Türk geosiyasətinin mərkəzinə çevrilən Azərbaycan bu gün iqtisadi və nəqliyyat layihələrindən tutmuş, kollektiv təhlükəsizlik təşəbbüslərinə qədər əməkdaşlığın yeni modelini formalaşdırır. Azərbaycanın xarici siyasəti türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsini prioritetləşdirir. Prezident İlham Əliyevin Zirvə görüşlərindəki çıxışları və təşəbbüsləri TDT-ni yalnız mədəni yox, həm də ciddi geosiyasi mərkəzə çevirməyə hədəfləyir.
Qəbələdə keçirilən XII Zirvə Görüşündə sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi də ölkənin bu təşkilatdakı liderlik mövqeyinin rəsmi təsdiqidir. Əsası 2009-cu ildə imzalanan Naxçıvan sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı Türk Dünyası ölkələri arasında əməkdaşlığı dərinləşdirmək məqsədilə qarşısında dayanan vəzifələri reallaşdırmaq istiqamətində uğurlu inkişaf yolu keçib. Azərbaycan həmişə Türk Dünyası ölkələri arasında siyasi, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əsas aktoru və hərəkətverici qüvvəsi kimi çıxış edib. Qəbələ Zirvəsi isə bu sənədin ruhuna uyğun olaraq vahid təhlükəsizlik məkanının möhkəmləndirilməsi yolunda mühüm mərhələ oldu. Cənab Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğuladı: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir.” Sammitin məhz Azərbaycanda keçirilməsi dərin rəmzi məna daşıyır: ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmiz regionda mövqeyini gücləndirib və türk dünyasının inteqrasiyasının katalizatoruna çevrilib.
Azərbaycanın təşəbbüsləri göstərir ki, iqtisadi və nəqliyyat yaxınlaşması kollektiv təhlükəsizliklə paralel aparılmalıdır. Artıq TDT yalnız mədəni platforma deyil, sülhün, dayanıqlı inkişafın və ortaq məsuliyyətin güclü beynəlxalq tribunasına çevrilib. Qəbələdə keçirilən XII sammit Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni mərhələ açdı – məsləhətləşmə formatından ümumi tarix, dil və geosiyasi maraqlarla birləşən ölkələri əhatə edən tamhüquqlu beynəlxalq struktura çevrildi. İlkin mərhələdə mədəni və iqtisadi əməkdaşlıq meydanı kimi formalaşan TDT bu gün Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada siyasi mənzərənin və iqtisadi yüksəlişin mühüm mexanizminə çevrilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də müşahidəçi ölkələr – Türkmənistan, Macarıstan və Şimali Kipr qarşılıqlı potensialların tamamlanmasına, vahid inkişaf baxışına əsaslanan yeni əməkdaşlıq arxitekturası yaradır.
Rəsmi Bakı türk dünyasının bir parçası kimi TDT-ni sadəcə əməkdaşlıq platforması kimi deyil, həm də geosiyasi mərkəz kimi görür və bu istiqamətdə səylərin birləşdirilməsinin tərəfdarıdır. Təşkilata üzv ölkələr əhəmiyyətli geostrateji mövqe başda olmaqla, müsbət demoqrafiya, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar kimi vacib potensialı düzgün dəyərləndirməklə qarşıda duran hədəfləri reallaşdırmağa nail olur. Azərbaycan Prezidentinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair təklifi bu baxımdan təsadüfi sayılmamalıdır. 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi də bu istiqamətdə yeni addımdır. Belə ki, 30 ilə yaxın işğaldan əziyyət çəkən və beynəlxalq hüququ, ədaləti öz gücü hesabına təmin edən ölkənin rəhbəri kimi Azərbaycan Prezidenti hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu bir daha xatırlatdı. Birgə hərbi təlimlər, hərbi sahədə işbirliyinin möhkəmlənməsi həm də qlobal güclərin böyük maraq göstərdiyi Orta Dəhlizin təhlükəsizliyinin qorunması baxımından vacibdir. Bu təşəbbüs, əslində, bölgənin müdafiə gücünün birləşdirilməsini və gələcəkdə mümkün təhdidlərə qarşı kollektiv təhlükəsizlik modelinin formalaşdırılmasını nəzərdə tutur.
Hər bir tədbirdə Prezident İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Zirvə görüşü bu baxımdan da diqqətdə oldu. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, qardaş ölkələr Qarabağın və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan məktəbin, eləcə də Füzuli məscidinin tikilməsi türk həmrəyliyinin parlaq nümunələridir. Bu layihələr təkcə tikinti deyil, mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzidir. Türk dövlətlərini birləşdirən mənəvi dəyərlər həm də xalqların gələcək inkişafına ideoloji istiqamət verir. Azərbaycan bu mənəvi inteqrasiyanın mərkəzində dayanaraq, həm tarixi ənənələri qoruyur, həm də müasir dövrün çağırışlarına cavab verən mədəni platformalar yaradır.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri