfər, ümumi daxili məhsulun həcmi 208 milyard 771 milyon dollardır. Bu o deməkdir ki, TDT 250 milyon nəfərin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. "TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir", - deyə Prezident çıxışında bildirib.
Bu günlərdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının Qəbələdə biraraya gəlməsi əməkdaşlığın göstəricisidir. Milli köklərimizlə, ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin ən yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq.
Azərbaycan Prezidentinin vurğuladığı kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı gələn il birinci Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edib.
BÖYÜK TÜRK DÜNYASININ ZƏFƏRİ
TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu.
Azərbaycanın qətiyyəti, cəsarəti və haqlı mübarizəsi ilə qazandığı bu Qələbə yalnız ərazilərinin işğaldan azad edilməsi deyil, ədalətin və milli qətiyyətin zəfəridir. Bu, böyük Türk dünyasının ortaq zəfəri kimi dəyərləndirilir. Qarabağ Zəfəri bir daha göstərdi ki, Türk dünyası birlikdə olanda hər çətinliyin öhdəsindən gəlmək mümkündür. Həmrəy şəkildə fəaliyyət göstərən türk dövlətləri yalnız öz təhlükəsizliyini deyil, regionda sülhün, sabitliyin və rifahın ən güclü təminatçısıdır. Türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.
Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir məkana çevirir. Tamamilə yeni bir dövr yaşanılır və bu torpaqların əzəli sakinlərinin işğaldan azad edilmiş torpaqlara mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Bildiyimiz kimi, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq".
“QARABAĞIN VƏ ŞƏRQİ ZƏNGƏZURUN BƏRPASINA DƏSTƏK ÜÇÜN QARDAŞ ÖLKƏLƏRƏ BİR DAHA TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM"
Bildiyimiz kimi, oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək. Qəbələdə keçirilən Zirvə Görüşü türk dövlətlərinin dəyərlərinin, güclü birliyinin təntənəsidir. Bu gün ortaq tarix və mənəvi bağlar üzərində qurulan Türk dövlətlərinin əməkdaşlığı strateji tərəfdaşlığa və ortaq uğurlu gələcəyə çevrilib. Bu birliy və qarşılıqlı etimad gələcəkdə də regionda sülhün, sabitliyin və rifahın təminatçısı olacaq,
Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə TDT-yə üzv və müşahidəçi ölkələr də öz töhfələrini verir. Belə ki, Türkmənistan tərəfindən Füzulidə məscidin tikintisi ilə yanaşı, bu rayonda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir.
Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Dövlət başçımızın çıxışlarının birində vurğuladığı kimi, "Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün bir daha qardaş ölkələrə təşəkkür edib. Bu barədə dövlət başçısı “X” sosial şəbəkəsində paylaşım edib. Paylaşımda deyilir: “Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq".
Zümrüd BAYRAMOVA